525.Az

Şuşaya borcum - İlqar Tağıyev yazır


 

Şuşaya borcum - <b style="color:red"> İlqar Tağıyev yazır</b>

"Bax, o sıldırım qayaları görürsən? Əsgərlərimiz Şuşaya oradan qalxmışdılar". Sürücümüz uzaqda başı dumanlı qayalıqları göstərərək Şuşaya çatdığımıza eyham vurur. Nemət bu yerlərə yaxşı bələddir, tez-tez qonaqları Qarabağa aparır. Əslində, Nemət deməsə də, Şuşaya çatdığımızı bilirdim. Hələ müharibənin gedişində hər gün "Google Earth"la Qarabağı addım-addım "gəzmişdim". O vaxtdan 2 il keçir. Xəritədə çox yerlər əvvəlki kimi qalsa da, yeniliklər göz oxşayır. Ələlxüsus da bizi Şuşaya aparan Qarabağ və adı qədər gözəl "Zəfər yolu". Yolun mənbəyindən başlayım - Füzulidən...

Yol kənarındakı "İşğaldan azad olunmuş əraziyə giriş" yazısı... insanda qəribə hisslər oyadır. Ətraf xarabalıqdır. Dağıdılmış kəndlər, qəsəbələr, bir də ermənilərdən "yadigar" qalmış səngərlər. Bu xarabalığın arası ilə Şuşaya doğru möhtəşəm bir yol uzanır - "Zəfər yolu"! İlk dayanacağımız Füzuli şəhəridir. Həmkarlarım buranın bir vaxtlar gözəlliyi ilə ad çıxaran Füzuli olduğunu deməsəydilər, bilməzdim. Şəhərdən əsər-əlamət qalmayıb. Amma pərişan olmağa dəyməz, Füzuli də yenidən qurulur. MİDA-nın inşa etdiyi yaşayış binalarında qızğın iş gedir. "Azərişıq" ASC isə yeni rəqəmsal yarımstansiyanı istifadəyə verməyə hazırlaşır. Yeri gəlmişkən, bu səfəri yüksək səviyyədə təşkil edən "Azərişıq" və MEDİA-ya bəri başdan minnətdarlıq edim ki, sonra yaddan çıxar, ayıb olar. Səfərin məqsədi "Azərişıq" tərəfindən Füzuli, Hadrut və Şuşada görülən işlərin gedişi ilə tanışlıq idi. Təməli ötən il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş Füzuli şəhərini elektrik enerjisi ilə təmin edəcək Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, eyni zamanda, Xocavənd, Şuşa və ətraf əraziləri elektrik enerjisi ilə "qidalandıracaq" Hadrut Qovşaq Yarımstansiyası və İdarəetmə Mərkəzində işlər başa çatmaq üzrədir, noyabrın ilk günləri istifadəyə veriləcək. Şuşadakı Rəqəmsal İdarəetmə Mərkəzi isə çoxdan fəaliyyətdədir. Füzulidən sonra Hadrutun girişində inşa olunan qovşaq yarımstansiyası ilə də tanış oluruq. Yaxın gələcəkdə ətraf kəndləri, şəhərləri məhz bu qovşaq "işıqlandıracaq". Özü də fasiləsiz və problemsiz.

Dağların arasında yerləşən, təbii gözəlliyi ilə insanı valeh edən Hadrut! O dağların ki, hər təpəsi, hər daşı təbii səngərdir. Və o səngərləri 2 il əvvəl igid əsgərlərimiz qanları-canları bahasına azad ediblər, Şuşaya doğru yol açıblar - Zəfər yolu.

Biz oktyabrın 7-də səfərə çıxmışdıq. Cəmi 2 gün sonra Hadrutun işğaldan azad olunmasının 2-ci ildönümü qeyd olunacaqdı. 2 il əvvəl bu dağlarda qızğın döyüşlər gedirdi. İndi isə... Dincəlin, dağlar! Təəssüf ki, Hadrut dağlar qədər gözəl görünmür, qəsəbədə səliqəsizlikdi. İşğal dövründə burada ermənilər yaşayıb və adlarına uyğun "quruculuq işləri" aparıblar. Eybi yox, bir neçə ildən sonra görərlər ki, qurub-yaratmaq necə olur. "Google Earth"dan baxarlar.

...Ölməyib görəydim seyrini hər yaz,

Səndə vardır başqa lətafət, Şuşa!..

Bu sözlər dahi Səməd Vurğunun qələmindən "doğulub". Şuşa doğrudan da bir başqa aləmdir! Sözlə nə qədər canlandırsam da, azdır. Mütləq canlı görmək lazımdır. Hər bir azərbaycanlıya Şuşanı görməyi arzulayıram! Bir vaxtlar özümə də arzulamışdım - Şuşada olmağı, Şuşa qalasını, Cıdır düzünü görməyi, Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini ziyarət etməyi... Ən əsası Yuxarı Gövhər ağa məscidində müharibə günlərinin sayı qədər - 44 rükət namaz qılmağı. Böyük ölçüdə arzuma çatdım. Təəssüf ki, Cıdır düzünü görə bilmədim. Duman imkan vermədi. Məscidlər isə təmir işləri aparıldığı üçün bağlı idi. Eybi yox, qalsın gələn dəfəyə. Şuşaya borclu qaldım! Qismət olsa, sözümü tutacam. Şuşanı, Qarabağı bizə qaytaran ordumuzun, şəhidlərin borcundan çıxmaqsa mümkün deyil!

 

 





11.10.2022    çap et  çap et