525.Az

Təhsilin inkişafında əsas amil - müəllim nüfuzu -   Misir Məmmədov yazır


 

Təhsilin inkişafında əsas amil - müəllim nüfuzu -  <b style="color:red"> Misir Məmmədov yazır</b>

Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin amillərdən söhbət açılır, nüfuza təsir göstərən səbəblər şərh edilir, problemlərin aradan qaldırılması yollarına sistemli münasibət bildirilir, müəyyən təklif və mülahizələr irəli sürülür.

 

 

(Əvvəli dünənki sayımızda)

 

Hər bir şagird məktəbə bir fərd kimi gəlir. Zəruri şərtlərdən biri də şagird şəxsiyyəti və onun nəzərə alınmasıdır. Əsl müəllim unutmamalıdır ki, onun qarşısında ətrafdakı hadisələri öyrənməyə, bütün bunları öz prizmasından keçirib dərk etməyə çalışan, geniş açılmış, alışıb-yanan gözlərini ona dikən balaca, ancaq çox ağıllı, həssas, kövrək və  perspektivli bir varlıq dayanmışdır. Onun gələcək həyatı, fəaliyyəti, uğurları, hətta taleyi belə birbaşa müəllimdən asılıdır. Müəllimin şagirdə subyekt kimi yanaşması, ona fikirlərini söyləməkdə müstəqillik verməsi, onun fərdi və yaş xüsusiyyətlərini nəzərə alması, yaxşı cəhətlərini görməsi onda müəllimə inam və etimad yaradar.

Şagirdə şəxsiyyət kimi hörmətlə yanaşmaq, bizdə qəbul edilməsə də, Avropa ölkələrində olduğu kimi, ona "Siz"lə müraciət etmək müəllim nüfuzuna müsbət təsir edən digər bir amildir. Müəllim hər bir şagirdin mənəvi aləmini dərindən dərk etməli, onun müstəqil və sərbəst fikir söyləməsini stimullaşdırmalı, şəxsiyyətinin yüksəlişinə dəstək verməli, hər kəsin hüququnu eyni dərəcədə qorumalıdır. Müasir şagirdlərin diqqətini daha çox maraq effekti cəlb edir. Belə olan təqdirdə müəllim şagirdin fərdi-intelektual maraq və ehtiyaclarını əsas götürməlidir. Təlim materiallarının seçilməsində, dərs məşğələlərinin qurulmasında şagird amilini ön planda saxlamalıdır. Müəllim şagirdlərin dərin və hərtərəfli bilik qazanmaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf etməlidir. Şagirdi cəmiyyətə bir şəxsiyyət kimi təqdim etmək hər bir müəllimin borcudur. İlk dəfə məktəbə qədəm qoyan şagirdin təlim-tərbiyəsi, vətənpərvərlik ruhunda yetişməsi və nəhayət, bir şəxsiyyət kimi formalaşması məhz müəllimin öhdəsinə düşür.

Məlumdur ki, uşaqların həyatında olan "keçid dövrü" onların "çətin dövrü" hesab  olunur və həmin mərhələdə müxtəlif mənəvi-psixoloji boşluqlar ola bilər. Müəllim həmin boşluqları görməyi bacarmalı, bu halın baş vermə səbəblərini  öyrənməli, onların hansı nəticələrə apara biləcəyini proqnozlaşdırmalıdır. Belə vəziyyətlərdə dialoqa üstünlük verilməli, müəllim-valideyn əlaqələri intensivləşdirilməlidir. Davranışlarında  qüsura yol verən və öyrənməyə marağı  olmayan şagirdlərə yanaşma tərzi dəyişməli, fərdi yanaşmalar olmalıdır. Ancaq bütün hallarda şagird qınaq obyekti  olmamalıdır.

Təxminən 50 il bundan əvvəlki uşaqlara yalnız yaşadıqları mühit və valideynlər öz təsirini göstərirdi və nəzərə alanda ki, sosializm cəmiyyətində mühit, demək olar ki, eyni idi, valideynlər də, hamı övladını oxutmaq arzusunda, təxminən eyni düşüncədə idi, müəllim xeyli asan bir vəzifə yerinə yetirirdi. Bu gün sərhədlərin açılması, dünya xalqlarının bir-birinə yaxınlaşması, dünya ölkələrindəki yeniliklərin anındaca bizə çatması, ölkəmizdə gedən müsbət dəyişikliklər, texnologiyanın sürətli inkişafı uşaqların dünyagörüşünü çox dəyişdirmişdir. Belə bir mürəkkəb mərhələdə yalnız fərqli düşüncəyə malik valideynlərin təsiri ilə yox, həm də virtual dünyanın müdaxiləsi nəticəsində müxtəlif psixologiyaya malik 20-25 müasir məktəblini idarə etmək, onları oxumağa, öyrənməyə yönəltmək o qədər də asan məsələ deyil. Səriştəsi, peşəkarlığı, hazırlığı istənilən səviyyədə olmayan müəllim üçün, əlbəttə, belə sinfi ələ almaq çox çətindir. Digər tərəfdən belə bir  həqiqəti qəbul etməliyik ki, müasir dövrün məktəbliləri və yeniyetmələri əvvəlki dövrlərlə müqayisədə fərqli müəllim görmək istəyirlər. Bu istək məktəblinin daxili tələbatından irəli gəlir və onun formalaşan zövqünün göstəricisidir.

Müəllim nüfuzuna böyük təsir göstərən amillərdən biri də şagird biliyinin düzgün qiymətləndirilməsidir. Qiymətləndirmə bütün hallarda əsaslandırılmalı, verilən qiymətin səbəbi şagirdlərə şərh edilməlidir. Şərhsiz verilən qiymət kənardan ya "şişirdilmiş", ya da "kəsilmiş" kimi görünə bilər, bu da nüfuza öz mütləq təsirini göstərər. Şagirdlər öz biliklərinin, bacarıqlarının obyektiv  qiymətləndirildiyini hiss edəndə yeni  nailiyyətlərə həvəslənirlər. Onların fərdi-psixoloji xüsusiyyətləri bilik, bacarıq, vərdişlərin qazanılması prosesində aydın  görünür və düzgün yanaşma tərzi şagirdin  təlim nəticələrinə müsbət təsirini göstərir. Səmərəli, münbit öyrənmə mühitinin yaradılması bu prosesi asanlaşdırır, bu da təlimdə uğura səbəb olur. Müəllim dərs fəaliyyətini nizamlayan elə qayda və normalar hazırlamalıdır ki, şagirdlər onlara şüurlu şəkildə, əlavə göstəriş olmadan riayət etsinlər, bütün şagirdlər təlim prosesinə cəlb olunsunlar və dərsin hər anından faydalansınlar.

Əlbəttə, müəllimlik çətin və mürəkkəb işdir, çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir. Ona görə də müəllim eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirməyə qadir çoxşaxəli fəaliyyət səriştəsinə malik olmalıdır. Dərs prosesində uşaqların fəaliyyətini düzgün planlaşdırmalı, problemi əvvəlcədən duyub, onu vaxtında aradan qaldırmalı, hisslərini düzgün idarə etməli, mülayimliyi və ciddiliyi uzlaşdırmalı, səbirli olmalıdır. O, təhsilin humanistləşdirilməsi, diferensiallaşdırılması və fərdiləşdirilməsi, təhsildə çeviklik, varislik prinsiplərini dərindən mənimsəyərək onlara riayət etməlidir. Yüksək əhvali-ruhiyyə, müsbət enerjili olmaq da müəllim nüfuzunu qoruyan amillər sırasındadır. Belə əhvali-ruhiyyə şagirdi müəlliminin professional səriştəsinə heyran edir və nəticədə müəllim nüfuzunun yüksəlməsinə xidmət edən motivasiya yaradır. Müəllim ən çətin görünən materialı belə elə hazırlamalıdır ki, şagirdlər onu sevə-sevə öyrənsinlər və onlar mürəkkəb elmi problemlərin həllini tapmaqda öz müəllimlərinə daim güvənsinlər.

Məlumdur ki, pedaqoji konsepsiyada bütün dövrlərdə "kimi öyrətmək", "nəyi öyrətmək" və "necə öyrətmək" suallarına cavab axtarılmışdır və bu gün də axtarılmaqdadır. Mənə elə gəlir ki, hər şeydən öncə "kim öyrədir" sualına cavab tapmaq lazımdır. Müəllim hansı keyfiyyətlərə malik olmalıdır ki, onun şagirdləri öz ölkəsinə və millətinə layiq vətəndaş kimi yetişsin. Zənnimcə, müasir müəllim şagirdin potensial imkanlarını nəzərə almaqla onu istiqamətləndirməyi bacarmalı, yaradıcı olmalıdır. Obrazlı desək, müəllimlik yaradıcılıqdır, müəllim əməyindəki yaradıcılıq yazıçının, bəstəkarın və rəssamın əməyindəki yaradıcılıqdan heç də az deyil, bəlkə də onlardan daha mürəkkəb və məsuliyyətlidir. Müəllim insan ruhuna bəstəkar kimi musiqi, rəssam kimi boyalar vasitəsi ilə deyil, birbaşa müraciət edir. Görkəmli türk şairi Ziya Paşa deyib ki:

 

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin görünər rütbeyi-əqli əsərindən.

 

Yəni insanın fəaliyyətinin meyarı, göstəricisi onun işi, əməlləridir. Hər kəsin ağlının dərəcəsi, biliyinin səviyyəsi onun əsərindən, yəni əməllərinin nəticəsindən məlum olar. Müəllimin isə sənət əsəri onun yetişdirdiyi şagirdlər - tələbələrdir. Öz zəhmətinin bəhrəsini görəndə, biləndə ki, biliklər, bacarıqlar aşılamaq, onlara yol göstərməklə yanaşı, şagirdlərinin yaradıcılıq potensialını aşkar edib, onlarda özünə inam yarada bilib, iftixar hissi keçirir ki, taleyi ona misilsiz bir hədiyyə edib və o, Müəllimdir!

Müəllim elə bir insan - mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan öyrənməyə can atsınlar. Nahaq yerə demirlər ki, hər öyrədən müəllim deyil, o kəs müəllimdir ki, ondan öyrənirlər, onun yanına sevə-sevə öyrənməyə gedirlər. Xalq arasında belə bir deyim də formalaşıb ki, "müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər". Əlbəttə, o müəllimdən öyrənirlər ki, o, yaxşı öyrədilib, yaxşı hazırlanıb. "O kəs yaxşı öyrədə bilər ki, onu yaxşı öyrədiblər".

Ona görə də, səriştəli, peşəkar müəllim olmaq üçün daim axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Müqəddəs kitabımız Qurani-Kərimdə buyrulduğu kimi, "insan beşikdən qəbir evinə qədər öyrənməlidir". Hər bir müəllim yadda saxlamalıdır ki, insana xas olan qüsurların ən pisi qeyri-peşəkarlıqdır.

Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına ötürmək mümkün olmaz. Həqiqətən, bütün insanlar həyatları boyu müəllimdən öyrənir. Bəzən müəllim sinifdə, auditoriyada bilavasitə pedaqoji fəaliyyətlə məşğul olmadan da adama nəyi isə öyrədir. Onun yerişi, geyimi, duruşu, davranışı, insanlara münasibəti, hazırcavablığı, humanistliyi, xeyirxahlığı bəzən adama kitablardan və dərslərdən  daha çox şey öyrədir. Fikrimcə, müəllimin bütün davranışı ilə nümunə olması tələbi də məhz bu baxımdan zəruri hesab edilir. Uşaqlar çox vaxt valideynlərindən sonra ən çox ünsiyyətdə olduğu müəllimi ideal kimi qəbul edir, ona bənzəməyə, onu təkrar etməyə meyilli olurlar. Bu zaman müəllimin yersiz bir hərəkəti, yanlış bir rəftarı, hətta kobud bir sözü, yaxud səliqəsiz geyimi uşağın daxili dünyasını alt-üst edə bilər. Ona görə də, müəllim bütün hallarda öz ləyaqətini,  alicənablığını, gənclərə nümunə olmaq keyfiyyətlərini qorumağa çalışmalıdır.

Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Biliksiz müəllim işıqsız lampaya, susuz  bulağa bənzəyir. Belə "müəllim" uşaqlara  heç nə verə bilməz. Dərin bilik,    mədənilik, mənəviyyat nümunəsi olan  müəllimin nüfuzu da yüksək olur. Hər bir müasir müəllim öz ixtisasını, tədris etdiyi fənni mükəmməl bilməklə yanaşı, yüksək intellektə sahib olmalı, İKT bilik və bacarıqlarına yiyələnməli, müasir metod və üsullardan istifadə etməyi bacarmalıdır.

Əslində, müəllimin digər peşə sahiblərindən heç birində olmayan bir imkanı da vardır - həyatın dərk edilməsi, bilik və bacarıqların əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və daim kamilləşmək. Düşünürəm ki, uşaqlara böyük məhəbbətlə yanaşı, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır. Bu baxımdan tanınmış pedaqoq Anton Rubinşteynin fikirləri çox maraqlıdır: "Əgər bircə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə - bunu hamı hiss edir".

Qeyd etmək lazımdır ki, müəllim yalnız özünü inkişaf etdirdikdən, təkmilləşdirdikdən sonra müasir dünyanın insanını formalaşdırmağı özü-özünə etibar edə bilər.             

Hesab edirəm ki, bu gün təhsil sisteminin ən ciddi hədəflərindən biri müəllim nüfuzunun necə - hansı yollarla yüksəldilməsindən ibarət olmalıdır. İlk növbədə, müəllimlər özləri bu məsuliyyəti dərindən hiss etməli, daxilən saflaşmalı, müəllimlik peşəsinin müqəddəsliyini dərk etməlidirlər. Hər hansı bir peşə sahibi səhv edə bilər və onun səhvindən ziyan çəkənlər də olar, lakin bu səhvi aradan qaldırmaq mümkündür. Amma müəllimin səhvi çox sayda insanların həyatını və gələcəyini təhlükədə qoyur, bu səhvi aradan qaldırmaq isə bir çox hallarda mümkün olmur. Ona görə də, müəllim öz peşəsinə daim məsuliyyətlə yanaşmalı, bu mənada öz nüfuzunu qorumağa və yüksəltməyə çalışmalıdır.

Bu gün təlim-tərbiyəsi etibar edilən uşaqların gələcək taleyi üçün yüksək mənəvi məsuliyyət nümayiş etdirən müəllimlərimiz çoxdur, lakin təəssüf ki, bu müqəddəs ada, ali nüfuza xələl gətirənlər də vardır. Məktəbi bu təsadüfi adamlardan təmizləmək üçün sistemli şəkildə müəllimlərin ciddi, qərəzsiz, ədalətli attestasiyası keçirilməlidir. Bu, zamanın və təhsil sahəsində aparılan islahatların tələbidir. Yaxşıdır ki, bununla bağlı dövlət və hökumət tərəfindən müvafiq hüquqi baza yaradılmışdır. Əsas məsələ qanunvericilik aktlarının tələblərinin icrasını təmin etməkdən ibarət olmalıdır. Səmimiyyətlə etiraf etmək istəyirəm ki, bir sıra köklü islahatlar aparılsa da, mənim təhsil prosesinə rəhbərlik etdiyim dövrlərdə bütün nəzərdə tutduqlarımı, o cümlədən, yuxarıda qeyd edilənləri həyata keçirmək mümkün olmadı. Bu proses nə qədər ağrılı və mürəkkəb olsa da, düşünürəm ki, onları reallaşdırmaq ölkədə təhsilin inkişafına və müəllim nüfuzunun bərpa olunmasına səbəb olar.

Fikrimcə, məktəbləri müəllim adını doğrultmayan, bu yüksək ada ləkə gətirən təsadüfi adamlardan təmizləməklə yanaşı, müəllim peşəsinə qəbul prosesində də ciddi dönüş olmalıdır: yalnız bu peşənin ağırlıqlarını çiyinlərində daşıya bilən, müəllimlik keyfiyyətlərini özündə cəmləşdirən, hətta deyərdim pedaqoji istedadı olan şəxsləri müəyyənləşdirib onların müəllim kimi yetişməsinə şərait yaradılmalıdır. Müəllimlərin fəaliyyəti valideynlər və şagirdlər tərəfindən rəy sorğuları keçirməklə vaxtaşırı qiymətləndirilməli, sertifikasiya zamanı bu nəticələr nəzərə alınmalıdır; dərs müəllimin biliyini nümayiş etdirmə məkanı yox, daha çox, şagirdlərin elmlərin əsaslarına yiyələnmələrini təmin etməyin optimal yollarını tətbiq etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün kollektiv çalışma prosesi olmalıdır.

Digər tərəfdən, beynəlxalq təcrübədən yararlanaraq müəllim fəaliyyəti lisenziyalaşdırılmalıdır. Müəyyən səbəblərdən qəbul imtahanları zamanı seçim aparmaq mümkün olmasa və yaxud, əvvəlki illərdə pedaqoji ali məktəbləri bitirmiş şəxslər müəllim işləmək üçün xüsusi lisenziya almalıdırlar. Müəllim hazırlığı yalnız nüfuzlu ali təhsil müəssisələrində aparılmalı, bu prosesdə həkimlik və digər peşələr üçün istifadə olunan internatura modeli tətbiq edilməlidir.

Fikrimcə, ali məktəblərdə ilkin müəllim hazırlığına münasibət də köklü olaraq dəyişməli, bu işin keyfiyyəti yüksəldilməli, təhsil aldığı müddətdə peşəyə yiyələnə bilməyən və müvafiq keyfiyyətlərə malik olmayanlara müəllimlik diplomu verilməməlidir. Pedaqoji ali təhsil müəssisələri məzunlarının peşə vərdişlərinə ciddi yiyələnmələri,  müəllimlik fəaliyyətinə tam hazır olmaları üçün pedaqoji təcrübəyə münasibət də beynəlxalq standartlara uyğun olaraq kökündən dəyişməli, ona ayrılan vaxt nəzərəçarpacaq dərəcədə artırılmalı və müəllimə ixtisas dərəcəsi verilərkən buna xüsusi diqqət yetirilməlidir.          

Onu da qeyd etmək lazımdır ki, son illərdə müəllim nüfuzunun bərpa edilməsi istiqamətində müəyyən addımlar atılmışdır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi, əlverişli təlim mühitinin yaradılması, təhsil işçilərinin yüksək dövlət təltiflərinə, fəxri adlara layiq görülmələri, onların əmək haqqının artırılması, bəzi ali məktəblərə bilavasitə Riyaziyyat müəllimliyi, Fizika müəllimliyi, Kimya müəllimliyi və sair ixtisaslar üzrə tələbə qəbulunun stimullaşdırılaraq aparılması, həmin ixtisaslara sənəd verənlərin sayının  və qəbul imtahanları zamanı bu ixtisaslara keçid balının ilbəil artması, bununla yanaşı, müəllim seçiminə daha məsuliyyətlə yanaşmaqla onun imtahanla aparılması, hazırda məktəblərdə çalışan müəllimlərin sertfitikasiyasının keçirilməsi də müəllim nüfuzunun yüksəlməsinə xidmət edən amillər kimi qiymətləndirilə bilər. Sevindirici haldır ki, son illərdə həyata keçirilən innovativ tədbirlər nəticəsində ideal müəllim olmaq məqsədilə çətinliklərdən və çəkilən əziyyət müqabilində əldə olunan uğurlu nəticələrdən zövq alan müəllimlərimizin sayı sürətlə artmaqdadır.

Prezident İlham Əliyevin yüksək qayğısı ilə Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrilmiş təhsilin inkişafına böyük diqqət göstərilir, bu sahədə keyfiyyət, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu məqsədyönlü fəaliyyət nəticəsində son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş, nəticədə son illərdə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından xeyli yaxşılaşmış, cəmiyyətdə müəllim nüfuzu yüksəlmişdir.

Əlbəttə, bu da bir həqiqətdir ki, müəllim nüfuzunu hər hansı qərarla, əmrlə, göstərişlə və inqilabi yolla yüksəltmək qeyri-mümkündür. Bu iş təkamül prosesində, tədricən və planlı şəkildə reallaşmalıdır. Müəllimin təklif olunan üsul və vasitələrlə peşəsinin nüfuzunu yüksəltməsi öz yerində, dövlət və hökumət, ictimaiyyət və kütləvi informasiya vasitələri, məktəb rəhbərliyi və təhsili idarəetmə orqanları millətin gələcəyi naminə eyni dərəcədə müəllimin nüfuzunu qorumağa və yüksəltməyə çalışmalıdırlar. Kompleks işlərin məcmusundan ibarət olan bu böyük və strateji məqsədə çatmaq üçün bütün cəmiyyət eyni dərəcədə məsuliyyətlə çalışmalıdır.

 

 

 





13.10.2022    çap et  çap et