525.Az

Anadoluda Azərbaycan türklərinin izləri - Ərəstü Həbibbəyli yazır


 

Anadoluda Azərbaycan türklərinin izləri - <b style="color:red"> Ərəstü Həbibbəyli yazır</b>

Dünya ölkələrinin tarixində qonşu xalqların və ölkələrin bir-birinə qarşılıqlı təsiri qaçılmazdır. Həmsərhəd ölkələr və qonşu xalqlar tarixi zaman kontekstində həm insanların müxtəlif səbəblərdən miqrasiyası, həm mədəniyyətlərin qovuşması, həm dini müxtəliflik və adət-ənənələrin fərqliliyi baxımından biri digərində öz izlərini saxlayır. Hətta qloballaşma dövrünün "əritmə qazanı"nın (melting pot) ən güclü təsiri altında olan Avropa ölkələrinin əksəriyyətində belə "xaricdəki doğmalar" əsrlərdir izlərini qorumaqdadır. Bu mənada ölkələrin hazırkı siyasi xəritədəki sərhədləri ilə mədəni irs xəritələrinin cizgiləri üst-üstə düşmür, müxtəlif ölkələrin hüdudları daxilində "mədəni və etnik anklav" və ya səpələnmiş şəkildə özünü göstərir. Dünyada çox az ölkə tapmaq olar ki, tarixi-mədəni irs onları ayırmır, əksinə, birləşdirir. Misal üçün, Avropada Almaniya və Avstriya arasında belə bir harmoniya mövcuddur.

Azərbaycanın yerləşdiyi coğrafiyada da həmsərhəd ölkələr arasında mədəni müxtəliflik özünü göstərir. Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistanda türk mədəni irsi uzun illər məqsədyönlü şəkildə silinməsinə, vandalizmə məruz qalmasına baxmayaraq, toponimiyadan tutmuş kulinariyaya qədər bir çox sahədə öz mövcudiyyətini saxlaya bilmişdir. Gürcüstan ərazisində, eləcə də Dağıstanda da Azərbaycan türklərinin tarixi, mədəni, dini abidələri, coğrafi adları vardır.

Bu baxımdan iki qardaş xalq və dövlət olan Azərbaycan və Türkiyə arasında mədəni irs nümunələrinə, tarixi izlərə münasibətdə yalnız harmoniya, ortaq dəyərlər və birgə sahiblik mövcuddur. Heç şübhəsiz ki, bütün dünyada Azərbaycan və Türkiyə qədər tarixi, mədəniyyəti və ümumilikdə taleyi eyni olan başqa bir nümunə tapmaq çətindir. Tarixin müxtəlif dövrlərində siyasi sərhədlər fərqli olsa da, Qafqaz və Anadolu türkləri eyni dəyərlərin, eyni mədəni, dini, tarixi irsin sahibi və daşıyıcılarıdırlar. Azərbaycan və Türkiyənin taleyinin ayrılmazlığının, qardaşlığının ən dəqiq ifadəsi Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərində əks olunmuşdur.

Qeyd olunanları nəzərə alaraq əminliklə deyə bilərik ki, istər Qafqazda, istərsə Anadolu və Yaxın Şərqdə türklərin izlərinin Azərbaycan və Türkiyənin ortaq mədəni dəyəri və irsi olması təkzibedilməzdir. Lakin bununla yanaşı, hazırkı araşdırmamızda müxtəlif tarixi şəraitdə və zamanda Anadoluda iz qoymuş Azərbaycan türklərinin tarixi-mədəni irsinə nəzər salmaq istədik. Bu araşdırmada orta əsrlərdə siyasi, iqtisadi, dini səbəblərdən Anadoluya köç etmiş, Şərqi Anadoluda tarixən yaşamış, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyədə məskunlaşmış azərbaycanlıların izlərinə dair mənbələrə və nəhayət, müasir dövrdə Türkiyənin müxtəlif bölgələrində Azərbaycanla bağlı küçə və parklara verilən adlara işıq salmağa çalışacağıq.

Məlumdur ki, həm Azərbaycanda, həm də Anadoluda türklər əsasən oğuz türklərinin varisləridir. Bu mənada, onlar arasında əsas fərq coğrafi yerləşmə arealı ilə bağlıdır və etnik fərqlilik ehtiva etmir. Tarixən Böyük Səlcuq dövlətinin süqutundan sonrakı dövrlərdə Şərqi Anadolunun Qafqaza yaxın bölgələrində yerləşən oğuz türkləri danışıq tərzinə, dialektinə və oğuz boylarının üstünlük təşkil etdiyi əraziyə görə daha çox Azərbaycanla bağlı olmuşlar. Şərqi Anadoluda İqdır, Qars, Ərdahan, Ərzurum, Ərzincan, Van, Ağrı bölgələrində yaşayan türklər Azərbaycanla bağlı, bu regiondan köçmə və ya eyni tayfa-boyların təmsilçiləri olmuşlar. Azərbaycan xanədanlarından olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin sərhədlərinin Muş və Sivasa qədər uzanması, paytaxtın Diyarbəkir olması hesabına bu bölgələrdə də Azərbaycan türklərinin izlərini görmək mümkündür. Hətta mənşəcə Azərbaycan türklərinin etnogenezində iştirak edən salur türklərindən olan Azərbaycan hökmdarı Qazi Bürhanəddinin (1345-1398) bəyliyinin mərkəzinin Kayseri olduğunu da qeyd etmək lazımdır. Buna görə də bu tarixi iz hələ də özünü göstərir və indi də Türkiyənin qeyd etdiyimiz bölgələrində "Azərbaycan türkü" adı ilə tanınan əhali qrupu yaşamaqdadır. Baxmayaraq ki, tarixən Anadoluda yaşayan Azərbaycan türklərini müxtəlif cür - azəri, tərəkəmə, qarapapaq, şahsevən, qızılbaş, şirvanlı, qarabağlı və digər kimliklə adlandırırlar.

Orta əsrlər boyunca siyasi, iqtisadi, dini və digər səbəblərdən Qafqazdan Anadoluya köç edən boy və tayfalar öz oğuz qardaşları ilə qaynayıb-qarışmış, vahid türk etnosunun formalaşmasında iştirak etmişlər. Ümumiyyətlə isə Səfəvi-Osmanlı dövründə hər iki istiqamətdə - həm Qafqazdan Anadoluya, həm də Anadoludan Güney və Quzey Azərbaycana köç halları müşahidə olunur. Siyasi faktor olaraq iki əsas səbəb olmuşdur: Səfəvi-Osmanlı arasında hakim xanədandan narazı qalan boyların köçü və sərhədlərin genişlənməsi zamanı siyasi hakimiyyəti dəstəkləmək məqsədilə aparılan köç. Təsadüfi deyildir ki, bu gün belə Ərzurumun Şənkaya, Ərzincanın Kemah, Ağrının Daşlıçay, Vanın Ərciş, Amasiyanın Suluova və Mərzifon, Afyonun Əmirdağ ilçələrində yaşayanların danışıqlarında Azərbaycan dilinin ləhcələri dominantlıq edir. Ərzincanın Kemah ilçəsinin Tanköy kəndinin sakinləri Şərur mahalının Danyeri kəndindən, İqdırın Aralık ilçəsi və Yaycı kəndləri isə Şərurun eyniadlı kəndlərindən köçənlərin varisləridir. Bu kimi nümunələri Türkiyənin qeyd etdiyimiz digər vilayətlərinin hər birində görmək mümkündür.

Türk boylarının Qafqazdan Anadoluya miqrasiyasının digər bir dövrü XIX əsrə düşür. Məlumdur ki, 1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibələri, eləcə də 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsi bu istiqamətdə böyük bir hərəkətliliyə səbəb olmuşdur. Xüsusilə də 1829-cu il Ədirnə müqaviləsi əsasında Rusiya və Osmanlı dövlətləri arasında xristian və müsəlmanlara yaşayış yerini seçmək hüququnun verilməsi ilə köçlərin sayı çoxalmışdır. Bu müharibələrdən sonra Azərbaycanın həm Güney, həm də Quzeyindən Anadoluya köçüb yerləşənlərin sayı dəfələrlə artmışdır. 1877-1878-ci illər Rusiya Osmanlı müharibəsindən sonra Azərbaycan türklərinin Anadoluya mühacirətini Aygün Attar "Tarihten günümüze Türkiyede yaşayan Azerbaycan Türkləri" kitabında "qarapapaqların köçü" adlandırır. Ümumilikdə "qarapapaqların köçü" zamanı 1877-1914-cü illər arasında müəyyən fasilələrlə Gəncə-Qazax və Borçalıdan Türkiyənin Qars, Ərdahan və Qara dəniz sahillərinə böyük köç olmuşdur.

Türkiyədə "tərəkəmə" adı ilə tanınan qrup da Azərbaycan mənşəlidir, Türkmənçay müqaviləsindən sonra daha çox Borçalı, Qərbi və Cənubi Azərbaycan torpaqlarından Anadoluya köçənlərin varisləridir. Türkiyənin Qars, Ağrı, Amasiya, Ərdahan, Sivas bölgələrində məskunlaşıblar. Bu qrup içərisində Borçalıdan gələnlər "qarapapaq", Şirvandan gələnlər "şirvanlı" kimi tanınırlar.

XX əsrin əvvəllərində Anadoluya Güney Azərbaycandan köç edənlər isə Türkiyədə kürəsünni (və ya kürəsünnü) adı ilə tanınırlar. Türkiyəli alim Yaşar Kalavat kürəsünnilərin ana dilinin Azərbaycan türkü olmasını, danışıq ləhcəsinin isə türkman (tərəkəmə), Qara dəniz və Təbriz şivələri əsasında formalaşdığını bildirir. Azərbaycanda ilk dəfə kürəsünnilər haqqında araşdırmaçı alim Araz Qurbanov məlumat vermişdir. Kürəsünnilər əsasən Van şəhərində və Van ilinin kəndlərində yaşayırlar. Kürəsünni eli Xoy və Salmas arasında yerləşən Kürəsünni mahalı adı ilə tanınan bölgədə və Urmiya ətrafında yaşayan oğuz türklərinin çəpni qolundandır. Məlum olduğu kimi, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra dövlətin sərhədlərindən kənarda qalan türk əsilli əhali Anadoluya dəvət olunmuşdur. Kürəsünnilərin Anadoluya köçü Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərdə baş vermişdir. 1925-ci ilin iyul ayının 24-də imzalanmış "Şərq İslahat Planı"na əsasən, Van şəhəri və Midyat arasındakı strateji əhəmiyyətə malik ərazilərə kürəsünnilərin yerləşdirilməsi, onların torpaq sahələri, mal-qara və s. ilə təmin olunması qərara alınmışdır. Hazırda Van şəhərində, Van ilinin Alaköy, Karagündüz, Kasımoğlu, Bardakçı, Lamizgirt, Yumrutepe, Köprüler, Mollakasım kəndlərində, Özalp, Saray, Sırımlı Köyü, Çaldıran, Başkale, Edremit, eləcə də Bitlisdə Ahlat, Adilcevaz ilçələrində və Erikbağı kəndində, Muş və Kastamonu şəhərlərində yaşayırlar.

Bu yerdə XVI-XVII əsrlərdən başlayaraq Qarabağdan Anadoluya köç edib, müxtəlif bölgələrdə məskunlaşanların izlərinin qaldığı yer adlarını da qeyd etmək istərdik. Yrd. Doç. Dr. Erdal Adayın "Bolvadin ilçəsi Karabağ köyləri folklorunda eski türk inançlarının izləri" adlı məqaləsində bu köçün Qarabağdan ilkin olaraq Qarsa, ordan Afyonkarahisara, ordan isə Türkiyənin müxtəlif bölgələrinə yayıldığı göstərilir. Bu xüsusda Türkiyənin müxtəlif yerlərində Qarabağla bağlı aşağıdakı yer adlarına rast gəlinir:

- Karabağ kəndi - Qars, Kağızman ilçəsi

- Karabağ kəndi - Qars, Digor ilçəsi

- Karabağ mahallesi - Afyonkarahisar, Bolvadin

- Böyükkarabağ, Ortakarabağ, Derekarabağ kəndləri - Afyonkarahisar, Bolvadin ilçəsi

- Yeni Karabağ kəndi - Afyonkarahisar, Sultandağı ilçəsi

- Karabağ mahellesi (əvvəllər kənd olmuşdur) - Konya, Cihanbeyli ilçəsi

- Karabağlar ilçəsi - İzmir

- Karabağ kəndi - Siirt, Kurtalan ilçəsi

- Karabağ mahallesi (əvvəl kənd olmuşdur) - Aydın, İncirliova ilçəsi

- Karabağ mahallesi - Muğla, Bodrum ilçəsi

Anadoluda Azərbaycan türklərinin mühüm izlərindən biri də bu coğrafiyaya köç etmiş alimlər, irfan sahibləri və sufi-təsəvvüf təriqət liderləri ilə bağlıdır. Ümumilikdə orta əsr müsəlman Şərqində bu kateqoriya adamların yaşayış məkanı böyük bir coğrafi arealı əhatə etmişdir, başqa sözlə desək la-məkan olmuşlar. Ancaq onu da vurğulamaq lazımdır ki, bu cür irfan sahibləri məskunlaşdıqları yerlərə daim vətənlərindən gələn böyük bir köçə səbəbiyyət vermişlər. Bu mənada hazırda Anadoluda dəfn olunan bir sıra Azərbaycan əsilli irfan sahiblərini həmin bölgədə Azərbaycan türklərinin izləri kimi qiymətləndirmək olar. Qeyd etməliyik ki, bu ustadlar köç edərkən çoxlu sayda müridləri onları müşayiət etmişlər.

Ümumiyyətlə, təsəvvüf cərəyanlarının yaranmasında və formalaşmasında Azərbaycan əsilli şəxsiyyətlərin mühüm yeri olmuşdir. Belə ki, təsəvvüf cərəyanlarının yaranmasının ilkin dövründən fərqli olaraq sonrakı dövrdə, yəni XII əsrdən etibarən azərbaycanlıların sufilikdə öz imzası görünür. Ərəb mənşəli olmayan Sührəverdiyyə və onun təsiri ilə Əbhəriyyə, Zahidiyyə, Xəlvətiyyə, Səfəviyyə, Gülşəniyyə, Hürufilik kimi cərəyanların ortaya çıxmasında Azərbaycan əsilli şəxsiyyətlərin rolu məlumdur. Bu təriqətlər arasında xəlvətiyyə və nəqşbəndilik təlimlərinin də bir neçə usta mürşidi Azərbaycan əsilli olduğu üçün bu yolun davamçıları Qafqazla Anadolu arasında körpü olmuşlar. Bu ustadların ölümlərindən sonra da ziyarətgaha çevrilən təkkələri Anadoluda Azərbaycan izlərini simvolizə edir. Anadoluda Azərbaycanı daha çox təmsil etmək baxımından xəlvətiyyə təlimi və onun davamçıları xüsusi yer tutur. XIV əsrdə Şirvanda təşəkkül etmiş xəlvətiyyə təriqətinin banisi Ömər Xəlvətidir. Anadoluda isə bu təlimin ideyaları XV əsrdən etibarən Seyid Yəhya Bakuvinin müridləri vasitəsilə daha geniş yayılmışdır. Ümumən Azərbaycandan kənarda - Anadolu, İran, Misir, Türküstan, Hindistan və Balkan yarımadasında xəlvətiyyə təliminin yayılması daha çox Seyid Yəhya Bakuvinin adı ilə bağlı olmuşdur. Şirvan təsəvvüf məktəbi kimi tanınan xəlvətiyyə səfəviyyə təriqəti ilə oxşar ideyaları eyni məkanda paylaşdığı üçün sonrakı mərhələdə əsas mərkəzini Anadoluya köçürmüş, yüzlərlə təkkə, minlərlə müridə sahib olmuşdur. Xəlvətiliyin gülşəniyyə qolunun qurucusu olan Şeyx İbrahim Gülşəni (1423-1534) də öz təlimi daha çox Anadoluda təbliğ etmiş, bu coğrafiyada tərəfdar toplamışdır.

Nəqşbəndilik təriqətinin öndərlərindən sayılan Baba Nemətullah Naxçıvani (1452 Naxçıvan - 1514 Akşehir) də təsəvvüf yolunda adını böyük hərflərlə yazdıran mötəbər şəxsiyyətlərdəndir. Təsadüfi deyildir ki, Ağşəhər əhli bu islam mütəfəkkirini hələ sağlığında Əlvanül-Ağşəhəri (Ağşəhərin qüruru) adlandırmışdır. Dəfn olunduğu Akşehirdə türbəsi neçə əsrlərdir ziyarətçiləri cəlb edir. Akşehirdə adına küçə, məscid və məktəb vardır. Dövrünün görkəmli təsəvvüf alimlərindən olan Siracəddin Urməvinin (1198 Urmiya - 1283 Konya) Konyadakı qəbirüstü türbəsi də mədəni irsimizi təmsil edir.

Türkiyənin Amasiya bölgəsində "şirvanilər" nisbəsi ilə tanınan böyük bir icma vardır. İki böyük irfan sahibi İsmayıl Siracəddin Şirvaninin (1782 Kürdəmir - 1848 Amasiya) və Seyid Mirhəmzə Nigarinin (1805 Qarabağ - 1885 Amasiya) Azərbaycandan Amasiyaya köçməsi burda məskunlaşmaya səbəb olmuşdur. Seyid Mirhəmzə Nigarinin müridləri olan Nigarilər sonrakı dövrlərdə, o cümlədən, Azərbaycan Sovet işğalına məruz qaldıqdan sonra da öz mürşidlərinin dəfn olunduğu Amasiyaya köç etmişlər. Hazırda Amasiya şəhərində hər iki irfan sahibinin türbəsi və Şirvanlı (Azərbaycanlı) məscidi vardır. Bu mühacirlərin nəsilləri Amasiyanın Suluova və Mərzifon ilçələrinin altı kəndində yaşayırlar. Şirvanilər Osmanlı dövlətində böyük nüfuz sahibi olmuşlar. İsmayıl Şirvaninin oğlu Şirvanzadə Mehmet Rüşdi Paşa 1873-cü ildə Osmanlı dövlətinin sədrəzəmi vəzifəsinədək yüksəlmişdir.

Qeyd edək ki, Nəqşbəndi şeyxlərinin və onların davamçıları olan Nigarilərin Amasiyanı köç yeri kimi seçməsi də təsadüfi olmamışdır. Tarixdən məlumdur ki, Amasiyanın yerləşdiyi Bozulus bölgəsi XV-XVI əsrlərdə Ağqoyunlu, Qaraqoyunlu və müəyyən müddət Səfəvi dövlətlərinin hüdudları daxilində idi. Həmin dövrdə Bozulusda yaşayanların Qarabağa, bir müddətdən sonra isə əksinə, Qarabağdan Diyarbəkirə, Ədirnəyə köçü olmuşdur. Türkiyəli tədqiqatçı İbrahim Şirinin bildirdiyinə görə, bu köçlər daha çox hakimiyyətdə olan xanədanlarla yaşanan problemlərlə əlaqədar olmuş, bununla belə yeni yerləşdikləri yerlərdə öz kompakt yaşayışlarını, adət-ənənələrini və birliklərini qoruyub saxlamışlar. Diqqətəlayiq haldır ki, bu irsi öyrənmək və daha geniş təbliğ etmək üçün 2012-ci ildən başlayaraq Türkiyə və Azərbaycanda Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçirilir.

Azərbaycan türklərinin Anadoluda bəhs etdiyimiz izlərindən əlavə bir neçə məqamı da xatırlatmaq istərdik. İlk növbədə Birinci Dünya müharibəsi illərində qardaş yardımına səs verən qəhrəmanları yad etmək lazımdır. Məlumdur ki, 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gələn türk əsgərlərinin xatirəsi Azərbaycanda daim hörmətlə anılır. Dünyada Türkiyədən sonra ən çox Türk şəhidliyi Azərbaycandadır. Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala, Hacıqabul, Quba, Qobustan, Naxçıvan, Gəncə, Digah) Qafqaz İslam ordusu şəhidlərinin xatirəsinə tikilmiş 14 "Türk şəhidliyi" abidəsi vardır. Bu şəhidliklər Azərbaycanda türk əsgərinin xatirəsinin nişanəsi olduğu kimi, Birinci Dünya müharibəsində Osmanlı dövlətinə yardım üçün döyüşlərə qatılan və şəhid olan azərbaycanlılar da Anadoluda Azərbaycan türklərinin izləridir. Çanaqqala uğrunda döyüşlərdə şəhid olan 3 minə yaxın azərbaycanlının burdakı məzarları Azərbaycanın qardaş dəstəyinin simvoludur. Bundan başqa, Türkiyə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bir çox görkəmli şəxslərinin də məzarlarına ev sahibliyi edir. Məhəmməd Əmin Rəsulzadə, Mustafa bəy Vəkilov Ankarada, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Xəlil bəy Xasməmmədov, Əbdüləli bəy Əmircanov, Nağı bəy Şeyxzamanlı, Şəfi bəy Rüstəmbəyli, Mirzəbala Məmmədzadə İstanbulda əbədi uyuyurlar. Türkiyənin siyasi və elmi həyatına damğa vurmuş üç görkəmli azərbaycanlı Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əhməd Cəfəroğlunun da son mənzili İstanbul olmuşdur.

Nəhayət, Anadoluda Azərbaycanla bağlı izlər dedikdə, müasir dövrdə Türkiyənin müxtəlif bölgələrində küçə və parklara Azərbaycanla bağlı adların verilməsini, görkəmli şəxslərin xatirələrinin əbədiləşdirilməsi forması olaraq heykəllərin və abidələrin qoyulmasını da misal çəkmək olar. Qısa bir araşdırma göstərdi ki, Türkiyənin 3 ən böyük şəhərinin (İstanbul, Ankara, İzmir) hər birində həm Azərbaycan, həm də Bakı adında küçə və prospektlər var. Türkiyənin bir çox şəhərlərində (İstanbul, İzmir, Aksaray, Kahraman Maraş, Kütahya, Denizli, Sakarya, Bolu, Kocaeli, Aydın, Şanlıurfa, Batman və d.) Qarabağ parkı və Xocalı abidəsi vardır.

Beləliklə, qeyd etmək olar ki, müxtəlif tarixi zamanlarda, siyasi, iqtisadi, iqlim şəraiti və ya hər hansı digər səbəblərdən Qafqaz və Anadolu arasında köç edən türk boyları getdiyi yerdə ayrıca bir etnik xüsusiyyət daşıyıcısı kimi qalmamış, daha çox qaynayıb-qarışmışlar. Çünki harada yaşamasının və ya haraya köç etməsinin fərqi olmadan, bu tayfalar eyni soy-kök və dil daşıyıcıları olmuşlar. Eyni zamanda, Anadoluda Azərbaycan türklərinin izləri bir qardaş simgəsidir. Bu isə Anadoluda və Azərbaycanda türklərin qardaş olduğunu, bir millət kimi formalaşdığını bir daha göstərir.

12.10.2022

 

 





14.10.2022    çap et  çap et