525.Az

Şəxsiyyət əlifbası - Əlisəfdər Hüseynov yazır


 

Şəxsiyyət əlifbası - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

HEYDƏR ƏLİYEVİN BİR JESTİ HAQQINDA

 

Ötən əsrin 70-ci illərinin əvvəllərində televiziyanın "Xəbərlər" proqramında gördüyüm bir süjeti son vaxtlar nəyə görəsə tez-tez xatırlayıram.

Hansısa xarici bir ölkənin yüksək səviyyəli rəsmisi Sovetlər Birliyinə səfəri çərçivəsində Bakıya gəlmişdi və təbii ki, Azərbaycanın o vaxtkı rəhbəri Heydər Əliyevin qəbulunda olmuşdu. Həmin qəbuldan hazırlanmış süjeti mənim yaddaşımın belə fəal obrazına çevirən detal isə bu idi ki, qəbul və söhbət vaxtı H.Əliyevin və qonağın qarşısına mineral su şüşələri və büllur qədəhlər yox, armudu stəkanlarda çay qoyulmuşdu və üstəlik, bütün söhbət boyu H.Əliyev həmin armudu stəkanla təmas sərgiləyirdi, sanki ən vacib sözləri əlini məhz qarşısındakı stəkanın armudu boğazına toxunduranda deyirdi...

Deyə bilərsiniz ki, nə olsun, burda nə var ki?

Amma yox, diqqətlə fikirləşəndə, təfərrüatlara varanda burda çox şey var.

Heydər Əliyev o vaxt SSRİ kimi nəhəng bir ölkənin ali siyasi idarəetmə orqanının - Siyasi Büronun üzvlüyünə namizəd kimi  belə rəsmi qəbulların protokol qaydalarına ciddi riayət etməli idi. Amma o, bu süjetdə həmin o qaydaları bir növ "redaktə edərək"  təmsil etdiyi xalqın qonaqqarşılama etiketinə uyğunlaşdırmış, başqa sözlə, həmin qaydalar sisteminə nümayişkaranə şəkildə Azərbaycan elementi gətirmişdi. O vaxtlar isə öz xalqının ruhuna, mentalitetinə yüksək sayğının ifadəsi olan belə şeylərə görə heç bir siyasi liderin başını tumarlamırdılar.

Bu jest Kremldə masaların üstündəki mineral suya Bakının "armudu stəkanda çay" səviyyəsində sayğısızlığı kimi qiymətləndirilə bilərdi...

İndi düşünürəm ki, millətinin təəssübünü çəkmək, onun maraqlarını uca tutmaq gurultulu bəyanatlardan, pafoslu ritorikadan yox, məhz belə xırda detaldan - armudu stəkana hörmətdən başlayanda daha urvatlı və təsirli olurmuş və sonrakı illərdə Ulu öndərin Azərbaycanın incəsənət ustalarına, mədəniyyət xadimlərinə SSRİ-nin ən yüksək fəxri adlarının verilməsi uğrunda apardığı çarpışmalar da əslində, öz başlanğıcını məhz həmin o andan - armudu stəkandakı çayın hörməti uğrunda belə pərdəarxası mübarizədən götürmüşdü.

Bu çarpışma adi mükafat davası deyildi, ilk növbədə H.Əliyevin Azərbaycan ruhuna hörmət və məhəbbətinin ifadəsi idi.

Heydər Əliyev kimi möhkəm bir insan bu hörmət və sevgini "Küçələrə su səpmişəm" xalq mahnısını oxuyanda, Səməd Vurğunun "Azərbaycan" şeirini söyləyəndə kövrəlib dili topuq vurmaq səviyyəsində bütün dünyaya nümayiş etdirən böyük şəxsiyyət idi.

 

RƏŞİD MÜƏLLİM MƏNƏ NECƏ XEYİR-DUA VERDİ

 

Mən Şeyx Əbdülün "Həsən Məmmədov bütün dövrlərdə Azərbaycanın 1 nömrəli kinoaktyorudur" fikri ilə qeyd-şərtsiz razıyam və düşünürəm ki, mənim sənət aləminə gəlməyimdə, kino sənəti mövzusunda 11 kitab yazmağımda bu böyük aktyorun həlledici rolu olub. Onun 1969-1971-ci illərdə yaratdığı 4 obrazı isə (Murad ("Bir cənub şəhərində"), Bəxtiyar ("Yeddi oğul istərəm"), Oqtay ("Gün keçdi"), Abbasqulu bəy ("Axırıncı aşırım") ümumiyyətlə, kino aktyorluğu sənətinin zirvələrindən hesab edirəm.

Rəşid Mahmudov haqqında xatirəmə Həsən Məmmədovdan başlamağım sizi təəccübləndirməsin. Məsələ burasındadır ki, hələ 6-cı sinifdə oxuyarkən "Axırıncı aşırım" filminə baxanda bütün varlığıma hakim kəsilən arzumun ("Mən mütləq jurnalist olacam və yazacağım ilk kitab da Həsən Məmmədov haqqında olacaq") reallaşmasında Rəşid müəllimin, - bu işıqlı insanın müstəsna rolu olub.

...1989-cu ildə Azərbaycan sənətşünaslığında konkret bir kino aktyorunun yaradıcılığı barədə ilk monoqrafiyanı yazıb tamamlayanda o dövrün standartlarına görə gənc idim - cəmi 30 yaşım vardı və bu yaşda kitab çap etdirmək (üstəlik, monoqrafiya!) dəryada balıq sevdasına oxşayırdı.

Kitabı "Yazıçı" nəşriyyatında işləyən dostumun köməyi ilə elə həmin nəşriyyatda nəşr etdirmək məqsədilə əlyazmamı tənqid və publisistika bölməsinə təqdim etmişdim. Amma ürəyim səksəkədə idi - bilirdim ki, nə isə bir "əmma" çıxacağı çox realdır. Elə də oldu. Dostum bir gün başılovlu zəng edib dedi ki, bəs 1990-cı ilin planı müzakirə olunanda sənin kitabının "İşıq" nəşriyyatında nəşr olunması məqsədəuyğun hesab edildi...

Bu, dolayısı ilə o demək idi ki, gəl əlyazmanı götür, başına çarə qıl.

Əlyazmanı götürdüm, amma başıma çarə qılmaq məsələsində iş qəlizləşdi, çünki o çarənin nəinki izi, heç tozu da görünmürdü. O dövrün ən demokratik nəşriyyatında  gənclik arzumun üstündən belə çalın-çarpaz xətt çəkilmişdisə, həmin dövrün adlı-sanlı sənətşünaslarını növbəyə qoyan ən "çətin", bürokratik nəşriyyatda məni nələr gözlədiyini özünüz təsəvvür edin.

Başa düşdüm ki, tədbir məqamıdır, işimin birdəfəlik ya o yanlıq, ya da bu yanlıq olması üçün bir şey fikirləşməliyəm. Ona görə də baltanı sözün elə hər mənasında dibindən vurmaq qərarına gəldim - Dövlət Nəşriyyat və Poliqrafiya İşləri Komitəsinin adını eşidib üzünü görmədiyim sədri Rəşid Mahmudovun adına ərizə yazıb bir axşam işlədiyim "Bakı" qəzetinin redaksiyasından bir qədər tez çıxdım və üz tutdum "Səadət" sarayının yanında yerləşən Komitəyə ki, kitabımın "kitabını" birdəfəlik ya o yana, ya da ki, bu yana bağlatdırım..

Komitənin yerləşdiyi kiçik həyətin qapısından keçib taxta pilləkənlərlə 2-ci mərtəbəyə qalxdım. Binanın dəhlizində qəribə bir sükut hökm sürürdü (səbəbini sonra anladım). Üstünə "Qəbul otağı" sözləri yazılan otağı tapıb, qapısını tıqqıldatdım - cavab gəlmədi. Qapını araladım, otaq boş idi. İçəri keçib Sədrin kabinetinin qapısına yaxınlaşdım və bu dəfə onu döydüm, yenə reaksiya olmadı. Canımı dişimə tutub qapını azca araladım - kabinet boş idi. Suyu süzülə-süzülə geri döndüm, həmin o axşam sükuta qərq olmuş binanın ümumi dəhlizindən keçib pilləkənə tərəf gəldim ki, binanı tərk edib gedim ilk kitabımın fatihəsini oxumağa. Pilləkən elə qurulmuşdu ki, əvvəl aşağı enməli, sonra da sola burulmalı idin. Həmin o "döngədə" isə 2-3 adamın zorla sığışa biləcəyi kiçik bir meydança vardı. Məyus addımlarla o meydançaya çatmağıma bir neçə pillə qalmış həyətin küçə qapısı açıldı və qara kostyumlu bir kişi içəri daxil oldu. Onun da pilləkənə tərəf gəldiyini görəndə öz-özlüyümdə kiçik bir hesablama aparıb müəyyən etdim ki, mən həmin o meydançada dayanıb bu kişiyə yol verməsəm, ensiz, darısqal pilləkəndə onunla üz-üzə gəlib yenə də dayanmalı, kənara çəkilib ona yol verməli olacam. Yaxşısı budur ki, bunu elə həmin o meydançada edim.

Elə də etdim - meydançaya çatanda dayanıb gözlədim, kişi yuxarı qalxanda ədəblə kənara çəkildim, üstəlik, ona salam verməyə də macal tapdım. O, salamımı alıb üzümə baxdı, gülümsədi və tələsik addımlarla yuxarı qalxdı. Mənsə həmin o məyus addımlarla qapıya yaxınlaşıb küçəyə çıxdım, elə bir-iki addım atmışdım ki, dayandım, sanki kimsə mənə pıçıldadı ki, geri qayıt, qarşılaşdığın o kişi Komitənin sədri Rəşid müəllimdir, get dərdini de.

Təpəsi üstə geri qayıtdım, 2-ci mərtəbəyə qalxıb qəbul otağına daxil oldum və sədrin qapısını döydüm. İçəridən səs gəldi:

- Gəl... 

Kabinetə daxil olanda şəkk-şübhəm qalmadı - bayaq pilləkəndə rastlaşdığım kişi Rəşid Mahmudov imiş.

O, üzümə baxıb bir neçə dəqiqə əvvəl gördüyü məni təbii ki, tanıdı.., gülümsəyib mehriban səslə dedi:

- Eşidirəm, oğul, gəl əyləş...

Əyləşdim, özümü təqdim etdim və asta-asta dərdimi danışdım. Rəşid müəllim məni diqqətlə dinlədi və son cümləmə nöqtə qoymağa macal vermədi:

- "Bakı" qəzetindən yazılarınla tanışam. Fikirləşirəm və elə danışığından da hiss eləyirəm ki, yaxşı kitab yazmısan. Ərizə gətirmisən? Yazmamısansa, keç qəbul otağına, yaz..

Tələsik:

- Yazmışam, Rəşid müəllim, - dedim və çantamdan çıxartdığım ərizəmi ona uzatdım.

Rəşid müəllim ərizəni aldı, qarşısındakı qabdan qırmızı qələm götürdü, ərizəmi oxuya-oxuya bəzi ifadələrin altından qırmızı xətt çəkdi, sonra mənə uzadıb dedi:

- Bu gün əməkdaşlarımızın birinin toyudur, hamını tez buraxmışıq. Sabah gəlib  bunun 3 surətini çıxardarsan - biri burda qalacaq, birini "İşıq" nəşriyyatının baş redaktoruna verərsən, birini də özündə saxlarsan.

Təəccüb və heyrətdən boğazım qurumuşdu, fikirləşirdim ki, görəsən, Allaha xoş gələn nə iş tutmuşam ki, mənim qarşıma belə bir gözəl insan çıxartdı.

Küçəyə çıxanda Rəşid müəllimin iri hərflərlə yazdığı dərkənarı oxudum: "Yoldaş filankəs, bu oğlanın kitabını 1990-cı ilin planına salın!"

"Karyeramda" ilk və bəlkə də ən böyük problemim Rəşid müəllimin yüngül əli ilə bax beləcə həll olundu - indi "İşıq" nəşriyyatı ilə mənim aramda lap Çin səddi çəksəydilər də, bu dərkənarın qabağında aciz idi: bu işdə çox güman ki, həmin o dar meydançada nümayiş etdirdiyim ədəb- ərkanın da müəyyən qədər rolu olmuşdu.

Təxminən 10 il sonra artıq təqaüddə olan Rəşid müəllimlə təsadüfən görüşdüm və mənə verdiyi o unudulmaz xeyir-duaya görə  dərin minnətdarlığımı çatdırdım.

Ruhun şad olsun xeyixah, gözəl insan.

 

NƏSİR İMANQULİYEVİ ANARKƏN...

 

Nəsir müəllimi Azərbaycanda tanımayan az adam tapılar. Çünki bu kişi sözün əsl mənasında kişi idi. Azərbaycan jurnalistlərini bir neçə nəslinin müəllimi, ustadı, himayədarı, qayğıkeş dostu olan Nəsir müəllim mənim də taleyimdə müstəsna rol oynayıb - mən ilk peşə vərdişlərinə onun baş redaktoru olduğu "Bakı" qəzetinin redaksiyasında  yiyələnməklə yanaşı, insanlıq dərslərini də ondan almışdım: Nəsir müəllim öz şəxsi nümunəsində hamı kimi mənə də prinsipial, zəhmətkeş, sədaqətli insan olmağın sirlərini öyrədirdi.

Nəsir müəllim həm də çox tələbkar, sözü üzə deyən, cəsarətli bir insan idi və bəlkə də çoxları bilmir ki, indiki "Azərbaycan" nəşriyyatının yerləşdiyi prospektin "Avakyan prospekti"ndən "Mətbuat prospekti"nə çevrilməsində  onun da xidmətləri var. Yazım - bilməyənlər də bilsin. Əhvalat belə olmuşdu: 1982, ya da 1983-cü il idi. Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçirilirdi. Zalda əyləşənlər çıxışçıların o dövrün tələblərinə uyğun formaca təmtəraqlı, gurultulu, məzmunca bəsit çıxışlarından yorulmuşdular. Nəhayət, Nəsir müəllim tribunaya qalxdı və çıxışının son akkordu  salonda şimşək effekti yaratdı: "Bütün Azərbaycan jurnalistlərinin adından təklif edirəm ki, Avakyan prospekti bundan sonra Mətbuat prospekti adlandırılsın!"

Bax belə!

Ustadın o dövrdə dilə gətirilməsi böyük risk tələb edən arzusu ictimai rəy dövriyyəsinə belə daxil oldu və nəhayət, reallığa çevrildi.

 

 





07.10.2022    çap et  çap et