525.Az

Rusiya təsir dairəsini itirir - Xaqani Cəfərli yazır


 

Rusiya təsir dairəsini itirir - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rəsmi Kişinyov Rusiyanı Moldovanın hava məkanını pozmaqda ittiham edib və Ukraynanın bombalanmasına son qoyulmasını tələb edib. Moldova Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Rusiyanın Qara dənizdəki hərbi gəmilərindən atılan 3 qanadlı raketin Moldovanın hava məkanını pozduğu və bunun gərginliyə səbəb olduğu vurğulanıb. Moldovanın Rusiyaya qarşı bu addımı Avropa Siyasi Birliyinin sammitindən dərhal sonra atması təsadüfi hesab edilə bilməz. Çexiyanın paytaxtı Praqada keçirilən ilk Zirvə toplantısının Çexiyanın Baş naziri Petr Fialanı və Fransa Prezidenti Emmanuel Makronla birlikdə Moldova Prezidenti Maya Sandu tərəfindən bağlanması, Avropa Siyasi Birliyinin növbəti sammitinin Moldovada keçirilməsi qərarı heç şübhəsiz, Kişinyovun mövqelərini gücləndirib. Buna görə də kiçik Moldova daha Rusiyaya qarşı getməkdən və Moskvanı qınamaqdan çəkinmir. Praqa sammitinin nəticələri göstərdi ki, Ukraynadakı müharibəyə baxmayaraq, Avropa İttifaqı Moldova ilə bağlı məsələləri arxa plana keçirməyib, əksinə, Avropa Siyasi Birliyinin ikinci sammitinin Kişinyovda keçirilməsinə qərar verməklə bu ölkənin önəmini önə çəkib.

Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü, daha sonra isə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması haqqında liderlərin bəyanatı isə İrəvanın Moskvanın təsirindən çıxmaq istiqamətində ciddi addımı hesab edilir. Ermənistanın Azərbaycanla sərhədində Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi ilə bağlı liderlər arasında əldə edilən anlaşma isə ümumiyyətlə, Rusiyanın Ermənistandakı mövqelərinin zəiflədilməsi istiqamətində ciddi addım hesab edilir. Son zamanlara kimi belə fikir mövcud idi ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiyası həyata keçirilənə kimi sərhəddə Rusiya hərbçiləri yerləşdiriləcək. Sərhədlərin demarkasiya və delimitasiyasından sonra isə Ermənistan-Azərbaycan sərhədinin Rusiya sərhədçiləri tərəfindən qorunacağı haqqında fikirlər vardı. İndi isə belə görünür ki, Ermənistan bu mövqeyindən geri çəkilib və Azərbaycanla sərhədə Avropa İttifaqı mülki missiyasının yerləşdirilməsinə qərar verib. Bütün bunların Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı ilə bağlı İrəvanda müzakirələrin getdiyi bir zamana təsadüf etməsi də diqqətdən qaça bilməz.

Rusiyanın postsovet məkanında əsas inteqrasiya mexanizmlərindən biri kimi baxdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə ağır günlərini yaşayır. Ermənistanla yanaşı, Qazaxıstanın da KTMT-dən çıxacağı haqqında məlumatlar yayılır. Rəsmi olmayan bu məlumatlar "nəbz yoxlaması" hesab olunur. Belə görünür ki, Qazaxıstan tərəfdaşlarının mövqeyini öyrənməyə çalışır. Eyni zamanda, Qazaxıstanın bir neçə aydan sonra KTMT-dən çıxacağı çox real görünür. Siyasi təhlilçilər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Moskvadan məsafə saxlamaq, Kiyevlə həmfikir kimi görünməyə daha çox üstünlük verdiyini əsas götürərək Qazaxıstanın KTMT-dən çıxacağına şübhə etmirlər.

Qırğızıstanın Müdafiə Nazirliyi KTMT sülhməramlı qüvvələri ilə birlikdə oktyabrın 10-14-də keçirilməsi nəzərdə tutulan "Sarsılmaz qardaşlıq-2022" təlimlərini ləğv etməsi isə KTMT ətrafında mərkəzdən qaçma prosesinin getdiyini təsdiq edir. Qırğızıstanın Müdafiə Nazirliyinin bu qərarından öncə isə Prezident Sadır Japarov işinin çox olduğunu əsas gətirərək oktyabrın 7-də MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakdan imtina etmişdi. Qırğızıstan rəsmiləri Rusiyanın Tacikistanı müdafiə etməsindən narazıdırlar. Bişkekdə hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emoməli Rəhmonu Rusiyanın yüksək dövlət ordeni ilə təltif etməsi Moskvanın Qırğızıstan-Tacikistan sərhədindəki münaqişəsində Düşənbənin tərəfində olduğunu göstərir. Qeyd edək ki, sentyabrın 15-17-də Qırğızıstan-Tacikistan sərhədində baş vermiş qanlı münaqişədə Bişkek Düşənbəni günahlandırır. Münaqişə baş verən zaman Qırğızıstan üzvü olduğu KTMT-ni vəziyyətə müdaxilə etməyə çağırmışdı. KTMT-nin rəhbərliyi isə mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyi təklif etmişdi. Bundan sonra Tacikistan Prezidenti Emoməli Rəhmonun Rusiyanın III dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni ilə təltif edilməsini Bişkekdə Moskvanın Düşənbəyə dəstəyi kimi qəbul ediblər. Buna görə də Qırğızıstan rəsmiləri KTMT ilə bağlı fərqli mövqe nümayiş etdirmək qərarına gəliblər. Bütün bunlar Rusiyanın təsir dairəsini itirməyə başlaması kimi dəyərləndirilir.

Belə bir vəziyyətdə Belarusun böyük şirkətlərinin Rusiyaya ərzaq məhsullarının ixracını dayandırması haqqında məlumat yayılıb. Şirkətlər bu addımlarını Belarus hökumətinin ərzaq məhsullarının daxili qiymətlərini saxlamaq məqsədilə ət-süd sektorunun yeddi iri istehsalçısına öz məhsullarını xaricə ixrac etməyə məhdudiyyət qoyması ilə əsaslandırıblar. Qeyd edək ki, Prezident Aleksandr Lukaşenkonun oktyabrın 6-da Belarus hökumətinin iqtisadi blokunun iclasındakı çıxışında qiymət artımı qadağan edilib. Bu isə Belarusun yeddi ən böyük şirkətinin Rusiyaya toyuq əti, yumurta və süd məhsulları ixracına müvəqqəti qadağa qoyması ilə nəticələnib. Ekspertlər hesab edirlər ki, Belarusun bu addımı Rusiyada qiymətlərin artmasına səbəb ola bilər.

Postsovet məkanını təsir dairəsində saxlamaq üçün Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı müharibə tamamilə əks effekt verməkdədir. Moldova, Ermənistan, Qazaxıstan və Qırğızıstanın Rusiyanın təsir dairəsindən çıxmaq üçün addımlar atması da bunun sübutudur. Ekspertlər isə hesab edirlər ki, Ukraynadakı müharibənin sonunun görünməməsi, Rusiyanın dünyadan daha çox təcrid olunması və sanksiyalara məruz qalması postsovet respublikalarını Moskvadan daha çox məsafə saxlamağa vadar edir.

 





12.10.2022    çap et  çap et