525.Az

İran rəsmisi Azərbaycan Milli Kitabxanasında olub


 

İran rəsmisi Azərbaycan Milli Kitabxanasında olub<b style="color:red"></b>

Oktyabrın 7-də İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Yaser Əhmədvənd Milli Kitabxanada olub.

525.az xəbər verir ki, kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edib. Direktor, həmçinin hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışaraq ötən ildə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi ilə Azərbaycan Milli Kitabxanası arasında onlayn formada Əməkdaşlıq haqqında Memorandumun imzalandığını bildirib. Kərim Tahirov qonaqlara kitabxana haqqında ümumi məlumat verərək bildirib ki, Azərbaycan Milli Kitabxanası ölkənin ən zəngin kitabxanasıdır. Milli Kitabxananın fondu, oxucuların sayı, kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesləri, pandemiya dönəmində Milli Kitabxananın onlayn xidmətlərindən, eləcə də beynəlxalq layihələr haqqında qonaqlara geniş məlumat verib. Kitabxananın direktoru, həmçinin Azərbaycan Milli Kitabxanasının dünyanın 60-a yaxın kitabxanası ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Görüş zamanı prof. Kərim Tahirov qeyd edib ki, pandemiya dövründə Milli Kitabxana oxuculara onlayn formada xidmət göstərmiş, bu dövr ərzində kitabxana 7 milyona yaxın oxucuya, məhz elektron kitablar vasitəsilə xidmət göstərmişdir. Bu oxucuların içərisində İrandan olan oxucularımızda xüsusi yer tutmuşdur. K.Tahirov Azərbaycan və İran Milli Kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin də gücləndirilməsinə böyük ehtiyac olduğunu qonağın diqqətinə çatdırmışdır.

İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Yaser Əhmədvənd çıxış edərək Azərbaycanda ilk dəfə olduğunu və insanların çox qonaqpərvər, istiqanlı olduğunu bildirib. Qeyd edib ki, İranda nəşriyyat işi çox inkişaf edib, təxminən 100000-ə yaxın kiçik və böyük kitabxana və onların çoxsaylı fondu var. Nazir müavini sonda Azərbaycan Milli Kitabxanasını gələn il keçiriləcək Tehran Beynəlxalq Kitab Sərgisinə dəvət edib.

Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub və xatirə şəkili çəkilib.

 





07.10.2022    çap et  çap et