525.Az

Cümhuriyyət tələbələri İtaliyada - Rövşən Ağayev yazır


 

Cümhuriyyət tələbələri İtaliyada - <b style="color:red"> Rövşən Ağayev yazır</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabr ayının əvvəlində İtaliya Prezidenti Sergio Mattarellanın dəvəti ilə həmin ölkədə işgüzar səfərdə oldu. Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edirdi.

Azərbaycan Prezidentinin budəfəki səfərinin məqsədi 2020-ci ilin fevralında ölkələrimiz arasında çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair imzalanmış Birgə Bəyannamənin icrası prosesində bir sıra istiqamətlər üzrə cari məsələlərin müzakirəsi, mövcud reallıqlar nəzərə alınmaqla, əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş növbəti addımların müəyyənləşdirilməsi idi. 

Qeyd edək ki, son illər iki ölkə arasında qarşıya qoyulan vəzifələrin icrası baxımından humanitar fəaliyyət sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Xüsusən ölkələrimiz arasında təhsil sahəsində əldə olunan ən mühüm nailiyyət Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması haqqında sazişin imzalanması olub. Bu uğurlu əməkdaşlığın davamı kimi cari il sentyabrın birində Romada Prezident İlham Əliyevin iştirakı ilə ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.

Şübhəsiz ki, Prezident İlham Əliyevin İtaliyaya bu səfəri iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, təhsil sahəsində əməkdaşlığın yeni parlaq səhifəsini açmış oldu.

 

Bu gün Azərbaycan-İtaliya əməkaşlığından danışarkən qeyd etmək lazımdır ki, ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsi hələ XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdı. 1919-cu ildə gənc AXC hökuməti tələbələri Qərbi Avropa, Rusiya və tanınmış Türkiyənin ali məktəblərinə oxumağa göndərmək barədə qərar qəbul etmişdi. O zaman ümumilikdə müxtəlif təbəqələrdən olan 100 nəfərə yaxın tələbə xaricə təhsil almağa göndərilmişdi. Xalq Maarif Nazirliyi tərəfındən xarici ölkələrə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd təqdim olunmuşdu. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Həmin dövrdə Rusiyada davam edən vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı.

Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də Bakı Dəmiryolu vağzalından parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındı. Təyinat yerinə aparan yollarda olan dayanacaqlarda - Hacıqabulda, Kürdəmirdə,  Yevlaxda, Gəncədə insanlar təhsil almağa göndərilən azərbaycanlı gəncləri ürəkdən salamlayır, onlara sonsuz uğurlar arzulayırdılar. Bu gənclər Tiflisdən xüsusi vaqonla Batuma, oradan isə paroxodla İstanbula göndərildi. Daha sonra gənclər Romaya yola düşdülər. 11 fevral 1920-ci ildə gələcək tələbələr Parisə çatdılar.

Bu materialda əsas məqsəd Cümhuriyyət dövründə İtaliyaya göndərilmiş tələbələrin sonrakı taleyi haqqında oxuculara qısa məlumat verməkdir. Yazı hazırlanarkən tanınmış tədqiqatçılar Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli, Teyyub Qurban, Anar Turan, Əsgər Quliyev və digər müəlliflərin analitik yazılarına və məqalələrinə istinad edilib.

İsgəndər Mahmud oğlu Vəliyev 1897-ci ildə Bakı şəhərində dəmirçi-işçi ailəsində anadan olmuş, Bakı orta inşaat-texniki məktəbində təhsil almışdı. Təhsilini bitirdikdən sonra Bakı Şəhər İdarəsində, Culfa-Bakı dəmiryolu tikintisində, Ələt stansiyasında çalışmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün İtaliyanın Peruca Universitetinə göndərilmişdi.

İsgəndər Vəliyev

 1923-cü ildə Azərbaycana qayıdan İsgəndər Vəliyev Gəncə Kənd Təsərrüfatı Texnikumuna müəllim təyin edilir. 1925-ci ildə isə yeni yaradılan Pambıqçılıq Elmi-Tədqiqat İnstitutunda işləməyə başlayır, 1926-ci ildə o, Nuxa (Şəki) Kənd Təsərrüfatı Texnikumuna direktor və müəllim təyin olunur.

İtaliyanın Peruca Universiteti

 1931-ci ildə o, öz istəyi ilə yenidən Pambıqçılıq Elmi-Tədqiqat İnstitutundakı işinə bərpa olunur. İsgəndər Vəliyev orada əvvəlcə seleksiyaçı alim olaraq çalışır, 1948-ci ildən isə pambıqçılıq seleksiyası şöbəsinin müdiri olur.

1949-cu ildə yeni pambıq növünün yaradılmasındakı xidmətlərinə görə "Stalin mükafatı" ilə mükafatlandırılır. O, həmçinin, "Qırmızı Əmək Bayrağı" ordeni və iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilir. İsgəndər Vəliyev IV çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.

Rəcəbli Əhməd Məşədi Cabbar oğlu 1898-ci ildə İrəvanda doğulmuşdu. 1923-cü ildə İtaliyanın Peruca şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunu genetika-seleksiya ixtisası üzrə bitirmişdi. 1924-1930 illərdə Azərbaycanda genetika elminin yaradılması ilə məşğul olmuşdu. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri işləmişdi.1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, səkkiz il Rusiyada Kolımda sürgün həyatı yaşamış, burada istilik təsərrüfatı yaradaraq tərəvəz yetişdirmiş və yeni sortlar əldə etmişdi.

1945-ci ildə Əhməd Rəcəbli Azərbaycana qayıdaraq müəllimlik etmiş, eyni zamanda elmi fəaliyyətlə məşğul olmuşdu. Lakin 1950-ci ildə təkrar repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilmişdi. Stalinin ölümündən sonra o, yenidən bəraət almış və  Vətənə qayıdaraq elmi fəaliyyətini davam etdirmişdi.

Əhməd Rəcəbli yüzdən artıq elmi əsərlərin, 24 monoqrafiyanın müəllifidi. Onun "Azərbaycanda məhsuldarlıq" kitabı iki dəfə nəşr olunmuşdu. Ə.Rəcəblinin apardığı elmi təcrübələr nəticəsində subtropik bitkilərin, qozun, çəyirdəkli və dənli, qoz mənşəli meyvələrin yeni sortları əldə edilmişdi. 1935-ci ildə ona professor elmi adı verilmişdi. Ə.Rəcəbli "Azərbaycanın meyvə bitkiləri" monoqrafiyasının müəllifidir. 1958-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, bitkiçilik bölməsinin akademik katibi, həmçinin, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (akademiki) olmuşdu.

Əhməd Rəcəbli

 O, kənd təsərrüfatı sahəsində kifayət qədər böyük xidmətlər göstərmişdi. Ə.Rəcəbli Azərbaycanda ilk dəfə olaraq meyvə və dənli bitkilərin əvvəllər məlum olmayan yeni sortlarının təsvirini vermiş və onların istehsalatda tətbiqini tövsiyə etmişdi.  Respublika ərazisinin təbii-iqtisadi zonalara bölünməsi sistemi də onun təklifi idi.

Geniş erudisiyaya malik olan Əhməd Rəcəbli rus, italyan, alman, fransız, ispan, fars və yunan dillərini bilirdi.

O, 1963-cü ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdu.

Bu gün Bakının Nərimanov rayonundakı geniş küçələrdən biri Əhməd Rəcəblinin adını daşıyır.

Abdullayev Ağəli Rəsul oğlu 1897-ci ildə Ağdaş şəhərində anadan olmuşdu. Ağəli bəy 1915-ci ildə o vaxtkı Yelizavetpolun (indiki Gəncə şəhəri) "Mixail" peşə məktəbinin kənd təsərrüfatı şöbəsini bitirmişdi. Daha sonra Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsinə daxil olmuş və 1919-cu ildə tədrisini başa vurmuşdu.

Ağəli Abdullayev

Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, kənd təsərrüfatı ixtisası üzrə xaricə oxumağa göndərilmisdi. Ağəli bəyin sonrakı həyatı haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmadı.

Tariximizə ilk peşəkar Azərbaycan heykəltaraşı kimi daxil olmuş Zeynal Hacıağa oğlu Əlizadə 1895-ci ildə Bakı şəhərində, tacir ailəsində anadan olmuşdu. 1915-ci ildə Bakı "Realnı" məktəbində orta təhsilini başa vurandan sonra atasının təkidi ilə Moskva Kommersiya İnstitutuna daxil olmuşdu. 1918-ci ilin payızında Bakıya qayıtmış, Azərbaycan Xalq Cümhuriyyətinin Poçt və Teleqraf Nazirliyində baş məmur vəzifəsinə təyin olunmuşdu. 1919-cu ilin iyununda Poçt və Teleqraf Nazirliyi Hökumətin göstərişi ilə poçt markalarının layihəsinin hazırlanması işinə başlayır və Z.Əlizadədə bu işə cəlb olunur. Bununla yanaşı, gənc rəssamın layihəsi əsasında hazırlanmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi təsvir olunmuşdu.

Zeynal Hacıağa oğlu Əlizadə

Zeynal Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, dövlət hesabına təhsilini davam etdirmək və memarlıq sahəsində ali təhsil almaq üçün İtaliyaya, Peruca şəhərində yerləşən Roma Kral Rəssamlıq Akademiyasına göndərilir və həmin akademiyanı üç ilə (görünür, yarımçıq ali təhsili olduğuna görə) bitirir və "heykəltaraşlıq professoru" diplomu alır.

Təhsilini bitirdikdən sonra o, Azərbaycana qayıtmaq istəsə də, bu addımı atmağa cəsarət etmir. Şübhəsiz ki, digər səbəblərlə yanaşı, onun bəy nəslinə mənsub olması da bu qərarı qəbul etməsində həlledici rol oynayıb. Bir müddət İtaliyada güzəranını təsadüfi işlərlə, əsərlərini satmaqla təmin edib, daimi iş tapmadığına görə, ağlagəlməz çətinliklərlə üzləşib. Gənc rəssam bunu o zaman emiqrasiyada olan Ceyhun bəy Hacıbəyliyə yazdığı məktubunda da bildirir. Ona göndərdiyi sonuncu 27 avqust 1927-ci il tarixli məktubunda yazır ki, akademiyanı bitirib, lakin iş tapa bilmir, korluq çəkir, buna görə də Braziliyaya köçmək istəyir.

O illərdə gənc heykəltaraşın yeganə gəlir mənbəyi fərdi sifarişlər idi. Dünyanın ən sanballı sənət məbədlərindən biri sayılan İtaliyada kifayət qədər peşəkar rəssam və heykəltaraşlar olduğuna görə, sifarişlərə tam ümid bağlamaq xülya kimi görünürdü. Amma Zeynal Əlizadə bütün çətinliklərə baxmayaraq, İtaliyada qısa bir zamanda istedadlı heykəltaraş kimi məşhurlaşmağa nail olub, dövrün tanınmış insanlarından sifarişlər almağa başlayıb. Hətta qısa müddətdə öz əsərlərindən ibarət böyük fərdi şərgisini də təşkil edib. Diqqətəlayiq faktdır ki, İtaliyanın Peruca şəhərində böyük alman bəstəkarı Lüdviq van Bethovenin və "La Skala" teatrının məşhur opera müğənnisi Sigizmund Zalesskinin büstləri Zeynal Əlizadənin yaradıcılığının məhsulu incəsənət tarixinə düşüb.

Zeynal Əlizadənin sonrakı yaradıcılıq fəaliyyəti ABŞ və Türkiyə ilə bağlı olmuşdur. Güman etmək olar ki, o, sonralar daimi iş tapmaq ümidi ilə Türkiyəyə gedib, eyni zamanda, burada Azərbaycanın memarlıq və incəsənət inciləri barədə məqalələr dərc etdirib. Təəssüf ki, peşəkar təhsil almış ilk azərbaycanlı heykəltaraş Zeynal Əlizadənin ölüm tarixini müəyyən etmək indiyəcən mümkün olmamışdır. Onun ötən əsrin 50-ci illərində Perucada vəfat etdiyi və orada da dəfn olunduğu güman olunur.

Cümhuriyyət dövründə İtaliyaya təhsil almağa göndərilmiş tələbələrin sonrakı taleyindən danışarkən onu da qeyd etmək lazımdır ki, müxtəlif arxiv materiallarında həmin tələbələrin sayı fərqli göstərilir. Bir mənbəyə görə, yuxarıda qeyd olunduğu kimi, onların sayı 4 nəfər olmuşdur. Digər tədqiqatçılar isə 1920-ci ilin fevralında İtaliyada 6 nəfərin olduğunu qeyd edirlər: Zeynal Əlizadə, Cəmil Musayev, Mirzə Hacızadə, Əhməd Rəcəbli, Abdulla Rəhimzadə və İsgəndər Vəliyev. Onlardan ikisinin - İ.Vəliyev və Ə.Rəcəblinin Perucada, qalan 4-nün isə Romada yaşadığı və italyan dili öyrəndikləri bəllidir.

Araşdırmalardan məlumdur ki, Mirzə Hacızadə Neopolitan Kənd Təsərrüfatı İnstitutunda oxumağa hazırlaşırdı və burada dərslər noyabr ayında başlanırdı. Lakin onun Romada nə qədər qalıb oxuduğunu təsdiq edən sənəd yoxdur. Buna baxmayaraq, M.Hacızadənin 3 il sonra Almaniyada yaşadığı və burada Berlin Ali Ziraət Məktəbinin tələbəsi olduğu məlumdur. Təhsilini başa vurandan sonra o, bir müddət burada qalıb işləyir. Sonralar Türkiyəyə gedir və ömrünün sonuna qədər bu ölkədə yaşayır.

Cəmil Musayevin və Abdulla Rəhimzadənin İtaliyada oxuması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Lakin mötəbər mənbələrdən məlumdur ki, onların hər ikisi təhsillərini Almaniyada davam etdirmiş və uğurla tamamlamışdılar. Cəmil Musayevin Berlin şəhərində Politexnik İnstitutunun memarlıq bölümündə təhsil aldığı bəlli faktdır.

AXC Xalq Maarifi Nazirliyi tərəfındən İtaliyaya göndərilən tələbələrin siyahısında Məhəmməd bəy Muradovunda adı göstərilir. O, Roma Universitetinin tibb fakültəsinin tələbəsi olmalı idi. Lakin arxiv sənədlərində M.Muradovun tibb təhsilini Parisdə aldığı qeyd edilir.

Sözsüz ki, yuxarıda qeyd olunan məlumat və faktlar həm Azərbaycan, həm də İtaliya arxivlərindən əldə oluna biləcək yeni məlumat və faktlar, o cümlədən, yuxarıda adları çəkilən İtaliya universitetlərinin müvafiq arxiv sənədləri ilə tamamlana bilər. Bu baxımdan İtaliyada oxuyan Cümhuriyyət tələbələrinin taleyi ilə bilavasitə bağlı olan elmi məqalələrdə və nəşr olunmuş əsərlərdə verilən bəzi məlumatların dəqiqləşdirilməsinə də ehtiyac var.

Gələcək tədqiqatlarda, şübhəsiz ki, haqqında heç bir məlumat tapılmayan və ya çox az məlumat olan tələbələrin sonrakı talelərinin araşdırılması üzrə tədqiqatların aparılmasına da xüsusi diqqət yetirilməlidir. Bu işdə ADA Universitetinin və İtaliyanın akademik əməkdaşlıq haqqında müqavilələr bağlanmış beş aparıcı ali təhsil müəssisəsinin iştirakı çox faydalı olardı.

Bu yeni faktlar Azərbaycan-İtaliya təhsil əlaqələrinin 100 ildən artıq bir tarixə sahib olduğunu, hazırda qurulan yeni elm və təhsil əlaqələrinin şərəfli tarixini ənənələrə bağlığını bir daha sübut edəcək. İnanırıq ki, bu sahədə əlaqələrinin davamlı inkişafı xalqlarımız və dövlətlərimiz arasında elmi-texniki, iqtisadı, sosial və mədəni münasibətlərin sistemlı şəkildə qurumasına yeni təkan verəcək.

Eyni zamanda, əvvəllər toplanmış faktların və İtaliya arxivlərində qorunub saxlanmış yeni məlumatların təhlili əsasında bu mövzuda Azərbaycan-İtaliya birgə istehsalı olan "Azərbaycanlı gənclər İtaliya Universitetində" adlı bədii-sənədli filmin çəkilişi məsələsinə baxılması da ümumi maraqlarımıza uyğun olardı.

Bununla yanaşı, Bakıda İtaliya-Azərbaycan Universitetində xüsusi guşənin təşkili və burada həm İtaliyada təhsil almış Cümhuriyyət tələbələri, həm də onların təhsil aldıqları universitetlərdən bəhs edən materialların və məlumatların nümayiş etdirilməsi ideyası da diqqətəlayiqdir. Eyni zamanda, Cümhuriyyət tələbələrinin təhsil aldığı İtaliya universitetləri ilə ixtisaslaşmış universitetlərimiz arasında dostluq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məsələsini də nəzərdən keçirmək olar.

Burada qeyd etmək yerinə düşər ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, son illər Azərbaycandan İtaliyaya təhsil almağa gedən tələbələrin sayında artım müşahidə olunmaqdadır. Hazırda İtaliyanın müxtəlif ali təhsil müəssisələrində ölkəmizdən 1000 nəfərə yaxın tələbə təhsil alır.

Sonda onu da vurğulamaq istərdim ki, bu məqalə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin qurulması tarixi ilə bu və ya digər şəkildə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Ümumiyyətlə, bu yazı müəyyən mənada Azərbaycana gələn italiyalı mütəxəssislərin və turistlərin, eləcə də İtaliyaya gedən vətəndaşlarımızın diqqətini cəlb edə və maraqlarına xidmət edə bilər.

 

 

 

 





14.10.2022    çap et  çap et