525.Az

Vətən oğlu - Kamalə Abiyeva yazır


 

Vətən oğlu - <b style="color:red"> Kamalə Abiyeva yazır</b>

Vüsal İsmayılzadə 2001-ci il oktyabrın 17-də Bakının Buzovna qəsəbəsində dünyamıza göz açıb. Ən çox Xəzərlə dostlaşıb, söhbətləşib. Xəzriyə qoşulub dalğalara, qumlu sahillərə sığal çəkib.

Doğulduğu tarixə baxarsan. Uşaq sanarsan. O isə 2020-ci ilin 27 sentyabrında yenidən doğular və bir günə böyüyər, Vətəninin ərazi bütövlüyü uğruna canından keçən əsgər olar.

Buzovnadakı Albalılıq massivində 322 nömrəli məktəbdə təhsil alıb. 2018-ci ilin məzunudur. O qədər mehriban, şirindil, gülərüz, şən olub ki, sinifdə olmayanda yoldaşları darıxarmış.

İdmanı, xüsusilə də futbolu çox sevib Vüsal. Bir də maşınları. Maşın şəkillərindən kolleksiyası varmış.

Vüsalın sinif rəhbəri, həm də tarix müəllimi Kamalə Nuriyeva: "Sentyabrın 15-də dərsə gələndə çox kövrəldim. İndi 8-ci sinifin rəhbəriyəm. Onlara baxırdım. Vüsalı xatırladım. Bütün şəhidləri xatırladım. Düşündüm ki, bir vaxt onlar da beləcə şagird olublar". Bu sözləri deyir və yenə  kövrəlir Kamalə müəllimə: "Onlarla adam gəlib-keçir həyatımızdan. Hələ müəllimsənsə, yüzlərlə məzunun olur. Elələri olur unudursan, yada salmaq istəmirsən. Eləsi var xatirəsi darıxdırır. Vüsal üçün həmişə darıxırsan. O qədər pozitiv idi ki. Hədsiz səmimi, qayğıkeş idi.  Dəqiq elmləri daha çox sevirdi. Tarixə də marağı çox idi. Tarixi günlər var, xronologiya deyirik, onu öyrənirdi. Xronologiyanı lövhədə yazdırardım, Vüsal xronologiyanı yazandan sonra həmişə sonda öz doğum gününü qeyd edərdi. Uşaqlar soruşanda "Mənim dünyaya gəldiyim gün də mənim tariximdir. Bu da tarixi gündür. Bunu da yadınızda saxlayın. İstəyirəm bu tarixi öz əlimlə yazım" deyirdi. Hiss edirmiş. Tarix oldu doğum günü. Məktəbi bitirəndə ali təhsil almaq istəyirdi. Balı çatmadı. Amma həyat imtahanından, Vətən qarşısındakı imtahandan ən yüksək bal topladı.

Anası Lalə xanım həmin məktəbin rus dili müəllimidir: "Uşaqlıqdan çox şən, zarafatcıl idi. Onunla darıxmırdın. Hər işdə köməyimə gəlirdi. Bacısı Rəhiməxanım ondan bir yaş böyük olsa da, bir sinifdə oxuyurdular. Həmişə onun qayğısına qalırdı. Atası bizi tərk etmişdi. Onları tək böyütmüşəm. Çətinliyimiz olurdu. 7-ci sinifdən yay tətillərində işləyirdi, mənə kömək edirdi, böyüməyə tələsirdi. Əsgər getməyə də tələsirdi. Elə "Gedib Qarabağı alacağam" deyirdi... Ona qürurla baxırdım. "Vətən oğlu" deyirdim. Qarabağı aldı, Vətəninin oğlu oldu..."

Elə oldu, Lalə xanım. Tək sizin oğlunuz idi, Vətənin oğlu oldu, Vətəni sevən hər kəsin oğlu, qardaşı, doğması oldu.

2019-cu il oktyabrın 23-də həqiqi hərbi xidmətə çağırılan Vüsal Qusarda ağır artilleriya və minaatanlar batalyonunda həqiqi hərbi xidmət keçir. Müddətli hərbi xidmət zamanı ləyaqəti, məsuliyyəti, qavramı, çevikliyi ilə seçilir. 2020-ci ilin sentyabrında ərazi bütövlüyümüz uğrunda savaş olacağını, savaşa qatılacaqlarını biləndə sevincdən yata bilmir.

Savaş başlayanda 19 yaşı tamam olmamışdı. "Cəbhə bölgəsinə getməyi arzulayırdı. Cəbhə bölgəsinə gedəcəyimizi biləndə çox sevinirdi. Elə gülürdü, elə bil, bayrama gedirik" - deyir əsgər yoldaşları. Vüsalsa "Bayram necə olur? Gedirsən, torpağını azad edirsən, olur bayram. Bu ad günüm əsl bayram olacaq" - deyirmiş yol boyu.

2019-cu il oktyabrın 23-də müddətli hərbi xidmətə çağrılan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal İsmayılzadə düz bir il sonra - 2020-ci il oktyabrın 22-də şəhid olur. Ad gününü də döyüş yoldaşları ilə azad olunmuş ərazilərin sevinci ilə qeyd edir. Füzuli, Zəngilan, Cəbrayıl uğrunda ağır döyüşlərdən keçir, Füzulinin azad olunmasında şücaət göstərir.

Sonra Xocavənd uğrunda gedən döyüşlər. Oktyabrın 22-də Xocavəndin Düdükçü kəndini işğaldan azad edilməsi. Atışma ara vermir. Raket atəşləri dayanmır. Düşmən nə qədər müqavimət göstərsə də, igidlərimizin qarşısında tab gətirə bilməyib geri çəkilməyə məcbur olur. Bu çətin döyüşdə Vüsal da yaralanır. Yaralı olmasına baxmayaraq, şəhidləri çiynində, qucağında təhlükəsiz yerə aparır. Təcili Tibbi Yardım maşını gəldikdə yaralıları daşıyır durmadan. Döyüş yoldaşları, tibbi heyət onun vəziyyətinin yaxşı olmadığını görür. Təkid etsələr də, Vüsal getməkdən imtina edir, öz yerinə başqa bir yaralını yerləşdirir. "Onun vəziyyəti ağırdır. Mən yaxşıyam. Növbəti maşınla gələrəm" - deyir.

Yenə döyüşə qatılır. Neçə yaralıya kömək olur Vüsal canı bahasına. Qanaxmasını isə saxlamaq olmur. Növbəti tibbi maşınla hospitala yetişə bilmir Vüsal...

Onun haqqında deyilənləri, döyüşlərdəki cəsurluğunu, igidliyini 18 yaşa sığdıra bilmirdim. Vətən sevgisini hansı sözlə ifadə etmək olar görəsən? Bu sevgiylə yaşayanları necə təqdim edəsən, şəninə necə tərif deyəsən?

Vüsal İsmayılzadə haqda məlumatlarda "Hərbi qulluq vəzifəsini yerinə yetirərkən şəhid oldu" yazılıb. Vətənin ərazi bütövlüyünü, torpağını qorumaq hər birimizin borcudur, amma hərbi qulluqda olan oğullarımızın həm də vəzifəsidir. Bundan böyük vəzifə ola bilməz.

"Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb bu vəzifəsini şərəflə yerinə yetirən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Lalə xanımın dediyi kimi, Vətən oğlu -  Vüsal İsmayılzadə.

 

 





13.10.2022    çap et  çap et