525.Az

Hamının nəzərində...


 

Hamının nəzərində...<b style="color:red"></b>

...Müəllim şagirdlərə üz tutub soruşdu:

- Uşaqlar, deyin görüm, məktəbi bitirəndən sonra kim hansı peşəni seçəcək?

Hərə öz arzusunu bildirdi. Nəzər isə dedi:

- Mən "maskalı" olacağam.

Onun bu sözünə müəllim də, uşaqlar da güldü:

- Necə yəni "maskalı"? Axı, bu adda bir sənət, bir peşə yoxdur.

Sən demə, Nəzər "maskalı" sözünü elə-belə demirmiş. O, televiziyada xüsusi təyinatlı qüvvələrin maskalı əsgərlərini görübmüş. Ona görə də böyüyəndə onlar kimi əsgər olmaq istəyirmiş...

Cəmafət ana danışır, övladı Nəzərin lap körpəlikdən üzü bəri keçdiyi həyat yolunu, söz-söbətlərini, hərəkətlərini, davranışlarını göz önünə gətirir, onunla bağlı kövrək xatirələrindən söhbət açıb təsəlli tapırdı. Amma bir məqamı titrək səsi ilə etiraf etməli oldu:

- Özümə söz vermişdim ki, nə vaxt Nəzərdən söhbət düşsə, ağlamayacağam, çalışacağam ki, özümü toxdaq tutum. Amma görünür, bacarmıram. - Göz yaşını silib söhbətə davam edir, - Həmişə mənə deyirdi ki, ana, müharibədir, hər an nə desən olar. Əgər birdən mənə bir şey olsa, nəbadə ağlayasan, yoxsa səndən inciyərəm. Elə bil, bizi qabaqcadan hazırlayırdı. Hər dəfə səbrli, təmkinli, dözümlü olmağımızı tapşırırdı, bizə ürək-dirək verirdi. Hər sözü sanki bir vəsiyyət idi. Çox şeyi bizdən gizlədirdi. İstəmirdi darıxaq, dərd-fikir çəkək.

Ata-ananın, qohum-qonşuların söhbətlərindən məlum olurdu ki, Nəzər lap kiçik yaşlarından çox ağıllı, düşüncəli, zirək, ata-ana sözünə baxan, zəhmətsevən, əkin-biçinə, təsərrüfat işlərinə maraq göstərən uşaq olub. At minib çapmağı çox xoşlayırmış. Həmyaşıdları maşından danışanda, o, atdan danışarmış.

Nəzər uşaq vaxtı nadinc olduğuna görə üç dəfə qolunu sındırmış, belindən zədə almışdı. Odur ki, hərbi xidmətə çağırış vaxtı çatanda nənəsi ilə anası Nəzərdən gizlin Hərbi Komissarlığa gedirlər ki, xahiş edib onu əsgərlikdən saxlatsınlar. Tərs kimi həmin gün  Nəzər də komissarlığa gəlir. Nənəsigili orada  görəndə bərk hirslənir, deyir, sizin burada nə işiniz var, niyə bura gəlmisiniz? Anası deyir, ay bala, axı, sənin neçə dəfə qolun sınıb, belin də zədəlidir, buna görə sənə əsgərlik olmaz.  Nəzər anasının bu sözlərindən əsəbləşir: "Yox, nə olur-olsun mən mütləq hərbi xidmətə gedəcəm".

Nəzərin bu qətiyyətli sözlərini eşidən hərbi  komissar gülümsəyir, onu mehribanlıqla qucaqlayıb alnından öpür, əlini kürəyinə vurub deyir: "Bayaqdan sənə qulaq asırdım. Çox sağ ol. Var olsun belə mərd  oğullarımız".

...Nəzər Ağacəlil oğlu Əzizov 1991-ci  il  avqustun 28-də anadan olub. Kürdəmir rayonunun Dəyirmanlı kəndindəndir. Ata-anasının söhbətlərindən eşitdiyim kimi, o,  həmişə hərbçi olmağa, ordumuzda uzunmüddətli xidmət göstərməyə can atırmış. Odur ki, həqiqi hərbi  xidmətini başa  vurduqdan sonra yenidən hərbi qulluğa qayıtmağı qarşıya məqsəd qoyubmuş. Bakıda  hərbi məktəbdə oxuyaraq gizir rütbəsi alır. Arzusu hələ uşaq yaşlarından görüb xoşladığı "maskalıların" - Xüsusi Təyinatlı Qüvvələrin  sıralarına düşmək idi və özünü bu sıralarda  xidmət etməyə tam hazırlıqlı bilirdi. Belə də olur. Bütün xidməti sınaqlardan uğurla, məharətlə çıxan Nəzər Xüsusi Təyinatlıların tərkibinə daxil edilir. Beləliklə, onun hələ  orta məktəb illərində dediyi "mən maskalı olacağam" arzusu çın çıxır.

Nəzər Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri ilə birlikdə 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində fəal iştirak etməklə öz məharətini, cəsarətini layiqincə sübuta yetirir. O, Füzulinin, Cəbrayılın, Şuşanın, Xocavəndin azad edilməsində, eləcə də Xocalı uğrunda gedən  döyüşlərdə böyük igidlik göstərdiyinə görə döyüş medalları və Fəxri fərmanlarla təltif olunur.

Nəzər hərbi sahəyə qəlbən, ürəyinin hökmü ilə bağlanmışdı. Türkiyədə, Pakistanda, Baktikyanı ölkələrində keçirilən hərbi təlimlərin fəal iştirakçısı olmuşdu.

Nəzər döyüş yoldaşları arasında da xüsusi hörmət qazanır. Çevikliyi, mərdliyi, qorxmazlığı, döyüşkənliyi ilə həmişə diqqəti cəlb edir. Təsadüfü deyil ki, döyüş yoldaşları  ona "Canavar" ləqəbi də veriblərmiş. Bu söz  hər kəsin dilindən fəxrlə səslənərmiş: "Nəzər canavar kimi oğlandır".

Döyüşlərdə həmişə ön sıralarda gedən, qorxu  nə olduğunu bilməyən Nəzər erməni  təxribatının qarşısının alınması ilə əlaqədar müzəffər ordumuzun keçirdiyi qisas əməliyyatı zamanı bu il sentyabrın 12-dən 13-nə keçən gecə qəhrəmancasına şəhid olub və ölməzlik deyilən şəhidlik zirvəsinə qovuşub. O, Kürdəmir rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

Nəzər Vətən naminə həyatını qurban verdi. Amma həmişə fəxr duyulası adı, həmişə  anılacaq xatirəsi qaldı. Elinə-obasına, ata-anasına, ailəsinə, yadigar qoyub getdiyi  övladlarına - Uğura və İnciyə başucalığı, alın açıqlığı bəxş elədi.

Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən  müharibəsində, düşmən üzərindəki tarixi  qələbəmizdə Xüsusi Təyinatlı Qüvvələrimizin də böyük payı olduğunu və bu qüvvələrlə  daim fəxr etdiyini hər dəfə qürur hissi ilə  qeyd edir. Həmişə fəxr ediləsi, qürur duyulası həmin xüsusi təyinatlılardan biri də Nəzər Ağacəlil oğlu Əzizov idi...

....Mən Dəyirmanlı kəndinə bu dəfə  unudulmaz şəhidimiz Nəzərin sorağı ilə  getmişdim. Nəzərin bir vaxt dünyaya gəlib  böyüdüyü doğma evdə, doğma həyətdə oldum. Qəhrəman şəhidimizin bir vaxt doğulduğu evə, gəzib-dolaşdığı həyət-bacanı gəzdim. Yaşıl budaqlı, şaxəli ağaclar boy-boya verib dayanmışdılar. Torpaqdan bərəkət ətri gəlirdi. Budaqlarda səs-səsə verib uçuşan  quşların səsi, kəndin saf, təmiz havası... Burada hər şey öz yerində, öz ahəngində idi.  Təkcə Nəzər yox idi. O Nəzər ki, bir vaxtlar öz əli, öz zəhməti ilə bu həyətdə gözəlliklər  yaratmışdı. İndi bu yerlərdə onun ölməz ruhu  dolaşır, şirin nəfəsi duyulur. İndi o, hər kəsin qəlbində, hamının nəzərində, ən yüksək məqamda özünə əbədi bir taxt qurub; o məqamın adı ŞƏHİD NƏZƏR ƏZİZOV ZİRVƏSİDİR!.. 

Allah rəhmət eləsin!

Tofiq ABDULLAYEV

 





12.10.2022    çap et  çap et