525.Az

Valideynlərin məktəblərə könüllü ianə verməsi ilə bağlı yaradılan yeni pilot layihənin icrasına başlanılacaq


 

Valideynlərin məktəblərə könüllü ianə verməsi ilə bağlı yaradılan yeni pilot layihənin icrasına başlanılacaq <b style="color:red"></b>

“Valideynlərin məktəblərə könüllü ianə verməsi ilə bağlı yaradılan yeni pilot layihə "Məktəb-Ailə" İcma Birliyi adlanır. Könüllü olaraq hansı məktəb istəsə, bu layihə fəaliyyətə başlaya bilər. Hazırda bu layihə 12 məktəbdə təklif olunub. Oktyabr-noyabr aylarında sözügedən məktəblərdə bu layihə fəaliyyətə başlayacaq. Burada əsas məqsəd məktəbə edilən ianələrin şəffaflığının və effektivliyini təmin olunmasıdır. İcma birliyinin idarəetməsi 9 nəfərdən ibarət olacaq. 4 nəfər məktəb, 5 nəfər isə ailə tərəfindən, hətta şagirdlər də buraya daxil olacaq ki, qərar vermədə məktəbin üstünlüyü deyil, ailə icma birliyinin üstünlüyü çox olsun".

Bunu 525.az-a açıqlamasında Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə deyib. Onun sözlərinə görə, əslində məqsəd təhsil müəssisələrində bu cür qanunsuzluğun qarşısını almaqdır: "Məktəblərdə könüllü ianələrin qəbulu adından da göründüyü kimi könüllü olacaq. Məktəblərdə idarə heyyəti 9 nəfərdən ibarət olacaq. Onlardan beş nəfəri ailə və icmanı təmsil edəcək, dörd nəfər isə məktəbi. Yekun qərarları ailə icma tərəfi verdiyinə görə, burada məktəbin öz marağından çıxış edərək neqativ qərar verməsi mümkün olmayacaq. Qərarlar valideynlər tərəfindən veriləcək".

R. Əsədzadə bildirib ki, könüllü ianə fond pulunu əvəz etməyəcək. Toplanan ianə məktəblərdə dərsdən kənar fəaliyyətlərin təşkilinə sərf olunacaq: “Bu gün məktəblər dərsdən kənar fəaliyyətləri tam təmin edə bilmir. Amma könüllü toplanan ianələr ekskursiyaların təşkili, dərsdən kənar dərnəklərin təşkilinə imkan yaradacaq. Valideynlər könüllü toplanan ianədən övladlarının inkişafı üçün istifadə edə biləcəklər. R. Əsədzadə iddia edir ki, bu vəsait məktəbi təmir etmək, süpürgə almaq üçün istifadə edilməyəcək”.

Şura katibi qeyd edib ki, ailə və icmanın nəzarəti nəticəsində məktəb direktorlarının toplanan ianədən sui istifadəsinə yol verilməyəcək: "Ailə və icma üzvülərinin olması ona görə lazımdır ki, bu cür neqativ hallara imkan verilməsin. Nazirlik bütün məktəblərdə bu prosesi izləyə bilməz. Hər icma məktəblərdə özü buna nəzarəti təmin edəcək".

R. Əsədzadə onu da əlavə etdi ki, ianə könüllü olduğundan, burada köçürüləcək məbləğin nə qədər olması vacib deyil: "İanə hər valideynin öz istəyindən asılı olacaq. Amma ailə icması özü sabit bir məbləğ də müəyyən edə bilər. İanə təkcə pul şəklində olmaya da bilər. Onun sözlərinə görə, ola bilər ki, hansısa valideyn məktəbə 10 ədəd kompyuter alıb ianə etsin. Yaxud da valideynlər toplanan ianədən məktəb üçün 3D printer alsınlar”.

R. Əsədzadənin dediyinə görə, pilot layihəyə oktyabr ayının ortalarından başlanıla bilər.

Sevinc Qarayeva

 

 

 





09.10.2022    çap et  çap et