İranda nisbətən sakit keçən bir neçə gündən sonra Məhsa Əmini etirazları yenidən başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, geniş təhlükəsizlik tədbirlərinin görüldüyü paytaxt Tehranda son günlər küçə etirazları universitet və orta məktəblərdə nümayişlərlə əvəzlənib.
Lakin, etirazçıların bu gün yenidən meydanlara çıxmaq çağırışlarına cavab verilib və günorta saatlarında küçə nümayişləri bərpa olunub. Vəliasr, Cumhuri, Şərif Metro və Kəşavərz küçələrində, Danışcı parkında, İnqilab meydanı ətrafında və şəhərin bir çox yerində eyni vaxtda nümayişlər keçirilib.
Gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edən təhlükəsizlik qüvvələrinin hökumət əleyhinə şüarlar səsləndirən qruplara qarşı rezin güllələrdən istifadə etdiyi də görülüb.
Sosial mediada paylaşılan görüntülərə görə, tələbələr Elburz vilayətinin Kərəc şəhərində Xarəzmi Universitetinin şəhərciyi qarşısında etiraz aksiyası keçiriblər. Bildirilib ki, Zəhra Universitetinin tələbələri də eyni vaxtda nümayiş təşkil ediblər.
Malik Atilay
çap et