525.Az

Şəhid Vüqar Məmmədovun Anım Günü tədbiri keçirilib


 

Şəhid Vüqar Məmmədovun Anım Günü tədbiri keçirilib<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İlahiyyat fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhid olmuş Vüqar Məmmədovun Anım Günü tədbiri keçirilib.

Tədbirdə Aİİ-nin rəhbər heyəti və əməkdaşları, tələbələr, o cümlədən şəhidin döyüş yoldaşları, qazilər iştirak ediblər.

Öncə Dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Aİİ-nin III kurs tələbəsi Kənan Əliyev tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Anım Günü tədbirində çıxış edərək Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib. Rektor 44 günlük Vətən müharibəsində güclü Xalq, güclü Dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib.

Ali təhsil müəssisəsinin rəhbəri şəhid Vüqar haqqında xatirələrini bölüşərkən tələbələrə bildirib ki, Vüqar vətənpərvərliyin, cəsarətin və əxlaqın nümunəsidir. Gənclərimiz belə oğullarımızın göstərdikləri şücaəti, qəhrəmanlığı özlərinə örnək olaraq götürməlidirlər.

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi şəhid Vüqar Məmmədovun anası Əsmər Məmmədova oğlunun ordu sıralarına könüllü qoşulduğunu qeyd edib. Şəhid anası onun keçdiyi döyüş yolundan bəhs edib.

Şəhid Vüqar Məmmədovun döyüş yoldaşı İsmayıl Məsimli keçdikləri döyüş yolundan bəhs edib, şəhidin göstərdiyi şücaətlərdən söhbət açıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Aİİ Həmkarlar İttifaqı Komitəsinin sədri Ənvər Mustafayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən 44 günlük Vətən müharibəsi iştirakçıları barədə məlumat verib. Onların torpaqlarımızın azadlığı uğrunda keçdikləri döyüş yolundan, şücaətlərindən danışıb. Ə.Mustafayev xüsusi vurğulayıb ki, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizi hər günümüzdə xatırlayaq, onların göstərdikləri şücaətləri auditoriyada keçdiyimiz hər dərsdə gənclərə xatırladaq.

Qeyd edək ki, Ə.Mustafayev Vətən müharibəsində böyük şücaətlər göstərmiş, dövlət tərəfindən çox sayda medallarla təltif olunan Feyzi Mustafayevin qardaşıdır.

Ailə üzvlərinin bir neçəsi döyüş meydanlarında böyük şücaətlər göstərmiş Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Qafqaz Abdurrahmanov isə keçirdikləri hissləri bölüşüb. Şəhidlərin və qazilərin keçdikləri döyüş yolundan, xatirələrindən söhbət açıb.

Sonda şəhid Vüqar Məmmədovun ruhuna ehsan süfrəsi verilib.

 





07.10.2022    çap et  çap et