525.Az

Beynəlxalq Kitab Sərgisində “Pıçıltı” kitabının təqdimatı keçirilib


 

Beynəlxalq Kitab Sərgisində “Pıçıltı” kitabının təqdimatı keçirilib<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanasının 8-ci Beynəlxalq Kitab Sərgisində silsilə tədbirləri davam edir.

525.az xəbər verir ki, oktyabrın 8-də, sərginin “Xurşidbanu Natəvan” təqdimat zonasında “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və “Sultan” cizgi film studiyasının  tərəfdaşlığı ilə yazıçı Sevinc Nuruqızının “Pıçıltı” kitabının  təqdimatı baş tutub. Kitabın ideya müəllifi və naşiri Tural Axundov, rəssamı Nigar Mustafayevadır.    

Sevinc Nuruqızının Gəncə terrorunun günahsız qurbanları olan uşaqlara ithaf etdiyi “Pıçıltı” bütün canlıların və cansızların məhvinə səsbəb olan terrora “YOX” deyənlərin haqq səsidir. Kitabın ilk səhifələrində deyildiyi kimi: “Əslində, təbiət pıçıltılarla doludur... Biz eşitmədiyimiz pıçıltılarla... Səsini insana çatdıra bilməyənlərin pıçıltısı ilə... Arzularını səmalara ötürənlərin, istəklərini ağ-gümüşü buludlara pıçıldayanların səsi ilə... Çiçəklərin, böcəklərin, küləklərin pıçıltısı ilə... Quşların, daşların, yağışların pıçıltısı ilə... Dünyanı cənginə alan terrora, müharibələrə “YOX” deyənlərin pıçıltısı ilə... Bu yaşıl, mavi, günəşli planeti uşaqların əlindən alanlara etiraz edənlərin haqq səsi ilə... “ 

Təqdimatda çıxış edən yazıçı Sevinc Nuruqızı, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova,  N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, gənc rəssam Nigar Mustafayeva  kitab və onun mahiyyəti haqqında ətraflı məlumat veriblər.

Təqdimatdan öncə  “Sultan” cizgi film studiyasında çəkilmiş “Pıçıltı” cizgi filminin tanıtım roliki və 3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin “Çiçəyim” uşaq teatrının azyaşlı aktyorlarının ifasında səhnələşdirilmiş “Pıçıltı” kompazisiyası təqdim olunub. 

Təqdimatın keçirilməsində əsas məqsəd rəqəmsal əsrdə uşaqların intellektual inkişafında kitabın və mütaliənin rolunu artırmaq, uşaq və  yeniyetmələri mütaliəyə həvəsləndirməklə yanaşı, uşaq ədəbiyyatı  sahəsində ərsəyə gələn  yeni əsərlərlə tanış etmək, yazıçı və oxucu arasında kommunikasiya xidmətini yüksək səviyyədə həyata keçirtməkdir.

 





08.10.2022    çap et  çap et