525.Az

Neyçün əzizsən belə?


 

Neyçün əzizsən belə? <b style="color:red"></b>

Fazil HOROVLU

 

TƏBRİZ BAYATILARI

 

Təbriz, şirin dilinəm,

Gec açılmış gülünəm.

Leylisən, Məcnununam -

Qoy desinlər, dəlinəm.

lll

Neyçün əzizsən belə?

Tərifin sığmır dilə.

Bu sevdanın sorağı

Yayılsın eldən-elə.

lll

Soyum Horovdan gəlib,

Qarabağda yurd salıb.

Bu tayda Horovludur,

O tayda Herab qalıb.

lll

Pir babamsan, nəvənəm,

Nur nənəmsən, həvənəm.

Bir sevda yolçusuyuq -

Karvanında dəvəyəm.

lll

Bülbül olum, oxuyum,

Güllərini qoxuyum.

Hər nəğməm, bir ilmədir -

Gül xalçana toxuyum.

lll

Ərdəbildəndir yolum,

Doğmadır sağım-solum.

Məni gördü, gül açdı -

Torpağa qurban olum.

lll

Şəhriyar barlı bağdır.

Təbi, qaynar bulaqdır.

Dilimin keşiyində

Əbədi duracaqdır.

lll

Heydərbaba, dağımdır,

Meşkin, cənnət bağımdır.

Səhəndi görən, deyər,

Cənnət solum, sağımdır.

lll         

Kəndovan, daş obamdır,

Hər qaya, bir yuvamdır.

Sərin suyu bal dadır -

Minbir dərdə davamdır.

lll

Ağ göyərçin olaydım,

Orda qanad çalaydım.

Qardaş sevgisi kimi,

Ürəklərə dolaydım.

lll

Sinəmdə gül bitirim,

Çələng hörüb, gətirim.

Dəlidağın salamın,

Savalana yetirim.

lll

Yansın səngəh təndiri,

Payıma düşsün biri.

Ləzzət verər, dürməyə

Büksən Liqvan pendiri.

lll

Ərk qalası, tamaşa,

Buludlarla baş-başa.

Babək yadigarıdır -

Qanı hopub hər daşa.

lll            

Ərk qalası boş qalmaz,

Qiyamətə iş qalmaz.

Babəklər qılınc çəkər,

Çiyinlərdə baş qalmaz.

lll

Qılınc, qında boğular,

Qeyrət, qanda boğular.

Zəncirin qırmayanın

Ruhu canda boğular.

lll

Xəzansız, qış görmədim.

Qanadsız quş görmədim.

Əyilmiş boyun üstdə

Qeyrətli baş görmədim.

lll

Yaz gələr, qış dayanmaz,

İl ötər, yaş dayanmaz.

Qardaş həsrəti varsa,

Kiprikdə yaş dayanmaz.

lll

Təbriz, məndən baş istdə,

Hər nə desən, baş üstə.

Səbrim dərya qədərdir -

Gül bitirər daş üstdə.

lll 

Eynalıda duman var,

Çəkiləcək, güman var.

Gün gələr, çərxi-fələk,

Geri dönər, zaman var.

lll

Təbriz, ürəyim mənim,

Duzum, çörəyim mənim.

Can bir-qan bir qardaşım,

Arxam, dirəyim mənim.

lll

Sinəmiz yara, dağlı,

Sağalmır yara, bağlı.

Çoxumuz Təbrizlidir,

Azımız Qarabağlı.

lll

Dağ uçar, daşlar gedər,

Perikər, quşlar gedər.

Qılınclar qından çıxsa,

Çiyindən başlar  gedər.

lll

Təbriz, doğma balanam,

Müntəzirəm, qulunam.

Sən, gur məşəl olasan,

Mən oduna qalanam.

lll

Təbriz, qoyma təklənək,

Yad əllərlə yüklənək.

Neytək sızladıq bəsdir,

Misri üstə köklənək!

lll

Fazil, bu son ahımdır,

Ümidim - günahımdır.

Bakı ruhumun evi,

Təbriz qibləgahımdır!

 

Bakı-Təbriz, 2022-ci il.

 





07.10.2022    çap et  çap et