525.Az

Azadlığın ikinci ili - Hadrut


 

Azadlığın ikinci ili - Hadrut<b style="color:red"></b>

Vətən müharibəsinin 13-cü günü, 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu daha bir zəfərə imza ataraq Hadrut qəsəbəsini Ermənistanın işğalından azad etdi. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa üçüncü müraciətində elan etdi: "Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahib olub".

Hadrutun azad edilməsi ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur və bu, müharibənin sonrakı gedişində mühüm əhəmiyyət kəsb edirdi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatların davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Bu, eyni zamanda, ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Cəbrayıl, Füzuli, Xocavənd rayonlarında hücumun sürəti artdı, qüvvələrimizin bir hissəsini isə Tuğ, Çanaqçı, Sığnaq, Daşaltı, Şuşa istiqamətinə yönləndirə bildik. Məhz Hadrutun azad edilməsi xalqımızın yalnız ətraf rayonları deyil, o cümlədən, Qarabağın dağlıq hissəsinin də azad edilməsi uğrunda döyüşlərə və bu döyüşlərin qələbə ilə nəticələnəcəyinə ümidini artırdı. Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub.

Əslində, düşmən Hadrut istiqamətində Azərbaycan Ordusunun hücumunu gözləmirdi. Onlar Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdilər. Oktyabrın 7-dən başlayan ağır döyüşlər iki gün sonra, oktyabrın 9-da Azərbaycan Ordusunun uğuru ilə başa çatdı. Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başladı. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayıblar.

2021-ci il martın 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırdı. Hadrut əməliyyatından danışan dövlət başçısı deyib ki, ilk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi.

"Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir - oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik... Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq", - dövlət başçısı deyib.

Qeyd edək ki, ermənilər 30 il ərzində işğal altında olan bütün ərazilərimizdə güclü istehkamlar qurub, bir neçə xətdən ibarət müdafiə sədləri yaratmışdılar. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Buna baxmayaraq, Azərbaycan Ordusu öz peşəkarlığı, fiziki gücü, vətənpərvərliyi, fədakarlığı sayəsində Vətən müharibəsində böyük qələbəyə imza atmağı, Ali Baş Komandanın rəhbərliyi ilə  torpaqlarımızın 30 illik işğalına son qoymağı bacardı.

Prezident 24 dekabr 2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında çıxışı zamanı bildirib ki, Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı: "Halbuki Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil".

İşğaldan azad edilmiş Hadrut qəsəbəsində "Dəmir yumruq" abidəsi ucaldılıb. "Dəmir yumruq" abidəsinin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edilib.

Xatırladaq ki, Vətən müharibəsində hərbi əməliyyatlar "Dəmir yumruq" adlandırılıb. Bu əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradıldı və kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Azad edilmiş digər ərazilərdə olduğu kimi, Hadrutun bərpası işləri aparılır. Dövlət başçısı bildirib ki, Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik. Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı - bitkiçilik, heyvandarlıq, üzümçülük olacaq. Çünki burada üzümçülük ənənələri olub. Ümumiyyətlə, Hadrut gözəl təbiəti, zəngin tarixi abidələri ilə fərqlənir. Yaxın illərdə bura da digər ərazilərimiz kimi, cənnətə çevriləcək.

 

 





08.10.2022    çap et  çap et