525.Az

Rəşad Məcid: “Həyat yoldaşım deyir ki, sən elə oğlanların kimi 20 yaşlı cavansan”


 

Rəşad Məcid: “Həyat yoldaşım deyir ki, sən elə oğlanların kimi 20 yaşlı cavansan”<b style="color:red"></b>

Yazıçılar Birliyinin gənclərlə üş üzrə katibi, tanınmış şair Rəşad Məcidlə həmsöhbət olmaq çoxdankı arzum idi. Sözün düzü onunla həmsöhbət olmağa özümü çox da hazır bilmirdim. Rəşad müəllim nə qədər şən, zarafatcıl görünsə də, olduqca ciddi adamdı. Bu günlərdə özümdə bir qüvvət tapıb ondan müsahibə almağa qərar verdim. Ancaq bu müsahibəni oxuculara fərqli şəkildə təqdim etməyi düşündüm. Həmkarım, şair Günay Novruz da söhbətə qoşuldu.

- Rəşad müəllim, Yazıçılar Birliyində gənclərlə işin vəziyyəti nə yerdədir?

- Gənclər həmişə var. Bu il də qurultayla bağlı yeni gənclər şurası yaradılıb.  Elşad Əlşadoğlu şuranın rəhbəri təyin olunub. Bu il hardasa yenə 20-25 nəfər gənci Yazıçılar Birliyinə qəbul elədik və onlar da növbəylə təqaüd alacaqlar.

- Bəs Azərbaycandan kənarda yaşayan AYB üzvləri qurultaya cəlb olundumu?

- Moskvada bizim büromuz var, onlar da qurultayın nümayəndələridirlər, gəliblər. Burda Xaqani Qayıblını siz də gördünüz Estoniyada yaşayır. Tarto universitetində çalışır. Xaricdə yaşayan mütəmadi ədəbiyyatla məşğul olan AYB üzvləri qurultaya dəvət olunub. Bəziləri fəxri qonaq kimi, bəziləri nümayəndə kimi.

- Deyərdim ki, sizin son dövrdə gənclərlə səmərəli iş birliyiniz baş tutur. Onların yaradıcılıq uğurları hansılardı?

- Mənim müşahidəmə görə, 10 il bundan qabağı götürsək, indi gənclərdə daha çox maraq var ədəbiyyata. Yazı-pozu, jurnalistika cəlbedici sahədir. Gənclərlə işləmək həvəsimi artırır. Hər halda mən düşünürəm ki, 5-10 istedadlı gənc Azərbaycan ədəbiyyatında, tarixində qala biləcək. Bu da gənclərin özündən asılıdır. Uzun illər gərgin əməyin, zəhmətin, çalışmağın, aktuallığın sahəsində mümkün olur. Kim bu yolu keçə biləcəy o da azərbaycan ədəbiyyatında yer tuta biləcək.

 

- Siz eyni zamanda da populyar, çox oxunan “525-ci qəzet”in baş redaktorusunuz. Burada gənclərə daha çox tribuna verirsiniz. Onların tanınmasında misilsiz iş görürsünüz.

- “525”-in ilk nömrəsi 1992-ci ilin 17 noyabrında çıxmışdı. Orda mən təsisçi kimi müraciət etmişdim bütün gənclərə ki, bu qəzet istedadlı gənclərin qəzeti olacaq. O vaxtdan 22 il keçib. 22 il ərzində “525” demək olar ki, gənclərin əksəriyyətinin ilk yazılarını çap edib. Azərbaycan ədəbiyyatında artıq layiqli yeri tutmuş, klassikə çevrilmiş yazıçıların da yazıları “525”də çıxıb. 90-cı illərdə ümumiyyətlə ədəbiyyata maraq çox azalmışdı. Bütün qəzetlər siyasiləşmişdi, ədəbi jurnallar çıxmırdı. O dövrlər ədəbiyyat materialları verməyə başlayanda bizim bir çox dostlarımız mənə irad tuturdu ki, cəmiyyət siyasiləşib və artıq ədəbiyyata maraq yoxdur. Və zaman göstərdi ki, biz düz eləmişik, ədəbiyyata qəzetdə yer ayırmaqla qəzetimizi ziyalıların, mədəniyyət, ədəbiyyat adamlarının tribunaya çevirə bilmişik. Eyni zamanda da bu gün də ədəbiyyata yeni gənclər gəlir və biz onların da yazılarını çap edirik. Bu mənada mən “525”-in uzunömürlü olacağına inanıram.

- Yaxın vaxta – bir aydan sonra 50 illiyinizi qeyd edəcəksiniz. Bu 50 ildə Rəşad Məcid 5 kitabla oxucu görüşünə gəlib. Mən deyərdim ki, sizin kimi həm də ciddi jurnalist fəaliyyəti olan adam üçün 5 kitab əslində az deyil. Ancaq 10 gün ədəbiyyatda, jurnalistikada olan adamlar artıq 50 kitab nəşr etdirib. Bu barədə nə düşünürsünüz?

- Kitab məsələsinə mən ümumiyyətlə ciddi yanaşıram, məsuliyyətlə yanaşıram. Yazıya, ədəbiyyata barmaqarası baxmıram. “10 sentyabr” hekayəsi barədə də danışanda demişəm ki, mən 2003-cü ilin fevral ayında “10 sentyabr”  hekayəsini dərc edəndə, özümdə belə bir dərin inam var idi ki, bu hekayə ilə Amerikanın İraqa qarşı hücumunun qarşısını alacam. Mən ədəbiyyata bu cür baxıram. Ədəbiyyata insanların, cəmiyyətin həyatını dəyişə biləcək, təsir edə biləcək böyük bir güc, ilahi bir qüvvə kimi baxıram. Bu mənada elə candərdi, yazmaq xatirinə yazmaq tərəfdarı deyiləm. Amma eyni zamanda 80-ci illərin ikinci yarısından sonra ölkədə baş verən hadisələr xeyli dərəcədə həyat yolumu dəyişdi. Aktiv ictimai-siyasi fəaliyyətlə məşğul oldum, redaktorluq etdim, jurnalistikada işlədim. Ona görə də bədii yaradıcılığa vaxt ayıra bilmədim. Arada elə dövr olub ki, mən 10 il, 15 il heç şeir yazmamışam. Ancaq esselər, puplisistik yazılar yazmışam. 50 yaşımda da “Dəlicəsinə” adlı bir kitab nəşr etdirdim. Bu kitabda mənim son illərdə yazdığım esselər toplanıb. 50 yaşıma bir hesabat kimi. Amma ondan əvvəl də kitablarım 5 ildən bir çıxıb. “10 sentyabr” kitabım da 40 yaşımda çıxmışdı. “Əlvida və salam” 45 yaşımda. İndi 50 yaşa çatmışam bu illərdə xeyli şeirlər yazmışam, o şeirləri də yəqin ki, çap elətdirəcəm. Beynimdə ədəbiyyat düşüncələri var. Hətta hazır hekayə süjetləri, roman da... Onları yazmağa vaxt tapmaq, yəni bu cari işlərdən ayrılıb məhz ədəbiyyatla məşğul olmaq güc tələb edir. Amma ədəbiyyatı çox böyük hadisə, məsuliyyətli bir iş hesab edirəm. ədəbiyyat adamlarına da münasibətim bu mənada çox ciddidir. Dəyərli ədəbiyyat nümunələrini izləyirəm, dəyərləndirirəm.

 

- Söhbətimizdə də qeyd etdiniz ki, ədəbiyyata şeirlə gəlmisiniz. Şeirlərinizi çox oxumuşam, ədəbiyyata gəlişinizdə Hüseyn Arif sizə ilk xeyir-dua verib, eləmi?

- Sonra da ədəbiyyat adamlarından dəstək gördüm, Aqil Abbasla tanış oldum. Aqil müəllimlə uzun illərdir dostuq. Aqilin hesabına xeyli ədəbiyyat adamları ilə tanış oldum. Günlərin birində rəhmətlik Aydın Məmmədov məni Tərcümə Mərkəzinə sədr müavini təyin elədi. Onda burda gənc yazarlar, bütünlükdə 100-ə yaxın işçi var idi. O vaxtkı dövrün bütün üsyankar yazarları burdaydılar. Onlarla bir yerdə işlədim və bir də gözümü açdım ki, ədəbiyyat adamlarının içindəyəm. Əlbəttə, 2004-cü ildə də Anar müəllim məni Yazıçılar Birliyinin gənclər üzrə katibi təklif edəndə bu mənim üçün əsl sürpriz oldu. Həm də görünür bu, yaşadığım illər, fəaliyyətimin məntiqi bir nəticəsidir. Uşaqlıqdan mən şeir yazarkən arzulayırdım ki, nə vaxtsa Yazıçılar Birliyinin katibi olum və yaxud məqalələr yazarkən düşünərdim ki, qəzet redaktoru olum. Məni alt qatda şüur-intuisiya gətirdi bu yola çıxardı. Elə bu baxımdan indi rahatam. Xoşladığım, zövq aldığım işlərlə məşğulam.

- “Dəlicəsinə” kitabından danışaq. Kitabda demək olar ki, bütün yazılarınızı oxudum. Orada bütün xatirələrinizi qeyd edirsiniz. Diqqətimi Qarabağ haqqında çəkən bir yazı oldu. Orda da qeyd etmisiniz ki, güclü olmalıyıq, özümüzə güvənməliyik, bir olmalıyıq. Bunu ədəbiyyata da şamil etmək olarmı?

- Əlbəttə, orda mən bir düstur kimi yazmışam. Bilirsiniz, futbol son zamanlar bizim həyatımıza çox sirayət edib. Eyni zamanda da futbolda da elə dəqiq düsturlar, teoremlər var ki, o həyatın digər sahələrinə də şamil olunur. Mənim də bu tip yazılarım çoxdur. Məsələn, mən tez-tez gənclər üçün bir fikir deyirəm ki, bir insan öz işiylə mütamadi dayanmadan, zəhmət çəkərək məşğul olursa, heç nəyə baxmadan mütləq o hardasa təsdiqini tapır. Sadəcə olaraq, o işlə ürəkdən, dərindən, dəlicəsinə məşğul olmalıdır.
Bu mənim fikrim deyil, yəni ədəbiyyatda da, düşüncələrdə də var ki, insan bir işi dəlicəsinə arzulayırsa, mütləq ona çatır.
Qarabağ uşaqlığımın keçdiyi Ağdam, sevdiyim şəhər olan Şuşa gözümü açdığım Laçın, Ağoğlan kəndi mənim üçün bir ağrılı məqamdı, ürəyimi titrədən, kövrəldən bir yerdir. Mən o hadisələri, o yerləri virtual olaraq xatırlayanda da əsirəm, göz yaşlarımı saxlaya bilmirəm. Mən “Google”də nənəmin Ağoğlan kəndindəki evini tapdım, Ağoğlan məbədinə baxdım orda və nənəmin evinin damını uçulmuş gördüm. O kənddən sujetlərə baxdım, orda ermənilər tədbirlər keçirirlər. Ordakı alban məbədini də ermənilər kilsəyə çeviriblər və çox sarsıldım. Buna görə də keçmişi, o yerləri ağrıyla, əzabla xatırlamaq çətindir. Hətta o tərəflərə - Qarabağa gedəndə, o dağları görəndə içimdə nələrinsə sınıb dağıldığını hiss edirəm. Amma bütün bu pessimist notlara baxmayaraq, mən inanıram ki, biz mütləq o torpaqlara qayıdacayıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bizim üçün də öz doğulduğun yerin havasından, suyundan doğma heç nə ola bilməz.

 

- Bəs 50 yaşdan sonra özünüzü necə hiss edəcəksiniz?

- Mən artıq 40 yaşında olanda çox stress keçirtdim bir neçə ay. Elə bilirdim ki, artıq ömrümün sonudur. Məndə  40 yaşın kompleksi oldu. Amma bir neçə aydan sonra gördüm ki, 40 yaşın elə də qorxusu yoxdu. Ola bilər ki, nəsə davranışda bir az ağırlıq olur. Amma mənim həyat yoldaşım deyir ki, sən elə oğlanların kimi cavansan, elə bil 20 yaşın var. Bu mənada mənim yaşım ovqatımla bağlıdır. Mənim daxili vəziyyətimlə, ruhumla bağlıdır. Ola bilər ki, 50 yaşında 20 yaşlı cavanlarla hər şeydə bəhsə girə bilərəm. Amma elə də məqamlar olur ki, bayaq dediyim bədbin əhval-ruhiyyədə oluram ki, özümü dünyagörmüş müdrik bir qoca, hər şeyin dadını görmüş, hər şeydən başı çaxan bir insan kimi hiss edirəm. Bu da bir az çətin olur, həyatdab zövq almaq olmur, hər şey arxada qalır, heç nə səni təəcübləndirmir. Uşaq vaxtı 50 yaşında adamı yaşlı qoca kimi bilərdim. Amma indi özümü 50 yaşında cavan oğlan kimi bilirəm.

- Rəşad müəllim, haqqınızda mətbuatda bəzi xoşagəlməyən yazılar yazırlar, amma siz bunların heç birinə reaksiya vermirsiniz. Bu nədən irəli gəlir?

- Yox, bəzən son illərdə olur ki, hirslənirəm. İstedad həmişə məni təsirləndirib, gözümü yaşardıb. Və həmişə də istedadlıya kömək etmişəm. Özümün baxışlarımla hansı ədəbi dəyəri olan nəsə sezmişəmsə, kömək etmişəm. İnsanların bir çoxunda naxələflik var, çatışmayan qüsurlar var. Çörəyi dizinin üstə olan, etibarsızlar var. Naxələflər olsa da, istedadlı gənc görəndə köməklik etməyə çalışıram. Mən qol-qanad verə bilərəm, kömək edə bilərəm, dəstək verə bilərəm, amma o istedadlı adamın özündə, içində təpər olmayacaqsa, inadkarlıq, zəhmət olmayacaqsa, min Rəşad Məcid kömək etsə də, xeyri yoxdur. Və yaxud bir istedadlı adam varsa və o istədiyi bir məqama çatmaq üçün əziyyət çəkir, mübarizə aparırsa, min Rəşad Məcid ona mane olsun, o, yenə də öz istədiyinə çatacaq. Ona görə də bu gənclərə əsas arzum budur ki, özlərini qorusunlar. Öz yollarını getsinlər. Ədəbiyyat geniş bir sahədir. Heç kim heç kimin yerini dar eləmir. Kimin də qismətində nə varsa, kim nə zəhmət çəkirsə onun müqabilində əkdiyini biçəcək.

- Sonda oxuyanlara sözünüz. Elə adamlar var ki, ünsiyyətə girə bilmir sizinlə, kitabınızı oxuyur və yaxud müsahibələrinizi...

- Bilmirəm, mən sosial şəbəkələrdə açığam hər kəsə, yaxşı fikirləri olursa, o dəqiqə qiymətləndirirəm. Bəziləri deyir ki, Rəşad müəllimin üzü gülməsə, qorxuruq ona söz deməyə. Amma bu belə deyil. Mən səmimiyəm, hamıyla ünsiyyətə açığam və kim nə istəyirsə soruşa bilər.

Modern.az

Savalan Talıblı
Günay Novruz

 





17.06.2014    çap et  çap et