İran, Məhsa Əminin ölümündən sonra başlayan etirazların yatırılmasında iştirak edən bəzi İran təhlükəsizlik rəsmilərinə sanksiya tətbiq edən Böyük Britaniyaya cavab olaraq, bu ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
525.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, İngiltərənin İran rəsmilərinə qarşı tətbiq etdiyi “özbaşına və əsassız” sanksiyalara görə Böyük Britaniya səfiri Saymon Şerklif nazirliyə çağırılıb.
Böyük Britaniyanın etirazlara qarşı tətbiq etdiyi sanksiyaların “İranın daxili işlərinə müdaxilə” olduğu açıqlanıb. Açıqlamaya görə, Şerklifə İranın sanksiyalara cavab vermək hüququnu özündə saxladığı xatırladılıb.
Britaniya səfiri vəziyyəti dərhal Londona bildirəcəyini deyib.
Qeyd edək ki, Britaniya dünən Məhsa Əminin ölümündən sonra ölkəyə yayılan etirazlara müdaxilə edən bəzi İran təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Sanksiya siyahısına İran İnqilab Keşikçiləri Korpusunun Əsas Qüvvələr Komandanı Qulam Rza Süleymani, Polis Xidmətinin rəisi Hüseyn Esteri və İran Polis Xüsusi Qüvvələri Komandanlığının rəisi Həsən Kərəmi də daxildir.
Malik Atilay
çap et