525.Az

Can qoyardım yoluna, bir də qayıtsaydı anam - Zakir Bayramlıdan poetik nümunələr


 

Can qoyardım yoluna, bir də qayıtsaydı anam - <b style="color:red"> Zakir Bayramlıdan poetik nümunələr</b>

ANAM   

 

Can qoyardım yoluna, bir də qayıtsaydı anam.

Yüyürərdim qucuna, qolların açsaydı anam.

 

Qayıdardım təzədən körpə, uşaq çağlarıma,

Həm mənə layla deyib, həm özü yatsaydı anam.

 

Dolanardım başına bəlkə də  pərvanə kimi,

Nur saçıb, yollarımı nura boyatsaydı anam.

 

Tez durardım yuxudan, heç  onu incitməz idim,

Çağırıb asta, şirin səslə oyatsaydı anam.

 

Xoş gələrdi, məni ərk ilə söyüb danlamağı,

İnciməzdim, qanımı  gündə qaraltsaydı anam.

 

Gər hüzurundasa ya Rəbb, sözümü söylə ona,

Nə olardı dirilib hayıma çatsaydı anam?

 

Xidmətində dayanıb, həm də çəkərdim nazını,

Qoymaz idim hər işə addımın atsaydı anam.

Baxmayıb yaşıma, Zakir kimi nadinclik edər,

Qışqırardım, qulağımdan yenə dartsaydı anam.

 

QOCALIQ

 

Qocalıq düşkünlük, miskinlik deyil,

O çox hörmət ilə aramla gəlir.

Susub dinməməyi küskünlük deyil,

Keçdiyi yollara baxıb dincəlir.

 

Hamının ömründə bir naxışdır o,

Gəncliyi pərişan qoyur həmişə.

Arxaya boylanan bir baxışdır o,

Baxır içimizdən qopan keçmişə.

 

Azad quşa dönüb, gəzir dünyanı,

Yoluxur hamıya xəstəlik kimi.

Bu dərd min illərdir əzir dünyanı,

Gəlmir xoşumuza bəzən görkəmi.

 

Qocalıq müdriklik, kamillik çağı,

Ömrün başı qarlı bir dağ dövrüdür.

Bütün fəsillərin bar verən bağı,

Nəsildən-nəsilə qalan körpüdür.

 

Çapıb köhlənini, ötüb illəri,

Rast olub acıya, düşüb şirinə.

Müdrik kəlamlarla öpüb dilləri,

Dönüb şairlərin gözəl şerinə.

 

İnsan qocaldıqca ağır tərpənər,

Gənclər hörmət edib, baş əyər ona.

Yenicə dil açan məsum körpələr,

"Babamsan sən mənim" söyləyər ona.

 

Əfsus qocalığı hörmətdən salan,

Özünə qapanmış qocalar da var.

Övlad qayğısından kənarda qalan,

Özgəyə tapınmış qocalar da var.

 

Gəncliyi mənasız vurmayaq başa,

Meşşanlıq odunda yanar qocalıq.

Kaş ki, ayağımız dəyməsin daşa,

Yaman kövrək olur, sınar qocalıq.                            

 

GƏNCLİYİM

 

Sən gələndə ömrümə

Asta addımla gəldin.

Kövrək xatirələrlə

Gözlərimdə yüksəldin,

Coşub-daşan gəncliyim,

Xəyallaşan gəncliyim.

 

Sən arzular çeşməsi,

Ümidlər çırağısan.

Ömür adlı evimin,

Ən əziz qonağısan.

Ötür zaman, gəncliyim,

Sən qal cavan gəncliyim.

 

Gedirsən, elə get ki,

Ümidimi aparma,

Gənclik məhəbbətimi

Ürəyimdən qoparma,

Su tək axan gəncliyim,

Geri baxan gəncliyim.

 

DİL

 

Gözəl danışmaqla məclisi bəzər,

Sözdən çələng hörər, incilər düzər.

Ağızdan qulağa daim söz süzər

Həm acı bir zəhər, həm dərmandı dil,

Tükənməz xəzinə, bir ümmandı dil.

Sözün qiymətini bəzən artırar,

Hərdən də söz ilə könüllər qırar.

Dinləyən hər sözdə bir məna arar,

Güclü kəlamlara xiridardır dil,

Bütün hikmətlərə tək açardır dil.

 

Ağızda büdrəsə, çaşdırar sözü,

Yalana uğrayub, söyləməz düzü,

Başı bəlalara salarsa özü,

Açıb günahını anladandı dil,

Günahı olanı danladandı dil.

 

Danışır bizimlə öz dilimizdə,

Yatır ağız adlı mənzilimizdə,

Rəngdə bir olsa da hər birimizdə,

Sözdə ayrı-ayrı mənadadır dil,

Hər an tamam başqa sevdadadır dil.

 

Onu xoş niyyətlə danışdırsalar,

Sözünün xətəri tamam azalar.

Qov qoyub hiddərlə alışdırsalar,

Aləmi odlayıb yandırandı dil

Hər kəsə haqqını qandırandı dil.

                                                                                     

RÜBAİLƏR

 

Qaçıb dərd əlindən dağlara qalxdım,

Dönüb dağ başından dərdimə baxdım.

Özgələr adımı bəxtəvər qoydu,

Özüm öz içimi yandırıb-yaxdım.

 

Gözəldir meşəli, çeşməli dağlar,

Coşub içim-içim çağlar bulaqlar.

Üzün xəzəl örtər tənha qalanda,

Küsüb için-için ağlar bulaqlar.

 

 

 





13.10.2022    çap et  çap et