525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

 Onu da qeyd etmək istərdim ki, müəllif əsərində faciə və komediyanı, möcüzə və alleqoriyanı birləşdirmişdi, sonralar bu janr romance - romantika kimi tanınmışdı. İlk səhnədə Perikl güman edir ki, onun arvadı da, qızı da ölmüşdür. Əslində isə Periklin qızı Marina oğurlanıb qaçırılmış, fahişəxanaya girməyə məcbur edilmişdi. Ancaq ilahi qüvvələrin köməyi ilə Perikl arvadına qovuşmuşdu.

Perikl sonralar başqaları kimi, çar Antioxun gözəl qızına elçi düşəndə, ata ilə qızın intsest əlaqədə olmaları məsələsindən hali olub, fikrindən vaz keçmişdi. Çarın onu təqib edəcəyindən qorxaraq, Suriyadakı Tarsusa qaçmışdı.

Tirdə isə öyrəndilər ki, göydən gələn alov çar Antioxu və qızını öldürmüşdür. Perikl isə Tarsusda çar Simonidin qızı Taisiyaya evlənir. Lakin Taisiya uşaq doğanda ölür. Sonra o, qızı Marinanın ölüm xəbərini alır. Marina isə fahişəxanadan qaçıb, yenidən bəkarət əldə edir və ərə gedir. O, əri ilə Tiri idarə etməyə başlayır.

Göründüyü kimi, Şekspirin pyesinin qəhrəmanı ilə Afinanın tarixi şəxsiyyəti olan Periklin heç bir əlaqəsi yoxdur, onları zaman və məkan büsbütün ayırır. Ona görə də  pyesdə təsvir olunan hadisələri belə izah etməyə məcbur odum. Perikli daha böyük şöhrətə yiyələndirmək üçün Şekspirin də ona bilavasitə əsər həsr etdiyini iddia etməyə də lüzum yoxdur. Minillərin arxasından boylanan şöhrət günəşi onun üçün kifayətdir, saxta tərif yalnız elə adamların ünvanına deyilir ki, onlar obyektiv qiymətdən zərər çəkirlər, haqlarında yayılan geniş rəy onların kim olduğunu daha düzgün bildirir. Belələrini süni qaydada yüksəltmək əks effekt verir, axı sürünənlərin uça bilməsini iddia etmək ağılsızlıqdır.

Tələbələr Əzizənin geniş məlumatından çox razı qaldılar. Bu çıxışdan narazı qalan yalnız professor və yaltaq tələbə oldu, çünki onlar biabır olmuşdular.

Tarixçi professor öz səhvini başa düşürdü, gərək bu lazımsız vasitəyə əl atmayaydı və yaltaq tələbənin cəfəng sözlərinə əhəmiyyət verməyəydi. Diletantlığını yenə də ağılsızcasına büruzə vermişdi, axı bu, təsadüfi deyildi, yaxşı məlumdur ki, onun kimilər elmə, biliyə görə deyil, yuxarıların şərəfinə bol tərif tufanı qaldırmalarına və bu silahdan bacarıqla istifadə etmələrinə görə irəli çıxırlar. Nə etmək olar, bu da reallığın başqa bir üzüdür.

Tarixi faktlara gəldikdə, Perikl sonralar çoxunun adlandırdığı "Möhtəşəm" tituluna  həqiqətən çox layiq olduğunu, onun öz siyasi karyerasını bütünlüklə həsr etdiyi demokratiyanın Yeni tarixdə, istisnalar da nəzərə alınmaqla, ardıcıl olaraq zəfər çalması təsdiq edir. İri dağın zirvəsini ucaltmaq cəhdi oyunbazlıqdan başqa bir şey deyildir. Parfenonu mozaika ilə bəzəmək ideyası gülünc görünür, çünki onun müqayisəyə sığmayan gözəlliyinə yalnız xələl gətirə bilər. Fidinin Akropolda yaratdığı bu məbədin arxitekturası etalon kimi qəbul olunur. Parfenonun mühüm elementlərinin  proporsiyanallığı nə qədər mükəmməldirsə, Perikl də bəşər tarixini məhz öz sadəliyi və böyüklüyü ilə bəzəyir.  

 

* * *

 

Perikl b.e.ə. 490-cı ildə Afinada anadan olmuşdu. Onun atası və anası ən tanınmış afinalılar nəslinə məxsus idi. Atası yunan-pers müharibələrində şöhrət tapmışdı. O, Afina donanmasına komandanlıq etmiş və Kiçik Asiya sahillərində perslər üzərində qələbə çalmışdı. Anası isə məşhur və varlı Alkmenoid nəslindən çıxmışdı. Perikl güclü və sağlam uşaq kimi doğulmuşdu, lakin başının qeyri-adi böyüklüyü və forması ilə hamını təəccübləndirmişdi. Onun bu fiziki qüsuru bütün ömrü boyu qaldı, onu gizlətmək üçün rəssamlar və heykəltaraşlar daim Perikli dəbilqədə təsvir edirdilər.

Komediya yazanlar isə Periklin qeyri-adi böyük başına istehza edirdilər və ona "Soğancıqbaşlı" ləqəbini də fikirləşib tapmışdılar.

Perikl çox yaxşı təhsil almışdı. O, məşhur filosof Zenonun mühazirələrini dinləmiş, ondan natiqlik sənətini öyrənmişdi. O, həmsöhbətlərini çıxılmaz vəziyyətlərdə qoya bilirdi. Hər bir afinalı kimi musiqi və şeir yazmağı öyrənməkdən əlavə, böyük filosof Anaksaqorun rəhbərliyi altında təbiət elmlərini də öyrənmişdi. Bu adam deyirdi ki, Günəşin və Ayın hərəkətini allahlar idarə edir, insan isə təbiətin qanunlarını öyrənməlidir. Perikl Anaksaqora xüsusi rəğbət bəsləyirdi və onun rəhbərliyi altında göy hadisələri barədə olan elmi əsaslı qaydada öyrənmişdi.

Yunan fəlsəfəsi bütün biliklərin başlanğıcı kimi geniş yayılırdı. Fəlsəfə Yunanıstanda inkişaf dövrünü yaşayır və mifoloji təfəkkürdən əsl fəlsəfi, elmi təsəvvürə keçid baş verirdi.

Qədim filosofları kosmosun, varlığın və insanın yeri barədəki məsələlər maraqlandırırdı. Naturfəlsəfə ilə birlikdə etika da inkişaf edirdi. Beləliklə, qanunlar artıq ilahi vəhy kimi yox, onu müzakirə etmək və dəyişdirməyin mümkün olduğu kimi başa düşülürdü. İnsan varlığı qarşılıqlı əlaqələrin düzgün idrakı əsasında əxlaqi qaydada hərəkət edə bilər və bilməlidir. Aristotelə görə, dialektkanın ilk əsasını qoyan Zenon Eleyli (b.e.ə. 490-430-ci illər) idi. O, hərəkətin qeyri-mümkünlüyü və əşyaların çoxluğu barədəki təlimin həqiqiliyini sübut etməyə çalışırdı. Onun Axilles barədəki qəribə misalı məlumdur. Axilles tısbağanı ötə bilmir, əlbəttə ki, əgər tısbağa ondan qabaq hərəkət etməyə başlayıbsa. Zenonun müəllimi Parmenid ilk dəfə hissi və təfəkkürü dəqiq qaydada bir-birindən ayırdı. Yalnız axırıncı həqiqətə gətirib çıxara bilər. "Tibəit haqqında" poemasında o, dəyişilməz varlıq haqqında təlimi təsvir etdi. Empodokl (b.e.ə. 483-430-cu illər) dörd əsas element (od, su, hava, torpaq) barədə təlimi inkişaf etdirdi. Birliyin səbəbi - məhəbbətdirsə, ayrılmanın səbəbi - nifrətdir. Protaqor daha məşhur sofist olmaqla, deyirdi ki, "İnsan bütün əşyaların ölçüsüdür". Anaksaqor (b.e.ə. 499-428-ci illər) materiyanın quruluşunu öyrənirdi: bütün cisimlər kiçik, ona bənzər hissəciklərdən ibarətdir. Günəşi, Ayı, ulduzları və meteoritləri artıq ilahi mənşəli deyil, qızarmış daş kütlələri hesab edirdi.

Afinalılar fəlsəfənin öyrənilməsinə, dərk edilməsinə biganə qala bilməzdilər.

Böyük biliklərə malik olması və təbii qabiliyyətləri Perikli də əla natiqə çevirdi, həmvətənləri onun çıxışlarından həzz alırdılar. Nitqləri formaca gözəl, məzmunca dərin olurdu. Heç kəs onu özündən çıxmağa məcbur edə bilmirdi. Biri onu söyməyə və təhqir etməyə başlayanda, Perikl bu adama heç bir cavab vermədi. Lakin həmin adam sakitləşmək bilmirdi. Perikl axşam evinə gələndə onun arxasına düşən həmin adam bərkdən ona təhqiramiz sözlər deyirdi. Perikl evinin qapısına girməmişdən əvvəl öz quluna tapşırdı ki, məşəl götürüb həmin adamı evinə qədər ötürsün.

Öz müəllimi Anaksaqor kimi Periklə də hər cür xurafat yad idi. Bir falçı əlində təkbuynuzlu qoyun başını ona göstərib, dedi ki, tezliklə dövlətdə hakimiyyət bir nəfərin əlində olacaqdır. Həqiqətən də tezliklə Perikl öz rəqibini uzaqlaşdırdı və dövlətin işləri təkcə onun əlinə düşdü. Falçı ondan haqq tələb etdi, lakin Perikl buna inanmadığından ona heç nə vermədi. Müəllimi Anaksaqor isə qoyunun birbuynuzlu olmasını onun kəlləsinin düzgün olmayan quruluşu ilə izah etdi və əslində, burada heç bir qəribəlik də yox idi.

Cavanlığında Perikl o vaxtlar Afinada dəbdə olan cəza növü kimi ostrakizmə məruz qalmaqdan qorxurdu. Çünki tanınmış nəslə məxsus idi və bir vaxtlar Afinada hökmranlıq etmiş tiran Pisistrata da çox oxşayırdı. Qocalar hətta ona da məəttəl qalırdılar ki, onun səsi və danışıq üslubu da Afina tiranının nitqinə bənzəyir. Şəhərdən sürgün edilmək təhlükəsi Perikli dövlət işlərindən uzaqlaşmağa məcbur edirdi. Lakin hərbi yürüşlərdə iştirak edir və özünün cəsarəti və igidliyi ilə fərqlənirdi.

Bu vaxt Afinada görkəmli siyasi xadimlər yox idi. Aristid ölmüşdü, Femistokl isə şəhərdən qovulmuşdu. Demək olar ki, öz iradəsinin əleyhinə dövlət işlərinə cəlb olundu və yüksək vəzifələrə seçildi. Özünün tanınmış nəsildən olmasına baxmayaraq, demos (xalq) partiyasına qoşuldu və bütün ömrü boyu ona sədaqətli qaldı. O, öz həyat tərzini kəskin surətdə dəyişdi, öz qohumları ilə görüşməyi, öz varlı dostları ilə də dostluğu dayandırdı.

Perikl xalq yığıncaqlarında tez-tez çıxış etmirdi, çünki istəmirdi ki, çıxışları xalq üçün adət şəklini alsın. Periklin nitqi bəlağətli və obrazlı idi. Yaxşı təhsil alması ona imkan verirdi ki, öz təbii natiqlik qabiliyyətini inkişaf etdirsin. Müasirləri onu allaha bənzədirdilər və ona Olimpiyalı adı qoymuşdular.

Hələ cavan olanda, demokratik partiyanın başçısı onun yaxın dostu idi. Efiant adlı bu adam aristokratlar üçün qorxulu olduğu kimi, xalqın əleyhinə cinayət etmiş kasıblara qarşı da rəhmsiz idi. Düşmənlərinin göndərdiyi muzdlu qatil onu öldürdü. Demokrat partiyasının başında təkcə Perikl qaldı. Aristokratların lideri Kimon Sparta qaydalarının pərəstişkarı olduğundan, üsyan edən hilotlarla vuruşan Spartaya kömək üçün yürüş təşkil etdiyinə görə Afinadan qovuldu.

Kimonun sürgün müddəti qurtarmasına macal tapmamış, Sparta ilə Afina arasında müharibə başlandı. Böyük Sparta qoşunu Attika ilə sərhəddə olan ölkəyə - Beotiyaya müdaxilə etdi. Afinalılar spartalılara qarşı mübarizəyə qalxdılar. Kimon icazəsiz olaraq sürgündən qayıtdı ki, döyüşdə iştirak etsin. O, göstərmək istəyirdi ki, vətəninin mənafeyi onun üçün Spartadan qiymətlidir. Lakin ona dəstəyə girməyə icazə vermədilər.

B.e.ə. 457-ci ildə Attika sərhədində qızğın döyüş getdi. Perikl öz həyatına məhəl qoymadan igidliklə vuruşurdu. Lakin afinalılar məğlub oldular.

Afinada heyifsilənirdilər ki, təcrübəli Kimonu onlar nahaq şəhərdən qovmuşdular, güman edirdilər ki, o, Afinanı heç də bu biabırçılığa gətirib çıxarmazdı. Perikl vətəndaşların narazılığını hiss edib, onların arzusuna boyun əymək istədi, o, özü Kimonun qaytarılması təklifini etdi. Təklif qəbul olundu, Kimon qayıtdı və ona Sparta ilə atəşkəs razılaşmasına nail olmaq müyəssər oldu. Lakin Persiya ilə Kipr adasında müharibə başladıqda, Kipr yürüşü vaxtı Kimon xəstələndi və öldü.

Kimonun ölümü aristokratları zəiflətdi, onlar Periklə qarşı kimisə qoymağı bilmirdilər. Nəhayət, onlar başçı kimi Kimonun yeznəsi Fukididi seçdilər, onun atası olduqca təmiz reputasiyaya malik idi. Baxmayaraq ki, onda elə bir hərbi istedadlar yox idi, o, aristokratları birləşdirə bildi və onların mənafeyini xalq yığıncağında uğurla qoruyurdu. Kimon kimi Fukidid də hədiyyələr verməklə, kasıblara kömək göstərməklə vətəndaşları öz tərəfinə çəkmək istəyirdi.

Demokratlar isə başqa qaydada hərəkət edirdilər. Onlar hesab edirdilər ki, kasıblar da varlı vətəndaşlar kimi eyni hüquqlara malik olmalıdır. Afinada ictimai vəzifələrlə məşğul olmaq üçün var-dövlətə malik olmaq vacib sayılmırdısa, kasıb adam dövlət vəzifəsini tuta bilməzdi, çünki onun bütün vaxtı yaşamaq üçün vasitələr əldə etməyə sərf olunurdu. Periklin təklifinə görə dövlət vəzifələrini icra etmək üçün kasıblara ictimai ianələr şəklində həsr etdiyi hər günə görə kiçik məbləğdə haqq verilirdi.

Lakin xidmətə görə pul vermək tətbiq olunduqdan sonra da vəzifələr heç də bütün kasıblara qismət olmurdu. Digərlərinin vəziyyətini yüngülləşdirmək üçün hər il 60 triyer (gəmi) işə salınırdı ki, onların ekipajı gəmidə xidmətə görə haqq alsın. Afina ittifaqına daxil olan dövlətlərin torpaqlarında Afina vətəndaşları üçün məskənlər (klerixiyalar) salınırdı ki, istənilən afinalı becərmək üçün orada torpaq sahəsi alsın. Bu qəsəbələr iki vəzifəni həll edirdi, Attikanın sərhədlərindən kənarda qarnizonlar salınırdı və həm də sadə xalqın vəziyyəti yüngülləşirdi.

(Ardı var)

 





09.10.2022    çap et  çap et