525.Az

"Mürəkkəb, əhəmiyyətsiz ev tapşırıqlarının çoxluğu şagirdləri çox yorur”


 

"Mürəkkəb, əhəmiyyətsiz ev tapşırıqlarının çoxluğu şagirdləri çox yorur”<b style="color:red"></b>

“Dərs proqramının ağırlığı və ​ şagirdlərin, xüsusən də ibtidai siniflərin həddən çox ev tapşırığı ilə yüklənməsi illərdir ki, təhsil sahəsində mövcud olan əsas problemlərdən biridir. Dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqlarının çoxluğu şagirdləri çox yorur. Hətta bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək etməkdə çətinlik çəkirlər”.

Bunu 525.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspert hesab edir ki, proqram materialı əsasən dərs prosesində mənimsənilməlidir, evə isə bu materialın hafizədə möhkəmləndirilməsinə xidmət edən konkret tapşırıqlar verilməlidir:

“Ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına müsbət təsir göstərməlidir. Müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni, tapşırıqlar bu hallarda verilə bilər. Şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Şagirdlərə daha çox tapşırıq verildikcə onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək”.

Ekspertin sözlərinə görə, ev tapşırığı şagird üçün nə qədər ağır, üzücü olsa da təssüf ki, biz hələ ki, bu tapşırıqdan imtina etməyə tam hazır deyilik:

“Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə​ tam mənimsətməyi örənməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik.​ Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar”.

Sevinc Qarayeva

 





12.10.2022    çap et  çap et