Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü oldu. Bundan əvvəl, avqustun 31-də Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüş keçirilib. Həmin görüşün yekunları ilə bağlı Aİ rəhbərinin bəyanatında müsbət məqamlar, o cümlədən, sülh müqaviləsinin imzalanması istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlindiyi açıqlansa da, Ermənistanın hərbi təxribatları sülh prosesini irəliyə aparmağa imkan vermədi. Budəfəki görüşdə isə format Makronun danışıqlara qatılması ilə fərqlənirdi. Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Paris də Ermənistanı dəstəklədiyini heç də gizlətmirdi. Biz 44 günlük Vətən müharibəsində Fransanın Ermənistana dəstəyini açıq şəkildə gördük. Eyni zamanda, 30 ilə yaxın Minsk qrupunda həmsədr dövlət olmuş Fransa heç vaxt neytral mövqe nümayiş etdirə bilməyib, işğalçının yanında olub. Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər. Amma Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı.
Yekunda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır.
Eyni zamanda, sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı.
Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək. Sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.
Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır.
Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il 10 noyabr bəyanatı ilə tənzimlənir, bu, hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib: "Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən, Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir".
Prezident qeyd edib ki, Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar: "Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq".
Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması böyük diplomatik qələbədir: "Avropa İttifaqının Prezidenti Şarl Mişelin və Çexiyanın Baş nazirinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Praqada səfəri çərçivəsində eyni zamanda mühüm görüşlər keçirildi. Birincisi, xüsusi olaraq qeyd etmək lazımdır ki, dördtərəfli Aİ Prezidenti, Fransa Prezidenti və Ermənistan arasında keçirilən görüş və həmin görüşün 2 hissədən ibarət olmaqla 5 saatdan çox davam etməsi burada vacib və gərgin müzakirələrin aparılmasının göstəricisidir.
Xüsusi qeyd etmək lazımdır ki, Fransanın da iştirakı Ermənistana sanki əlavə güc-stimul verirdi. Biz yaxşı bilirik ki, Fransa ənənəvi ermənipərəst siyasətini, erməni tərəfdən çıxışını görürük. Ermənistana Fransa hər zaman açıq dəstəyini nümayiş etdirir. Belə olan halda Praqada keçirilən dördtərəfli görüşdə hansısa tələ və hiylələrin hazırlandığını güman etmək əvvəldən mümkün idi. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi və hər hansısa kənar müdaxilənin qarşısı qətiyyətlə alındı".
Deputat Vüqar İskəndərov isə bildirib ki, Praqada təşkil olunan "Avropa siyasi birliyi" Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı və uğurlu gedişləri bir daha Azərbaycan diplomatiyasının böyük təntənəsi hesab edilməlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyev həm Ermənistanın Baş naziri Nikol Paşinyan ilə, həm də digər ölkə rəhbərləri ilə görüşlərində Azərbaycanın milli maraqlarını yüksək səviyyədə təmsil etdi: "Azərbaycan və Ermənistan dövlət başçıları arasındakı görüş və artıq sülh müqaviləsinə yaxınlaşdığımızı göstərir. Dövlət başçısı İlham Əliyev Azərbaycan telekanallarına müsahibə verərkən qeyd etdi ki, bu görüşlər çox pozitiv məcrada davam etdi. Bundan sonra XİN rəhbərlərinin, İşçi Qruplarının görüşləri davam etdirilməlidir. İkinci maraqlı məqam Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron ilə olan görüş və orada Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasını qeyd etməsi diplomatiyamızın ən böyük uğuru sayılmalıdır. Artıq bütün dünya konkret olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Düşünürəm ki, bu, Prezidentin xarici siyasətdəki uğurlu gedişlərinin sayəsində oldu. Yaxın zamanda bu görüşün nəticələrinin şahidi olacağıq".
çap et