525.Az

İctimai həyat - Rafiq Əliyev yazır


 

CƏMİYYƏTİMİZİ VƏ XALQIMIZI VƏTƏN EŞQİ İLƏ YAŞAMAĞIN NƏ DEMƏK OLDUĞUNU BİLMƏYƏN QRUPLARIN QARŞISINDA TƏK QOYMAMALIYIQ

İctimai həyat - <b style="color:red"> Rafiq Əliyev yazır</b>

Obyektiv səbəblərdən bütün əsrlər boyu dövlət zorakılıq aləti olub. Sonradan sosializm dövründə bu, öz mexanizmini xeyli dərəcədə dəyişsə də, məzmun olduğu kimi qalıb. Xalqın yaratdığı siyasi hakimiyyət öz yeni qanunlarına uyğun funksiyalar yerinə yetirməyə, vətəndaş cəmiyyətini idarə etməklə insanların inamını qazanmağa çalışıb.

Xatırlayırsınızsa, sosializm ideologiyası, onun bütün ölkəyə yayılmış strukturları - oktyabrat, pioner, komsomol, partiya sistemi hər kəsi cəmiyyətdə qəbul olunan yüksək əxlaq, möhkəm, sarsılmaz dövlətçilik, vətən və vətənpərvərlik mühitində yetişdirməyə səy göstərirdi. Çox az sayda insan özünü bu sistemdən kənarda hiss edirdi ki, onları da dövlətin təbliğat maşını "Vətən xaini kimi" qələmə verərək idarəçilikdən, cəmiyyətə təsir növündən məhrum etməyi bacarırdı. Qəbul olunmuş qaydalara əsasən, əslində hakimiyyət öz təbliğatını, siyasətini əhalinin təxminən 85 faizinə hesablayır. Bu, ümumi qaydadır və dövləti idarə etmək üçün bütövlükdə kifayətdir. Digər 15 faizi isə əsasən ziyalılar, yazıçılar, şairlər, alimlər, mədəniyyət xadimləri təşkil edirdi. Hakimiyyət onlarla bir qayda olaraq yaxşı münasibət qurmaq yolunu tuturdu. Çünki o dövrdə ziyalı zümrəsi xalqla hakimiyyət arasında həqiqətən körpü rolunu oynayırdı. Bu, hər üç tərəfi - siyasi hakimiyyəti, ziyalı təbəqəsini və sadə vətəndaşları müəyyən çərçivə daxilində razı salırdı. Ən mühümü isə onlar arasında qarşılıqlı anlaşma və razılıq vardı. Belə olduğu halda hakimiyyətdən narazı qalanların nisbəti ümumi əhalinin cəmi 2-3 faizini təşkil edirdi ki, onları "dissidentlər" qrupuna aid edərək, ictimai-siyasi həyatdan təcrid olunmuş hala salıb təsir imkanını minimuma endirirdilər. Məsələnin bu cür qoyuluşu və onun təcrübədə tətbiqi hakimiyyət və cəmiyyət arasında ixtilafların yaranması ehtimalını və yarandığı halda törədəcəyi mənfi təsirləri sıfıra endirirdi.

İkinci vacib amil ondan ibarət idi ki, dövlətin təhsil, səhiyyə, maarifləndirmə, işlə, əmək haqqı ilə mütəmadi olaraq təminat kimi hamını narahat edə biləcək vacib sahələrin mövcudluğuna zəmanət verməsi hər hansısa bir narazılığın qarşısına ciddi sədd çəkirdi. Elə şərait yaradılırdı ki, cəmiyyət özünü mümkün olana inandırılmaqda çətinlik çəkmirdi. İllüziya da olsa, hər kəsi dövlətin gücünə, onun qüdrətinə, qanunun aliliyinə inandırırdı. "Milis" və "əsgər" anlayışı ən yüksək hörmət dairəsinə daxil edilmişdi. Dövlətin nümayəndəsi olan "milis" nəfərinə münasibət isə təbii ki, dövlətə və onun siyasi quruluşuna  münasibət demək idi. Bir sahə müvəkkili bütöv kəndə, hətta qəsəbəyə kifayət edirdi. Onun sözü vətəndaş üçün qanun idi.

SSRİ-nin süqutundan sonra xalqı birləşdirən ideologiyanı aradan götürməyə, birləşdirici ideyanı çoxlarına məzmunu məlum olmayan, lakin fərdi şüura ciddi surətdə mənfi təsir göstərən sərbəstlik, azadlıq, qeyri-asılılıq kimi mənası çox da aydın olmayan, qarşıdurma yarada biləcək ideoloji məfhumlarla əvəz etməyə başladılar. Heç kim heç kimə azadlığın nə olduğunu və nə qədər çətin olduğunu başa salmırdı. Şəxsən mənim fikrimcə, elə indinin özündə də azadlıqla necə rəftar edilməli olduğunu, onun həqiqi parametrlərini bilənlərin sayı o qədər də çox deyil.

Üçüncü ən vacib məsələlərdən biri yaradılmış dövlətin nüfuzunun qarantı olan silahlı qüvvələr və əhalinin onun gücünə inamı idi. Qeyd etdiyim bu amillər birlikdə əhalini sosializm çətiri altında qalmağa, onlarda dövlətə, gələcəyə inam yaradırdı. Orada hər kəs öz yerini, vəzifəsini, hüquqlarını bilir və onun bütün atributlarını qoruyur, müdafiə edirdi. Bu gün isə həmin amillərin, demək olar ki, əksəriyyəti öz siyasi və ideoloji müdafiə pərdəsini itirib. Onun fəsadlarını biz gündəlik həyatımızda əyani şəkildə görürük.

Yaşadığımız müasir dövrün ən ciddi problemlərindən biri inamsızlıq, güvənsizlikdir. Xaricdən bizə gətirilmiş "vətəndaş cəmiyyəti" adlandırılan qondarma bir topluma nəzər salsaq görərik ki, bu günədək insanlara təqdim olunan siyasi, iqtisadi, mənəvi, ideoloji, siyasi fikirlər daha çox pərakəndəliyə xidmət edir. Birlik ideyası kimi qələmə verilsə də, onu təbliğ, təşviq edənlərin sayı və bu sayın siyasi səviyyəsi, təsir dairəsi çox məhduddur, həm də uzun müddət bu işlər xaricdən idarə olunub. Bu gün dünyanın bir nömrəli brendinə çevrilmiş "yalan" hər bir evin qapısını döyür, insanları çaşdırır, inamsızlığa gətirib çıxarır. Bu, bütün dünyanın ən ciddi problemidir. Yalan doğrunu üstələdiyindən hər bir vətəndaşın eşitdiyinə ilk reaksiyası "Görəsən, bu, yalandır, ya doğru?" fikri olur. Artıq ilk andan beynimizi şübhə bürüyür. Odur ki, insanları gözlə görünən açıq-aşkar faktlara da inandırmaq çətin olur. İnananların fikrini dərhal dəyişdirməyə çalışanlar sosial şəbəkələrdə qarışqa kimi çoxalır. Onlar həqiqəti yox, daha çox yalanı ötürməklə məşğul olurlar ki, bunun da səbəbi dünya brendi olan yalanla müşayiət olunan, insanları çaşdıran, bir-birini təkzib edən məlumatların qəsdən yayılmasıdır. Bu şəbəkədə normal insanlarla yanaşı, xeyli miqdarda fəal ziyalılardan da, təəssüf ki, tez təsir altına düşənlər olur. Onların arasında yalanı yaymaqdan nəinki mənəvi həzz alanlar, hətta maddi xeyir güdənlər də var. Onlardan bir qrupu müəyyən mənada təşkilatlanmış beynəlxalq təxribat qruplarına, cəmiyyətlərə, assosiasiyalara xidmət edərək qazanc əldə edirlər. Sayları az olsa da, çox fəaldılar. Əlbəttə, tam aydındır ki, bunun müqabilində dövlətin güclü təbliğat maşını deyilən qurumu olmalıdır. Bəzən belə bir qurum mövcud olsa da, antitəbliğat aparmaq mümkün olmur, çünki sistemlilik, birlik, ümumi təbliğat xətti, sadə dillə desək, təbliğat maşını, demək olar ki, mövcud deyil. İdeyanı ideya ilə məhv etmək mümkün olsa da, yalana yalanla qalib gəlmək qeyri-mümkündür. Məsələnin əsas mahiyyəti də elə budur. Şər xeyiri üstələyir. Yalan yalana qarışaraq insanları tam çaşdırır.

Dövlət üçün vacib olan təbliğat sisteminin rəhbərliyi və bu prosesə nəzarət çox zəif olmaqla uzun müddət şəxsi məqsədlərə xidmət edib. Fikrimcə, hətta bəzən ayrı-ayrı hörmətli şəxsləri yalan yayanlarla meydanda tək qoyaraq, onu "sındırmaq" siyasəti də mövcud olub. Bütün bunlar ayrı-ayrı şəxslərin, ictimai-siyasi həyatı "bazar" iqtisadiyyatı normaları ilə idarə etmək xülyasında olanların ayağına yazılmalıdır. Onların bir çoxu indi də su bulandırır.

Bəli, ideologiyanın, düzgün qurulmuş təbliğatın gördüyü işi nə polis, nə də xüsusi təyinatlılar yerinə yetirə bilər. Sözün gücü, təsiri silahın təsirindən qat-qat üstündür. Yetər ki, o sözü deyənin özü ədalətli, yalan danışmayan, xalq arasında nüfuzunu itirməyənlər olsun. Doğru söz beton divarı yarıb keçmək gücünə malikdir. "Doğruya zaval yoxdur" atalar sözü əbəs yerə işlənmir. İctimai-siyasi hadisələrlə bağlı televiziya və sosial şəbəkələrdəki debatların şahidi olmuşuq. Əslində ortada mübahisə yaradacaq elə bir problem də yoxdur. Mənasız mübahisələrə, təhqiredici ifadələrə, hətta söyüşlərə də rast gəlirik. Nəticədə həqiqəti əks etdirən fikirlər də kölgədə qalır, kimsə onu ciddiyə almır. Bir dəfə xalqın ümidini qıran siyasətçi və ya ekspert bu etimadı tezliklə yenidən qazana bilməz, o, müəyyən müddətə kənarda qalmağa üstünlük verməli, öz kiçik və gözlənilməyən səhvinə bəraət qazandırmaq naminə situasiyanı daha da gərginləşdirməməlidir. Bu, əslində, onların karyeralarının sonu demək deyil. Sadəcə, fasiləyə ehtiyac yaranıb.

Az əvvəl qeyd etdiyim kimi, yalana yalanla qalib gəlmək mümkün deyil. Yalan yayanların qarşısına tək çıxmağa risk etmək vaxtı orta əsrlərdə qaldı. Artıq cəngavərlər dövrü keçib. İndi siyasi, ideoloji, milli mətinlik tələb olunur. Bu da mütləq təşkilatlanmalı və vahid mərkəzdən idarə olunmalıdır. Həqiqəti danışanlar təkəbbürü kənara qoyub birləşməlidirlər. Güc birlikdədir. Bir araya gəlməyin zamanıdır. Belə bir şans bir daha yaranmaya bilər. Biz cəmiyyətimizi, xalqımızı, ayrı-ayrı tanınmış hörmət sahibi olan ziyalılarımızı vətən eşqi ilə yaşamağın nə demək olduğunu bilməyən bir qrupun (yaxud qrupların) qarşısında tək qoymamalıyıq. Axı bizim xalqın aydınları az deyil, yalançını mənzilinə qədər qovan iradəli, qətiyyətli gənclərimiz var. Sadəcə, səyləri birləşdirmək lazımdır. Bunu gözləyənlər çoxdur. Lakin o gözləyən kəslər "mənim deyən dilim, yazan əlim var" deməyi bacarmırlar. İstəsələr, güclərini birləşdirib cəmiyyətin düçar olduğu mənəvi koronavirusdan, siyasi, ictimai, mənəvi-əxlaqi bəlalardan xilas etməkdə daha çox yararlı ola bilərlər. İlk addımı heç kim atmaq istəmir. Nəticədə hamımız əziyyət çəkirik. İnsan yaşadığı cəmiyyətə qarşı bu qədər laqeyd olmamalıdır. Hərc-mərclik əslində heç kəsi təmin etməməlidir. Bunun həqiqət olmasını təkzib etmək mümkünsüzdür. Bele vacib addımları atmamaq, həm özümüzə, həm də gələcək nəsillərə qarşı yönəlmiş bağışlanmaz səhv olar desək, yanılmarıq. Əgər kimsə öz mənafeyi naminə başqalarını qarşıdurmaya sürükləyirsə, mütləq müdaxilə etməli, həqiqəti üzə çıxarmalıyıq.

Bu gün dünya od tutub yanır - Amerika, Fransa, İngiltərə, Almaniya, İtaliya və s. ölkələrdə baş verənlər diqqət mərkəzindədir. Rusiya-NATO qarşıdurması dünyanı fəlakətə sürükləyir. Hadisələrin gedişatı bunu təsdiqləyir. Əslində belə bir vəziyyətdə baş verənlərlə bağlı bütün səviyyələrdə mövqe nümayiş etdirməyə ehtiyac var.  Onların yaşadıqlarını biz yaşamamalıyıq. Unutmayaq ki. kakimiyyət xalqın, xalq ona ürəyi yanan siyasət və hakimiyyət sahiblərinin yanında olanda, dünyanı cənginə almış xaotik, dağıdıcı ideya sahibləri heç bir ölkəyə girməyə risk etməz. Onlara münasib mühiti isə biz özümüz yaratmamalıyıq. Bu işdə bizə kömək edə biləcək ən güclü vasitə, heç şübhəsiz, kütləvi informasiya vasitələri, xüsusilə mətbuat ola bilər. Sözün həll edə biməyəcəyi, gücü çatmayacağı bir məsələ yoxdur. Bu sahənin nə dərəcədə önəmli olduğunu, cəmiyyətə nə dərəcədə təsir edə bilmək gücünə sahib olduğunu artıq hər kəs anlayıb. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycanın Mətbuat Şurasının tərkibi, rəhbərliyi dəyişdi. Şuraya yeni, mənim fikrimcə, mətbuata, ziyalı zümrəsinə daha yaxın, yüksək nüfuz sahibi olan publisist, jurnalist, yazıçı Rəşad Məcid seçildi. Əvvəlki Mətbuat Şurasının yaxşı, bu gün üçün yararlı ənənələrini davam etdirməklə yanaşı, yeni tərkib, rəhbərlik, güman edirəm ki, ölkəmizin ən çətin idarə edilən, tənzimlənən sahəsindən biri olan mətbuatda son dövrlər yaranmış hərc-mərcliklə daha fəal mübarizə aparacaq, bu mühüm sahəyə yeni nəfəs gətirəcək, yaxşıya yaxşı, pisə pis demək prinsipini həyata keçirəcək. Mən buna inanıram. Güman edirəm ki, yanılmayacağam. "525-ci qəzet" ölkəmizdə ən çox oxunan, geniş auditoriyası olan mətbu orqanlarındandır. Təbii ki, bu, qəzetin güclü qələm sahibi olan baş redaktorunun, zəhmətkeş kollektivinin əziyyətinin bəhrəsidir. Düşünürəm ki, həm qəzetlə yaxından əməkdaşlıq edən müəllif, həm də sadiq oxucu kimi bu sözləri deməyə mənəvi haqqım çatır. Mətbuat Şurasının yeni kollektivinə və onun sədri - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə bu çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

 





08.10.2022    çap et  çap et