525.Az

Məndəki Şuşa - Günel Mehri yazır


 

Məndəki Şuşa - <b style="color:red"> Günel Mehri yazır</b>

Birinci hekayət. Dekabr, 2021.

Məndəki Şuşa başqadır. Və həmişə də belə qalacaq: məğrur, sevimli və mistik... Qəribədir ki, Şuşayla bağlı ən maraqlı xatirələrim şəhər azad edilməmiş, mən Şuşaya gedib çıxmamış yaranmışdı. Hətta uşaq kimi dostlarla mərc gəlmişdim, kim daha tez gedib çıxar deyə... Və bütün müzakirə və mübahisələrdə yeganə real olan o ki, mən Şuşada xoşbəxt idim. Ona görə yox ki, ora ilk qədəm qoyanlardan biri oldum, ya xəyal etdiyim kimi xarıbülbül dərdim... Mən anladım ki, Şuşanı hərə bir cür kəşf edir. Və bu, Şuşaya nə vaxt gəlməyinə və xarıbülbülü dərib-dərməməyinə bağlı deyil. Şuşanın mistik abu-havasını duyursansa, özün xarıbülbülə çevrilirsən. Xarıbülbül əhvalatını nəql edən o məşhur pritçadakı kimi... Və elə o andan xarıbülbül səndədir...

...Uşaqlıqdan yağış aşiqiyəm. O an havadan duyduğum torpaq qoxusu mənə görə dünyanın ən təkrarsız ətirlərindəndir. Və ilk dəfədir bu ətri nə Bakıda, nə Tiflisdə, nə Təbrizdə, məhz Şuşada duyuram. Şuşada... Həyatın bizə təqdim etdiyi ssenarilər o qədər gözlənilməzdir ki... Bu uzun və sıxıcı illər boyunca mənim kimi Qarabağsızlaşan biri üçün çiskinli bir axşamçağı Şuşanın tənha küçələrini azan sədaları altında dolaşmaq bilirsiz, nə fərqli bir duyğu? İndi kimsə düşünəcək ki, axı Şuşa hər halıyla gözəldir. Mübahisə etməyəcəm, doğrudur. Amma hərənin xəyalında bir Şuşa var axı. Məndəki Şuşa belədir: dumanlı, çiskinli, yağışlı və sonra bütün buludlara qalib gələn par-par günəşli, rəngarəng göyqurşağılı Şuşa...

Aylar keçib Şuşada olduğum dönəmdən, amma bu müddət ərzində emosiyalarımı içimdə bərk-bərk sıxıb saxlamışam. Qıymamışam onları bir kimsəylə bölüşməyə ki, ilkin təravətini, rayihəsini itirməsin. Elə bilmişəm, Şuşadan yazsam, xatirələrim pərən-pərən olar, sapdan qırılan muncuq kimi dağılar. Ha düşünsəm də, ad tapıb qoya bilmirəm: O ilk gəlişimdə hansı duyğudaydım, hansı dalğadaydım? Daha çox xoşbəxt idimmi, kövrək idimmi, həyəcanlı idimmi?..

...Qanadlanmışam. Şuşaya ilk səfərimdir axı. Dolanbac yollara maşından boylandıqca ilk kəs körpəsini bağrına basan ana kimi qəlbim köksümə sığmır. İçimdə kəpənəklər uçur, üzümdə güllər açır. Dişlərim təbəsümdən örtülmür. Eynən beləyəm Şuşada... Ayağımı maşından yerə qoyan kimi "Qarabağ oteli"nin qarşısında ilk selfimi çəkirəm. İlahi, əllərim həyəcandan əsir. Bəbəklərim də xoşbəxtlikdən böyüyüb bir başqa parlayır. Görməmiş kimi bir günün içində hər yeri gəzib-dolaşmaq istəyirəm. Qarşıda isə düz üç gün-üç gecə var. Hər addımda Şuşayla bağlı ilklərim sıralanır.  Çırta-çırtla yanan odun peçinin qarşısında Şuşada ilk şam yeməyini yeyirik, özü də caz sədalarının müşayiəti ilə. Sonra adamsız küçələrdən adlayıb gecələcəyimiz yerə çatırıq. Yorğun olsam da, gözlərimə yuxu getmir. Sabah gedəcəyim məkanların siyahısını tuturam və gözlərim xumarlanır. Sabahsa Şuşada gecələdiyimin reallıq, ya yuxu olması ilə bağlı tərəddüdlər arasında gedib-gəlirəm. Tez özümü bayıra atıram. Şuşa bizə səhər sürprizi edib. Hər yer bəmbəyazdır. Amma Şuşanın soyuğu üşütmür, itələmir adamı. Ovcumda topladığım qara baxıb deyirəm: "Bu da bir ilk - Şuşa qarı..."

Qəribədir ki, burda olduğum günlərdə Şuşa mənə səhifələnən tarx kitabını, ya da ədəbi məclisi xatırladır. Bir küçədən keçirəm, xəyalımda "Sevgili canan" səslənir, o birində Xan əminin zənguləsi dalğalanır, digərində qəzəllər səslənir... Bu hissi illər öncə Sankt-Peterburqu dolaşanda yaşamışdım, bir də indi. İlk dəfə Şuşada bir yaşayış binasına qədəm basıram. Beşmərtəbəli binanın yarıqaranlıq pillələriylə qalxıb sadə üç otaqlı mənzilə daxil oluram. Əşyalar sanki sovet dönəmindən qalıb. Bina da köhnədir. Bəlkə də vaxtilə burada yaşamış azərbaycanlı ailənin əşyalarıdır. İllərin dolanbacında davam gətirib ki, həqiqi sahibiylə qarşılaşsın...

Çəkilişi bitirib mərkəzə yol alırıq. İcra hakimiyyətinin binasında qızğın iş gedir. Tikintinin düz qarşısındakı meydançada güllələnmiş heykəllər sıralanıb: Sevgili Üzeyir, xan qızı Natəvan və dahi Bülbül...  Qarabağ savaşı bizə əvvəllər görmədiyimiz, duymadığımız çox şeyi öyrətdi. Öyrəndik ki, heykəllər də yaralanarmış, aid olduğu torpaqdan uzaq düşərmiş, köçkün olarmış. "Yaralı" heykəllərə baxdıqca düşünürəm ki, hər biri Şuşa mədəniyyət ocağının əsas sütunlarıdır. Onlara atılan güllələr əslində "Məclisi-üns"ə, "Məclisi-fəramuşan"a tuşlanıb. O silahlar "Leyli və Məcnun"u, "Koroğlu"nu nişan alıb. Baş heykəlləri bircə-bircə doğma yurdunda salamlayıram...  Növbəti dayanacaqsa, yağı düşmənlərin qurutduğu Natəvan bulağıdır. Xurşidbanu Natəvanın öz vəsaiti hesabına çəkdirdiyi bu bulaq o zamanlardan "Xan qızı bulağı" adıyla məşhur idi. Bulaqdan su qurtumlayıb Xan qızının evinə tərəf gedirəm. Bir anlıq zaman donur və Natəvan xanımın qurduğu muğam məclislərində qəzəl söyləməsi gözlərim önündə canlanıb itir:

 

Yenə, ya Rəb, nə qəmgindir mənim bu şad olan könlüm,

Rumuzi-eşqdən agah olub, ustad olan könlüm...

...Vaqif sevdi bir iqrarsız bivəfa,

Badə getdi tamam çəkdiyi cəfa,

Görüşübən eyləmədik xoş səfa,

Qucaqlaşıb sarışmadıq, ayrıldıq...

 

İndi də Molla Pənah Vaqifin məqbərəsiylə üz-üzəyəm. Şairin ruhu dolaşan ziyarətgaha daxil oluram. Şuşa azad edildikdən sonra ən qısa vaxtda bərpa edilmiş tarixi abidələrimizdən biridir bu məqbərə.  Gözlərim önündə 70-ci illərin xronikası canlanır. Yadıma düşür ki, Heydər Əliyev o dövrdə Şuşaya səfərləri zamanı Molla Pənah Vaqifin məqbərəsinin yaradılması ilə bağlı göstəriş vermişdi. 1982-ci ilin qarlı-şaxtalı yanvar ayında isə elə onun iştirakıyla kompleksin açılışı baş tutmuşdu. Şairin məzarı üstündə tikilən bu muzey-məqbərə kompleksi Qarabağda barbarların xarabaxanaya çevirdiyi saysız tarixi məkanlardan biri idi... İnşallah, bu möhtəşəm təmirdən sonra burda nə tədbirlər keçiriləcək, nə görüşlər baş tutacaq... Vaqif məqbərəsindən şəhidlər xiyabanına keçirik. Şəhidlərin ruhunu yad edirik... Sanki burdan adam daha çox minnətdar olur şəhidlərə. Ayağını torpağa basdıqca anlayırsan ki, minlərlə can qurban olub bu yerlərdə...

Mənə görə, Şuşanın ən mistik nöqtəsi olan Cıdır düzünə qalxırıq. Burdan məşhur Daşaltı kəndi ovuc içi kimi görünür. O Daşaltı ki, uğrunda Azərbaycan Ordusu 90 nəfərdən artıq şəhid vermişdi. O vaxt 92-ci ilin qışı idi. Daşaltı əməliyyatından düz 30 il keçib. Yenə qışdır. Və səfər yoldaşlarım azad Cıdır düzündə çəkiliş aparır. Bura o qədər geniş və sözlə izah edilməyəcək qədər füsunkardır ki, insanın ruhu bədənindən çıxır. İrəliləyib sal daşlardan birində əyləşirəm və gözlərimi qırpmadan qarşımda açılan mənzərəni seyr edirəm. Heykəlləşirəm. Səmada süzən qartal kimi azad və qürurluyam. Qanad açıb daşlara qonuram, Şuşa havasıyla "qucaqlaşıram". Hmm... Ruhumun katarsis anıdır...

Amma və lakin Şuşaya gedib də İsa bulağından su içməmək günah olardı. Az qala bu günaha batırdıq ki, qollarımı çirmələyib İsa bulağında çəkilişin icazəsini də yoluna qoydum və beləcə, bu məkana kamerayla daxil olan ilk heyətlərdən biriyik. Yanımda olan şuşalı kişi danışır ki, deyilənə görə, İsa bulağını sıx meşəliyin içində İsa adlı bir əkinçi tapıb və ta o vaxtdan bu füsunkar yerə gələn-görən o kişiyə rəhmət oxuyur. Dəniz səviyyəsindən təxminən 1500 metr hündürlükdəyik. Və bu hündürlükdə şaxta qılınc kimi kəsir. Danışdıqca ağzımdan buxar çıxar. Amma dişim-dişimə dəyə-dəyə İsa bulağından su qurtumlayıram. Özü də "Qarabağın maralı" nəğməsini zümzümə edə-edə:

Gedək Qırxqız yaylağına,

Maral-ceyran oylağına.

Enək İsa bulağına,

Qarabağın maralı...

Uşaqlıqdan xatirimdədir ki, biz tərəflərdəki məclislərdə xanəndələr "Azərbaycan maralı"nı "Qarabağın maralı" kimi oxuyardılar... Şər qarışan vaxtdır. Şuşanın ən hündür nöqtəsindəyik. Yanımdakı hərbçi danışır ki, xüsusi təyinatlı dəstəmiz məhz bu sal qayaları dırmaşaraq Şuşanı azad ediblər. Həmin nöqtədə indi bayrağımız dalğalanır. Deyir, bayrağı da o əlbəyaxa döyüşlərdən sonra bura sancıblar. Həmin yerdə durub heyranlıqla aşağı boylanıram. Aşağıdan Xankəndinin işıqları qiymətli daşlar kimi parıldayır. Nə bilmək olar. Bəlkə bir gün o işıqları da yaxından görmək nəsibimiz oldu. Bir vaxtlar Cocuqmərcanlının postundan da Qarabağa tərəf boylanıb eyni şeyi düşünmüşdüm axı...

Bu da sonuncu gün. Bir azdan çəkiliş qrupumuzun maşın karvanı yola düşəcək. Müsahibəni bitirən kimi gözdən oğurlanıram. Hər kəsin baş vurmadığı Şuşa küçələri məni ağuşuna alır. Küçənin başındakı polis təəccüblə mənə sarı boylanır:

- Xanım, azmısız? Hara getmək istəyirdiz? Kömək edim.

- Narahat olmayın. Televiziyadanam. Çəkiliş üçün məkan axtarırdım.

Vəsiqəmi görüb sakitləşir. Polisdən aralanıb tində itirəm. Adamsız, tənha küçələrlə addımladıqca sanki başqa bir zamana adlayıram. Bir yandan da çiskin yağış damcıları saçlarımı, üzümü sığallayır. Başımı qaldırıb hamilə buludlara baxıram. Göydən nur yağır. Maraqla, həyəcanla Üzeyir bəyin operettalarında təsvir edilən tərzdəki həyətlərə boylanıram: taxta darvazalar, dəmir məhəccərli pilləkənlər, pəncərələr, uçuq-sökük evlər doğma tarixdən xəbər verir. Bəzi divarlarda ev sahiblərinin boyayla yazılmış adları var: "Bura Nəbiyevlərin evidir. Bu evdə Əli kişi yaşayıb". Bir anlıq o evdən eşidilən gülüş sədaları, it hürüşməsi, maşın siqnalları xəyalımda yanıb-sönür. Nə xatirələr gizlənib bu həyətlərdə, nə talelər yarım qalıb... Hava buz, amma əlcəksiz və papaqsızam. Əllərimlə yüz illərin nəfəsini içinə sindirmiş daşları sığallayıram və qəfil yaxınlıqdakı Gövhər ağa məscidindən azan sədaları eşidilir. Möhtəşəm bir andır! Bu məhrəm sədalar içimi elə isidir ki, bir daha və bir daha köksüm qabarır. Deyəsən, gəldiyim gündən bəri ilk dəfə elə indicə bu daşlara azan sədaları altında toxuna-toxuna idrak edirəm ki, azad Şuşadayam. Qeyri-ixtiyari olaraq üzümü evlərin arasından qürurla boylanan minarəyə tutub pıçıldayıram: Şuşa, sən bizdəsən, bizimsən! Sən məndəsən!..

2022, 2 oktyabr

 





09.10.2022    çap et  çap et