525.Az

Ömürdən sətirlər - Mustafa Çəmənli yazır


 

Ömürdən sətirlər - <b style="color:red"> Mustafa Çəmənli yazır</b>

MƏTİN RUH

 

5 yanvar 1992-ci il. Saat 3-də Xəlil Rza Ulutürkün oğlu Təbrizin dəfn mərasimi başlayacaqdı. Yazıçı-filosof Firuz Mustafa ilə mərhumun cənazəsinin qaldırılacağı yerə tələsirdik. Birdən İncəsənət Muzeyi ilə üzbəüz barıya söykənmiş Xəlil Rzanı gördük. Onun gözlərində qəribə bir parıltı vardı, daşdan yonulmuş heykələ oxşayırdı. Təəssüf hissi ilə, ermənilərin ünvanına söyə-söyə Şəhidlər xiyabanına gedirdik. Şəhidlər xiyabanında dəfn mərasimi başladı. Şair Qabil çox təsirli bir nitq söylədi. Ürəkdən gəlməyən pafoslu çıxışlar da oldu.

Mən Xəlil Rzanın çıxışını gözləyirdim. Daim insanları döyüşə, mübarizəyə səsləyən bu adam indi - ən ağır günündə nə deyəcək. Nəhayət söz Xəlil Rzaya verildi. Mən indicə qəhərdən, göz yaşından boğulacaq, Şəhidlər xiyabanını başına götürəcək bir atanın hönkürtüsünü eşidəcəyimi zənn edirdim. Lakin Xəlil Rzanın səsində zərrəcə də olsa titirəyiş yox idi. O yenə də, mitinqlərdə olduğu kimi mətin və döyüşkən ruhda danışırdı. Onun əzəməti, vüqarı adamda böyük, çox böyük fəxarət hissi oyadırdı.

 

"CANIM SİZƏ QURBAN"

 

14 fevral 1992-ci il. "Qızıl Şərq" mətbəəsinə getmişdim. Ağsuda çıxan "Birlik" qəzetinin baş redaktoru Canalı Mirzəliyevə rast gəldim. Dedi ki, gəl Qonaq evinə gedək. Orda bir nəfərlə görüşməliyəm. Qonaq evində Canalıya dedilər ki, sizi Qafar müəllim gözləyir. Az keçmiş Qafar gəldi. Gördüm neçə il qabaq qəzetlərdən birində onunla rastlaşmışam. Qafar əməlli-başlı dəm idi. Dazını örtmək üçün boynunun arxasından ağ saçlarını qabağa daramışdı. İçkinin təsirindən sifəti qıpqırmızı qızarmışdı. Qırmızı sifətin içindən bizə bir cüt ala göz baxırdı. Bu gözlərdə hiyləgərliklə qorxaqlıq çulğaşmışdı. Harda işlədiyini soruşduq, cavab vermədi. Maraqlı tip idi. Sizin üçün nə lazımdı, - deyib əlini atırdı arxa cibinə, bir çəngə iyirmibeşlik çıxarır, qaytarıb təzədən cibinə qoyurdu. Biz danışmaq istəyəndə şana barmaqlarını qalın ətli dodaqlarına aparıb susmaq işarəsi verirdi. Bir neçə dəfə cibinə əl atıb pul çıxartdı, amma xərcləmədi. Ancaq tez-tez bizə "Canım sizə qurban" - deyirdi.

 

ƏBƏDİ DAYANACAQ

 

3 aprel 1992-ci il. Avtobusa qoca bir qadın mindi. Cavan xanımlar deyindilər ki, bu ağbirçəyə deyən yoxdu, bu basabasda otura bilmirsən evində.

Fikirləşdim ki, bu yaşlı qadının ünvanına söylənmək əbəsdir. Bu qocalıq elə bir dayanacaqdır ki, əgər ömür qıyarsa, hər bir gənc nə zamansa o dayanacaqda dayanıb avtobus gözləyəcəkdir.

 

ÖLÜM SİYAHISI

 

30 iyun 1992-ci il. Üzeyir bəyin ev-muzeyində oldum. İlk dəfə Azadlıq meydanında eşitdiyim Milli marşın yaranma tarixini öyrənmək istəyirdim. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ürəkdən alqışlayan Üzeyir bəy Sovet Azərbaycanının da himnini yazmışdı. Sovet himnini yazarkən onun keçirtdiyi təbəddülatları təsəvvür etmək heç də çətin deyildir. Mən bu barədə hekayə yazmaq fikrindəydim. Muzeyin direktoru Ramazan Xəlilovla görüşdüm. Bu nəhəng vücudlu kişi altı yaşından Üzeyir bəyin tərbiyəsi ilə böyümüş, 17 il onun şəxsi katibi olmuşdu.

25 aprel 1920-ci ildə, Cümhuriyyətin çöküşünə üç gün qalmış Üzeyir bəy "Azərbaycan" qəzetində Azərbaycanda Sovet hökumətinin qurulması üçün canfəşanlıq edən Əliheydər Qarayev haqqında kəskin bir felyeton yazıb çap etdiribmiş. Ramazan Xəlilovun söylədiyinə görə, Əliheydər Qarayev Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra güllələnməsi üçün 59 adamın siyahısını veribmiş. Əgər söylənilən bu höküm həqiqətdirsə, heç şübhəsiz, Üzeyir bəyin adı bu siyahıda ön sırada olubdur.

Ramazan Xəlilov söyləyirdi ki, Üzeyir bəy gecələr yatmırdı. Gözləyirdi ki, gəlib onu da aparacaqlar. Çox ağır günlər idi. Əliheydər Qarayev Üzeyir bəyi millətçi adlandırırdı.

lll

Ramazan Xəlilov deyirdi ki, Üzeyir bəyin qardaşı Ceyhun oğlunun da adını Ceyhun qoymuşdu. Təyyarəçilik oxuyurmuş. Müharibə başlayanda bombardmana düşmüşdü. Ata Ceyhun özündə-sözündə olmur. Ona maddi kömək lazım idi. Üzeyir bəy Mircəfər Bağırovun yanına gedib hadisəni ona danışmışdı. Bağırov Stalinə zəng edir. Stalin deyir, icazə ver, kömək etsin.

 

"BU SƏNİN İŞİNDİR"

 

Ramazan Xəlilov söyləyirdi ki, bir axşam Üzeyir bəy Əliağa Vahidə rast gəlir.Vahid Üzeyir bəyi evinə dəvət edir. Bəstəkar evə girəndə gözlərinə inanmır. Şairin ev şəraiti onu sıxır. Evə gəlir, gecə yata bilmir. Səhəri gün Mircəfər Bağırovun qəbuluna gedir. Bir neçə gündən sonra Əliağa Vahidə ev verirlər. Şair  uşaqlarını da götürüb Üzeyir bəygilə gəlir.

- Üzeyir bəy, mənə təzə ev veriblər. Bilirəm, bu cür xeyirxahlığı ancaq sən edərsən. Çox təşəkkür edirəm. Allah səndən razı olsun.

 

KƏLBƏCƏR FACİƏSİ

 

9 aprel 1993-cü il. "Gənclik" nəşriyyatı. Direktorun otağında oturmuşdum. Xəbər gəldi ki, jurnalist həmkarım Əlövsət Ağalarovun qardaşı Mahir Murovda şəhid olub. İkinci mərtəbəyə-"Azərnəşr"ə düşdük. Mahirin meyitini gətirənlər “Azərnəşr”in direktoru Azər Mustafazadənin otağına yığışmışdılar. Yarım saatdan sonra Əlövsət də içəri girdi, onun kədərli sifətinə baxa bilmirdim. Dözməyib otaqdan çıxdım.

Meyitxanadan Mahirin cəsədini gətirməyə getdik. Mən Əlövsətlə eyni binada yaşayırdım. Binanın qabağında mərasim mağarı tikilmişdi.

Axşam mollanın yanında nurlu bir qoca gördüm, alnı qırışsız, göy gözləri diri, saqqalı ağapaq idi. Adamlar seyrələndə onun ürək pıçıltılarını eşitdim:

- 40 gəbəm vardı, indi ayağım altına salmağa birini tapmıram. 25 dəst yorğan-döşəyim vardı, indi quru yerdə yatıram. 8 baş inəyimdən üçü sağılırdı, indi içməyə ayran tapmıram. Dörd otağım vardı, yaşamağa indi otağım yoxdu.

Bu sözlər məni kövrəltdi. Məlum oldu ki, Seyid İmran da qaçqındır. Kəlbəcərin Başlıbel kəndindən Bakıya gəlibdir.

Əl-ayaq çəkiləndə onu evə dəvət etdim. Etiraz etmədi. Ayaqlarını isti suya qoyduq ki, dincəlsin. O qədər alxış edirdi, xəcalət çəkirdik. Ayaqlarına təzə corab geyindirəndə gözləri doldu:

- Beş gün yol gəlmişəm, evlərin girişində gecələmişəm. Axır ki bu gecə rahat yataram.

Sübh tezdən onun səsinə oyandım. Namaz qılırdı. Sakitliyi pozan Allahu-Əkbər sədası mənə çox sirli təsir bağışlayırdı. Çörək yeyəndə dedi:

- İki motalım qaldı, iki vedrə yağım qaldı...

- Yurdumuz, torpağımız qaldı, İmran kişi.Torpağımız.

- Elədi, - dedi.

Qaçqın dərdi söyləniləsi dərd deyildi. Adamlar illərlə qazandıqlarını bircə gündə itirirlər.

Candan şirin heç nə yoxdur deyirlər, ancaq illərlə minbir əziyyətlə qazandıqları da şirindir axı.

Üç gecə şəhid Mahir Ağalarovun mərasimində kəlbəcərlilərin dastanlara sığışmayan kədərli söhbətlərini dinlədim.

Qaçaqaç vaxtında heç cür elinə çata bilməyən bir qadının özünü asması, 90 yaşlı anasını kürəyinə şəlləyib Murov dağına qalxan oğlu, qundaqda çağasını itirmiş ananın alacalanmış gözlərini (sonra o körpəni tapıb Gəncəyə gətiriblər) göz önünə gətirmək belə çətindir.

P.S. O vaxtdan illər keçib. Bu illər ərzində qaçqın-köçkün həyatı yaşayan nə qədər soydaşımız yurd həsrəti ilə bu dünyadan köçüb. Mən indi bilmirəm Seyid İmran hardadır? Əgər sağdırsa, səsimə səs versin. İndi onun ata-baba yurdu Başlıbel kəndi 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olubdur.

 

QƏLBDƏN KEÇƏN AĞRILAR

 

1995-ci ilin avqust ayı. Nabrana - "Dostluq" sanatoriyasına axşamtərəfi çatdıq. Neçə il idi istirahət etmirdim. Bizə ayrılan otaqda yerləşdikdən sonra gec də olsa, sanatoriyanın həyətində bir az gəzib-dolaşdıq. On beş yaşlı oğlum tez-tez soruşurdu:

- Ata, bura dənizə yaxındır?

- Hə, çox yaxındır.

- Çimməyə gedəcəyik?

- Hökmən. Amma sahildən çox aralanmaq olmaz.

Sanatoriyanın həyəti işıqlı idi, həm də aydınlıq gecəydi. Bir qədər gəzəndən sonra otağımıza qayıdıb yatağımıza uzandıq. Birdən qulağıma zərif tütək səsi gəldi. Qarğıdan düzəldilmiş bu tütəkdə nə hikmət vardısa, xəyalımı çəkib uzaqlara aparırdı. Üzünü görmədiyim o adam çox yanıqlı çalırdı. Mən gözlərimi yumub tütəkdən qəlbimə süzülən, yaddaşıma hopan nəğmələrə qulaq asırdım. Kim idi belə gecənin yarısı yanıqlı-yanıqlı tütək çalan? Əlbəttə, bunun bir o qədər də əhəmiyyəti yox idi. Amma nədənsə tütəyin səsi mənim ruhumu oxşayırdı. Bu səs məni halbahal edirdi, gözəgörünməz qanadları üstünə alaraq xəyalımı çox-çox uzaqlara aparırdı.

Tütəyin səsi altında nə vaxt yuxuya getdiyimi bilmədim. Səhər yuxudan tezdən ayıldım. Dənizin uğultusu gəlirdi.

Səhər yeməyimizi yeyib dəniz kənarına düşdük. Uzaqda bir adam tək-tənha gəzirdi. Az keçmədi yenə tütək səsi gəldi. Deyəsən, tütəyi xeyli bizdən aralıda gəzən adam çalırdı.Yox, yanılmamışdım, tütək çalan o idi. Asta-asta, tütəyini çala-çala bizə doğru gəlirdi. O, ortaboylu, əlli-əlli beş yaşlarında bir kişi idi. Heç kəsə, heç kimə əhəmiyyət vermədən tütəyini çala-çala yanımızdan keçib qarşı tərəfə getdi. O çox gözəl çalırdı. Mən onun çalğısını dinləməkdən, o isə çalmaqdan usanmırdı.

Dənizin üfüqlə qovuşduğu yerdə gəmi görsənirdi. Günəş yavaş-yavaş qalxırdı. Dənizin suyu günəşin şəfəqlərindən göz oxşayan rəng almışdı. Qırmızıya çalırdı, xırda ləpələr bir-birini qova-qova dalğa yaradırdı. Sahilə can atan dalğalar yenidən geri çəkilirdi. Bu an elə bil dəniz nəfəs alırdı.

Getdikcə adamlar çoxalırdı. Özünü dalğaların qoynuna atıb çimənlər vardı. Yenə tütəyin səsi gəlirdi. Get-gedə tütək səsi yaxınlaşırdı. Bir az sonra bəstəboy kişi tütəyini çala-çala, ətrafına baxmadan gəlib yanımızdan keçdi. Ətrafdakılar da ona əhəmiyyət vermirdilər. Deyəsən, bu hala alışmışdılar. Dənizə baş vurmağa hazırlaşan kişi dedi:

- Kəlbəcər qaçqınıdı, axşam-səhər tütək çala-çala gəzir.

- Hə, indi bildim bu qəm nə qəmdi, - dedim.

Kişi:

- Yurd itkisi çox ağırdı.

- Bəli, ağır dərddi, - dedim.

- Heç kəslə danışıb-eləmir, səhər açılandan axşam şər qovuşanacan tütək çalır.

- Qardaş, - dedim, - elə böyük dərd var ki, onu danışmaq olmur. Bax bu kişi də sözünü tütəklə deyir.

Mən ailəmlə on səkkiz gün sanatoriyada qaldım. Amma bircə gün də özümü Nabranda, "Dostluq" sanatoriyasında hiss etmədim. Qaçqın kişinin çaldığı tütək məni gah Kəlbəcərə, gah Şuşaya, gah Ağdama apardı.

 

DƏYƏR

 

15 noyabr 1988-ci il. "Yazıçı" nəşriyyatında Nəsr şöbəsinin müdiri idim. Tərcüməçi Natiq Səfərov Tərcümə şöbəsində redaktor vəzifəsində işləyirdi. Bizim şöbəyə tez-tez gəlirdi. O, böyük istedadından xatirələrdən başqa bu dünyada elə bir yazılı irs qoymayan Vidadi Məmmədov haqqında yana-yana danışırdı. Maşın qəzası zamanı həlak olmuş Vidadi Məmmədov haqında qəhərlənərək deyirdi:

- Düz on gündür, elə bilirəm canımın yarısı torpağa basdırılıb. O məndən on qat, min qat istedadlıydı. Onu Qarabağ yetirmişdi, qarabağlı yumşaqlığı da məhv etdi. Vidadi deyirdi: "Sən cümləni görürsən, mən isə sözü, sözdəki səsləri görürəm".

31 yanvar 1996-cı il. Qarabağ müharibəsi bitmək bilmədi. Atəşkəsin sonu olmadığı kimi, torpağımızı geri almaq da bir arzu olaraq qaldı. Qarabağ alınmadı, amma əvəzində məmləkətimizdə çoxlu Qarabağ adlı restoranlar, kofelər, şadlıq sarayları tikildi. Çadır şəhərciyində qarabağlı ataların, anaların övladları gəldi dünyaya. İndi onlar 7-8 yaşlı uşaqlardı. Birindən soruşdum, haralısan? "Çadır şəhərciyindən" - deyə cavab verdi. Ürəyim sızladı.

P.S. 27 sentyabr 2020-ci il. İllər keçdi, illər! Yuxum ərşə çəkilib. Qarabağ uğrunda müharibə başlayıb. Çadır şəhərciklərində doğulanlar döyüşə atılıblar. Hər an nigarançılıq, qəhər, kədər, fərəh, sevinc içindəyəm. İş yoldaşım xəritədə azad olmuş kənd və şəhərlərimizi tapıb fərəh içində sancaqlayır. İnşaalah, qələbə bizimdir!

 

 

 





13.10.2022    çap et  çap et