Ötən həftə Praqada Avropa siyasi birliyinin Zirvə toplantısı çərçivəsində keçirilən dördtərəfli görüş Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması üçün ardıcıl işlərə başlanılması istiqamətində bir irəliləyiş oldu.
Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın 5 saatdan artıq davam edən görüşünün sonunda verilən bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Almatı bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Bundan başqa, tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Qeyd edək ki, oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan tərəfindən 17 erməni əsirin geri qaytarılmasını müsbət addım kimi dəyərləndirən Blinken ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin, digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirib.
Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib. Azərbaycan post-münaqişə dövründə qalan məsələlərin həllini tapması, sülh sazişinin imzalanması üçün öz qəti iradəsini ortaya qoyub. Ötən iki ilə yaxın müddətdə rəsmi Bakı atdığı addımlarla, imzalanmış bəyanatların icrasına sadiqliyi ilə sülhyaratmada, münasibətlərin normallaşmasında maraqlı olduğunu ortaya qoyub. Ermənistan tərəfi isə hər görüşdən sonra siyasi və hərbi təxribatları ilə prosesə zərbə vurub. 31 avqust Brüssel görüşünün ardınca İrəvan 12-13 sentyabrda dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatla, üçtərəfli bəyanatları yerinə yetirməkdən boyun qaçırmaqla irəli getməkdə maraqlı olmadığını göstərdi. Lakin Ermənistan rəhbərliyi yaxşı anlayır ki, üzərinə düşən öhdəlikləri yerinə yetirməli, prosesin sona çatdırılması üçün lazım olan addımları atmalıdır. Əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər.
Cari ilin martında Azərbaycan Ermənistana münasibətlərin normallaşması üçün beş baza prinsipi təqdim edib. Bunlar dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır.
Daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycanın təklif etdiyi 5 bənddə Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. İrəvanın sözü ilə əməli arasında ziddiyyət zaman-zaman özünü göstərib. Qarşı tərəfin sülhdə nə dərəcədə maraqlı olduğu onun qarşıda atacağı addımlardan bəlli olacaq. Praqa görüşü sülhyaratmada mühüm mərhələ ola bilər. Təbii ki, qeyd edildiyi kimi, bunun üçün Ermənistanın nəhayət siyasi iradə ortaya qoyması, öhdəliklərinə əməl etməsi vacibdir.
Milli Məclisin deputatı Elman Nəsirov hesab edir ki, oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşün məqsədi Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün münbit şəraiti təmin etməkdən ibarət idi: "Görüşlər təxminən beş saatdan çox çəkdi. Məhz bu təmaslar nəticəsində bir sıra mühüm razılaşmalar əldə edildi. Bu görüşlərin nəticəsi olaraq dördtərəfli bəyanat qəbul edildi".
Deputata görə, bəyanatda Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyün və suverenliyini tanıdıqlarını bəyan etmələri mühüm məqamlardan biridir. Həmçinin, iki dövlət arasında sərhədlərin müəyyən edilməsində bu prinsip əsas götürülür.
O xatırladıb ki, ilk dəfə olaraq Azərbaycan və Ermənistan dövlətləri arasında sərhədlərin müəyyən edilməsi prosesinə dəstək məqsədilə Avropa İttifaqının mülki missiyası regiona gələcək: "Missiyanın əsas məqsədi Azərbaycan və Ermənistan dövlətləri arasında etimad mühitinin formalaşmasına kömək etmək, delimitasiya prosesi ilə bağlı görülən işlərin hesabatını hazırlamaqdır. Bu ay artıq onlar fəaliyyətə başlayırlar. Bu missiya iki ay müddətində həyata keçiriləcək. Bu da olduqca vacib məsələlərdən biridir".
E.Nəsirov deyib ki, bütövlükdə Praqa danışıqlarına Brüssel formatının davamı kimi qiymət vermək lazımdır: "Həqiqətən də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsləri kifayət qədər uğurludur. O, dörd dəfə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünü keçirib. Bu görüşlərdə çox mühüm irəliləyişlər əldə edilib. Bu görüşlər nəticə etibarilə sülh prosesinə təkan verir və sülh müqaviləsinin imzalanması imkanlarını xeyli artırıb".
Deputat Avropa İttifaqı-Azərbaycan münasibətlərinə də toxunub. Bildirib ki, Aİ Azərbaycanın etibarlı və ən böyük ticarət tərəfdaşıdır: "Azərbaycanın bu quruma üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq münasibətləri var. Eyni zamanda, nəqliyyat sahəsində əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycanın coğrafi mövqeyi və infrastruktur imkanları Avropa üçün də olduqca əhəmiyyətlidir. Xüsusilə də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kontekstində Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı üçün mühüm imkanlar pəncərəsi açılıb. Bütün sahələr üzrə qarşılıqlı anlaşma mühiti mövcuddur".
E.Nəsirov vurğulayıb ki, Praqa görüşləri və onun nəticələri Azərbaycan diplomatiyasının mühüm uğuru, növbəti qələbəsidir. Prezident İlham Əliyev mahir diplomat kimi beş saatdan çox çəkən danışıqlar prosesində bütün təzyiqləri dəf edərək Azərbaycanın prinsipial mövqeyini qətiyyətli şəkildə müdafiə etdi. Əldə edilmiş razılaşmalar tam şəkildə Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət göstərir".
çap et