525.Az

Azərbaycanda "Mobil notariat" tətbiqinin imkanları genişləndirilib


 

Azərbaycanda "Mobil notariat" tətbiqinin imkanları genişləndirilib<b style="color:red"></b>

Ədliyyə Nazirliyi "Mobil notariat" tətbiqinin imkanlarını genişləndirib.

525.az nazirliyə istinadən xəbər verir ki, artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək, ipotekaya qoymaq və sair hərəkətlər etmək üçün etibarnamələri də tətbiq vasitəsilə rəsmiləşdirmək mümkündür.

İstifadəçilər özlərinə məxsus bütün daşınmaz əmlakları və yaxud konkret əmlakı göstərməklə onlar üzərində istənilən sərəncam hüququnu digər şəxsə etibar edə bilərlər.

Xatırladaq ki, həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi mümkündür. Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada videoyazı vasitəsilə həftənin bütün günləri 24 saat ərzində əldə edə bilərlər.

"Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.

 





14.10.2022    çap et  çap et