525.Az

Azərbaycan Milli Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi mühüm hadisədir


 

Azərbaycan Milli Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi mühüm hadisədir<b style="color:red"></b>

“Ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı  və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi mühüm hadisədir. Forumun açılış mərasiminin işğaldan azad olunmuş Ağdam şəhərində baş tutması isə xüsusilə əlamətdardır”.

Bu fikirləri 525.az-a açıqlamasında millət vəkili Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Millət vəkilinin sözlərinə görə, Forumun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirin əhəmiyyətini vurğuladı, xüsusilə işğaldan azad edilmiş əraziərimizdə görülən bərpa işləri ilə bağlı dəyərli fikirlərini səsləndirdi. Dövlət başçısının dediyi kimi,

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb, ermənilər tərəfindən 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan sonra minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdamı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırırdılar.

“Forumun iştirakçısı olaraq mən də ilk dəfə idi Ağdamda oldum, orada erməni vandalizmini öz gözlərimlə gördüm. Buna baxmayaraq, Ağdam şəhərində böyük quruculuq işlərini həyata keçirilir. Cənab Prezidentin dediyi kimi biz bu torpaqlara əbədi qayıtmışıq və işğaldan azad edilən ərazilərin bərpası üçün iradəmiz ortaya qoyulub. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir. Bu. cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır. Cənab Prezident tərəfindən təməli qoyulan Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərinin bərpasının iki ilə tamamlanması nəzərdə tutulur. Bütün bunlar bizim üçün qürurveriucidir”,-deyən Fatma Yıldırım bütövlükdə Forumun işini yüksək dəyərləndirib.

“Forumda azad olunmuş ərazilərdə görüləcək işlərlə bağlı geniş məlumat verildi. Həm Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş əməkdaşı olaraq bu istiqamətdə görülən işləri yükəsk qiymətləndirirəm. Bu işlər planlı, hesabatlılıq, şəffaflıq şəraitində həyata keçirilir. Ümumilikdə, 5-6 oktyabr tarixlərində Ağdam şəhərində və ADA Universitetində keçirilən Forum kifayət qədər uğurlu oldu”,-deyə millət vəkili vurğulayıb.

 

 





07.10.2022    çap et  çap et