Fransa prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalara görə Rusiyanı ittiham edib. “Reuters”in məlumatına görə, Makron sərhəddə baş vermis sentyabr döyüşlərini Rusiyanın “məqsədli təxribat”ının nəticəsi adlandırıb. Onun sözlərinə görə, bütün bunlar Rusiyanın “Qafqaz regionunda və onun hüdudlarından kənarda vəziyyətin sabitliyini pozmaq səyləri çərçivəsində” baş verib: “Son iki ildə sərhəddə nələr baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək, Azərbaycanın xeyrinə oyun oynadılar, Ermənistanı zəiflətməyə çalışdılar. Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, Qafqazda qarışıqlıq yaratmaq istəyir, məqsəd bizim hamımızı qeyri-sabit vəziyyətə salmaqdır”.
Makron əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”.
O xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub: “Bu sammit Ermənistanın baş nazirinə həm də müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”.
“Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı” sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır: “Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilər”.
Politoloq İlqar Vəlizadə Makronun son çıxışı ilə əlaqədar "Report"a deyib: “Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edən Fransa heç bir halda rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında vasitəçi ola bilməz. Makronun nitqinin kobudluq səviyyəsi sadəcə heyrətamizdir. Bu insanı hətta Fransada da çoxları tənqid edir. O, bir çox məsələlərdə səriştəsizdir, lakin regionumuzla bağlı məsələdə belə açıq-aşkar səriştəsizlik sadəcə heyrətamizdir. Çünki Fransa vasitəçilik roluna iddia edir. Əgər Makron özünə zəhmət verib bu sözün mənasına baxmaq istəsə, görər ki, vasitəçi münaqişə tərəflərindən neytral və bərabər məsafəli mövqe tutmalı və vəziyyətə son dərəcə ehtiyatlı və düzgün münasibət bildirməlidir”, - deyə İ.Vəlizadə bildirib.
Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Parisin guya “xüsusi münasibəti” olduğu Ermənistanı dəstəkləməsi barədə bəyanatı və rəsmi İrəvanı heç vaxt tərk etməyəcəyinə dair verdiyi vəd vasitəçilik missiyasına qətiyyən uyğun gəlmir.
"Xoşbəxtlikdən, Fransanın təmsil olunduğu ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətini dayandırıb. Biz artıq Parisin şübhəli xidmətlərinə ehtiyac duymuruq", - politoloq vurğulayıb.
Digər tərəfdən, politoloq hesab edir ki, Azərbaycana qarşı açıq-aşkar aqressiv hücumlar göstərir ki, Fransa açıq şəkildə Ermənistanın tərəfində regiona soxulmağa və öz şərtlərini diktə etməyə çalışır: “Bu, tamamilə qəbuledilməz bir vəziyyətdir və Azərbaycan, şübhəsiz ki, bunu diqqətdən kənar qoymayacaq. Belə davam edərsə, Azərbaycan ümumiyyətlə Fransanın təmsil olunduğu hər hansı formatda iştirak etməkdən imtina edəcək. Belə münasibət və bu cür yanaşmalarla Fransanın iştirakı ilə danışıqlar aparmağın mənası yoxdur".
"Azərbaycan cəmiyyətində Fransanın heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməyəcəyi ilə bağlı qəti mövqe formalaşıb və Avropa İttifaqı, həmçinin bu müzakirələri dəstəkləyən digər ölkələr də bu mövqeyi nəzərə almalıdırlar". Bu sözləri isə "Report"a açıqlamasında siyasi ekspert Zaur İbrahimli deyib. O bildirib ki, son vaxtlar Fransanın Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə Ermənistanın maraqlarını müdafiə edən tərəf kimi qoşulmağa cəhd etməsi Azərbaycan cəmiyyətində haqlı narahatlıq yaradır, çünki Paris faktiki olaraq Ermənistanın vəkili kimi çıxış edir.
Onun sözlərinə görə, oktyabrın 6-da Praqada dördtərəfli danışıqlar Azərbaycanın sülh gündəliyinin həm rəsmi İrəvan, həm də Brüssel tərəfindən qəbul edilməsi ilə əlamətdar oldu: "Xüsusən, Azərbaycanın irəli sürdüyü beş prinsipin Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməli olması ilə bağlı yanaşma əsas götürüldü və rəsmi İrəvanla rəsmi Bakının bir-birinin ərazi bütövlüyünü tanıması barədə bəyanat verildi. Bu prinsiplər Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünun tanınması, ölkələrin bir-birinə münasibətdə suverenliyə, ərazi bütövlüyünə qarşı hər hansı təhdiddən istifadə etməyəcəyi, ermənilərin heç bir ərazi iddialarının olmayacağı ilə əlaqədar hüquqi öhdəlik götürməsini nəzərdə tutur".
Azərbaycanın irəli sürdüyü bu prinsiplərin Qafqazda dayanıqlı sülhün əldə olunması üçün möhkəm əsaslar yaradacağını vurğulayan siyasi icmalçı bildirib ki, bu, ölkələr arasında münasibətlərin beynəlxalq hüququn əsas götürülməsilə normallaşmasını ehtiva edir: "Praqa danışıqlarının nəticələrinə görə deyə bilərik ki, əsas vasitəçi kimi çıxış edən Avropa İttifaqı, həmçinin prosesə dəstək verən ABŞ və Rusiya rəsmi Bakının bu sülh gündəliyi ilə razılaşıblar. Praqa görüşü 2021-ci il dekabrın 14-dən start götürən və Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən müzakirələr prosesinin müsbət nəticələr verdiyini də nümayiş etdirdi. Bununla belə son vaxtlar Fransanın Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə Ermənistanın maraqlarını müdafiə edən tərəf kimi qoşulmağa cəhd etməsi Azərbaycan cəmiyyətində haqlı narahatlıq yaradır, çünki Paris faktiki olaraq Ermənistanın vəkili kimi çıxış edir. Vasitəçilik mühüm beynəlxalq-hüquqi alət kimi ilk dəfə olaraq 1899 və 1907-ci il tarixli “Beynəlxalq toqquşmaların dinc həlli barədə” Haaqa Konvensiyalarında təsbit edilərək, sonradan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VI-cı fəslinin 33-cü maddəsində öz əksini tapıb. Belə bir missiyanı öz üzərinə götürən beynəlxalq təşkilat, dövlətlər qrupu və ya konkret ölkə ilk növbədə beynəlxalq hüquqdan irəli gələn dövlət suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərini rəhbər tutmalıdır. Silahlı münaqişələrin həllini ehtiva edən fəaliyyətdə vasitəçi-dövlət danışıqlar və nizamlanma prosesində heç bir tərəfə üstünlük verməməli, onun obyektivliyini və qərəzsizliyini şübhə altına alan bəyanatlarla, çağırışlarla çıxış etməməlidir".
Fransa rəhbərliyinin son otuz ildə və ATƏT-in Minsk Qrupunda təcavüzkar Ermənistana açıq-aşkar dəstək verdiyini xatırladan ekspert bildirib ki, bu ölkə eyni zamanda 44 günlük Vətən Müharibəsində İrəvanı bütün mümkün vasitələrlə müdafiə edib, BMT müstəvisində Azərbaycana qarşı təzyiq göstərməyə çalışıb:
"Bu davranış və siyasət beynəlxalq münasibətlərdə formalaşan vasitəçilik missiyası ilə tam ziddiyyət təşkil edir. Həmçinin, Ermənistanın erməni lobbisinin güclü təsiri altında olması da Parisin obyektiv mövqe tutacağı və qərəzsiz vasitəçilik missiyası yerinə yetirəcəyinə zəmanət vermir. Fransanın Türkiyəyə qarşı təşəbbüsləri dəstəkləməsi, Ankaranın əleyhinə iş aparması Azərbaycanla münasibətlərə təsirsiz qalmır və fransız diplomatiyası Azərbaycan və Türkiyəyə münasibətdə vahid mövqedən çıxış edir və hər iki ölkənin mövqelərinin zəifləməsi əsas hədəf kimi müəyyən edilib. Bütün bunlar Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır və Fransanın müdaxiləsi Aİ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına da inamsızlıq yarada bilər. Azərbaycan cəmiyyətində Fransanın heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməyəcəyi ilə bağlı qəti mövqe formalaşıb və Avropa İttifaqı, həmçinin bu müzakirələri dəstəkləyən digər ölkələr də bu mövqeyi nəzərə almalıdırlar".
Xatırladaq ki, son zamanlar Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.
çap et