İran dövlət televiziyası müxalif hakerlər tərəfindən kiber hücuma məruz qalıb.
525.az xəbər verir ki, hücuma görə məsuliyyəti daha əvvəl İran hökumətinə qarşı kiberhücumlar həyata keçirən “Ədaləti-Əli” adlı kiber hakerlər qrupu öz üzərinə götürüb.
İran dövlət televiziyasında təqdim olunan xəbər bülleteni zamanı İran lideri Ayətullah Əli Xamneyinin çıxışı yayımlanarkən qəfil saxlanılaraq dünyasını dəyişən Məhsa Əmini və etirazlar zamanı həyatını itirdiyi iddia edilən qadınların görüntüləri ekrana çıxıb. İran lideri Xamneyinin hədəf kimi göstərildiyi və “Bizə qoşulun və ayağa qalxın” yazılan qısa videoda “qadın, həyat və azadlıq” şüarları səslənib.
Daha əvvəl kiberhücumlar həyata keçirən “Ədaləti-Əli” adlı hakerlər qrupu Twitter hesabında hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Yarı-rəsmi İran Tələbə Xəbər Agentliyi (İSNA) kiberhücumla bağlı “Haker qrupunun hücumuna məruz qalan dövlət televiziyasının 21:00 xəbər bülleteni bu yaxınlarda bir neçə saniyəlik kəsildi” xəbərini verib. Dövlət televiziyasının daha əvvəl də oxşar hücumlara məruz qaldığına işarə edən İSNA, telekanalın təhlükəsizliyinin təmini üçün lazımi tədbirlərin alınmasının vacib olduğunu yazıb. İran dövlət televiziyası əvvəllər də oxşar kiberhücuma məruz qalıb. Televiziyanın yanvarda yayımlanan efirində ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının rəhbərlərini tərifləyən məzmunlu video bir neçə saniyə ərzində ekranda yayımlanıb.
Malik Atilay
çap et