Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixlərində keçirilən Vlll Beynəlxalq Kitab Sərgisində Respublika Xatirə Kitabı redaksiyası iki təqdimatla çıxış edib. Oktyabrın 6-da redaksiya "44 gün zəfər tarixi" adlı ensklopetiyanın I cildinin təqdimatını keçirib. Təqdimat böyük marağa səbəb olub.
Oktyabrın 8-də redaksiyanın layihəsi olan "Vətən daşı" silsilə sənədli filmlərdən biri ictimaiyyətə təqdim edilib. Bu film Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində doğulub buradan müharibəyə könüllü qatılan şəhid Saleh Əliyevə həsr olunub.
Tədbiri filmin ssenari müəllifi və quruluşçu rejissoru Vüsal Nuru açaraq film haqqında qısa məlumat verib.
Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında layihə haqqında danışıb, filmdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Filmin nümayişindən sonra şəhidin anası Solmaz xanım şəhid haqqında danışaraq onun xatirəsini əbədiləşdirən filmə görə yaradıcı heyətə minnətdarlığını bildirib.
Çıxış üçün söz akademik Ziyad Səmədzadəyə verilib. Z.Səmədzadə filmdən təsirləndiyini və filmdə qürurlu bir ana, qəhrəman bir Azərbaycan oğlunu gördüyünü xüsusi vurğulayıb və dövlətin şəhidə, şəhid ailələrinə olan qayğısından, 44 günlük müharibədəki Ali Baş Komandan, prezident İlham Əliyevin möhkəm və dönməz iradəsindən söz açıb.
Daha sonra M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, jurnalist Zemfira Məhərrəmli, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, şair, jurnalist Gülşən Behbud da film və tarixi qələbəmiz haqqında düşüncələrini bölüşüb, bu ağır, lakin çox vacib olan iş üçün redaksiya heyətinə təşəkkürlərini bildiriblər.
Həm ssenari, həm də rejissor işinin peşəkarlığı ilə seçilən qürur dolu film izləyicilərin yaddaşından silinməyəcək iz buraxıb.
Sonda hər bir şəhid haqqında filmin çəkiləcəyi barədə tamaşaçılara məlumat verilib. Bildirilib ki, Redaksiyanın məqsədi şəhidlərimizin xatirəsini həmişə uca tutmaq, onları yaddaşlarda yaşatmaqdır.

çap et