Bir çox ölkələrdə özü kiçik, amma adı turizmin bu və ya digər yönü baxımından, dünyaca tanınan şəhərlər mövcuddur. Ölkəmizin bu cür məkanı, heç şübhəsiz, Naftalandır. Onun şəfalı neftini dünyanın səkkizinci möcüzəsi hesab edənlər heç də az deyil. Naftalandakı “Əsa muzeyi” də bunun hələ gözə görünən əyani sübutlarındandır. Neçə onilliklər ərzində möcüzəvi neft sayəsində şəfa taparaq, hərəkət qabiliyyətlərini bərpa edənlər əsalarını burda qoyub, sap-sağlam öz vətənlərinə dönüblər.
Hazırkı dövrdə müasir müalicə üsullarının geniş tətbiqi, eləcə də Naftalanın işğaldan azad edilmiş səyahət potensiallı ətraf ərazilərlə vəhdətinin perspektivləri bu yerlərin turizm imkanları üçün geniş meydan açır.
“Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” adlı Beynəlxalq elmi-praktik konfransda da bu haqda söhbət gedib. Konfrans Naftalan şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı, ölkədə otelçilik işi ilə məşğul olan “PMD Hospitality” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilib.
Azərbaycan, Türkiyə, Rusiya, Latviya, Litva, Ukrayna və Almaniyanın turizm, səhiyyə, sanatoriya-kurort sahələrinin mütəxəssisləri və dövlət orqanlarının nümayəndələrinin iştirak etdiyi iki günlük konfransın əsas məqsədi Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsi, həmçinin, Vətən müharibəsindən sonra bölgədə bu sahədə yaranmış imkanların araşdırılması olub.
Konfransda açılış nitqi ilə çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqları salamlayıb. Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, səhiyyə nazirinin müavini İlqar Qasımov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov və başqaları çıxış ediblər. Onlar Azərbaycanın işğaldan azad olunmuş bölgələrində turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşurutlarının yaradılması, habelə ölkəmizin sağlamlıq və turizm xidmətlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi məsələlərindən danışıblar.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev işğaldan azad olunan ərazilərdə turizmin inkişafı perspektivlərindən də danışıb: "Bu ərazilərdə ilk turizm məqsədli mərkəz Suqovuşanda formalaşdırılır. Bu turizm mərkəzinin yaradılması Naftalanda turizmin inkişafı üçün də əhəmiyyət kəsb edir. Belə ki, ötən il təməli cənab Prezident tərəfindən qoyulan, hazırda icra mərhələsində olan Suqovuşan turizm kompleksinə məsafə baxımından yaxınlıq Gəncə ilə yanaşı, həm də Naftalandan oraya turist səfərlərinin təşkil olunacağını deməyə əsas verir. Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına öz müsbət təsirini göstərəcək. Naftalan-Talış-Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm amil hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalana gələn turistlərin Suqovuşana səfərinin asanlaşması və qısa müddətli turist səfərlərinin təşkilini mümkün edəcək".
Konfrans çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Almaniya Tibbi Sağlamlıq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Konfrans günlərində Naftalan Turizm İnformasiya Mərkəzinin də açılışı olub. Müasir standartlara cavab verən Mərkəzin əsas fəaliyyət istiqamətləri turistlərin məlumatlandırılması ilə yanaşı, yeni turizm məhsulların yaradılmasına dəstək göstərmək, mövcud xidmətləri inkişaf etdirmək, turizm fəaliyyətini təşviq etmək, yerli sakinlərin kiçik və orta biznesinə dəstək olmaq, regionda turizmin təşkili məsələlərində dövlət və özəl qurumların əməkdaşlığının inkişafına töhfə verməkdir.


Zakir MURADOV
Gəncə-Naftalan
çap et