525.Az

"İqtisadi və demoqrafik artımdan ətraf mühitə gələn risklər azaldılmalıdır" - Muxtar Babayev


 

 "İqtisadi və demoqrafik artımdan ətraf mühitə gələn risklər azaldılmalıdır" - <b style="color:red">Muxtar Babayev</b>

Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır və "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə nail olunması öz növbəsində Azərbaycanda "yaşıl iqtisadiyyat" məsələsini aktuallaşdırır.

525.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən “Yaşıl iqtisadiyyat” kitabının təqdimatında deyib.

Onun sözlərinə görə, milli prioritetlərdə növbəti onillikdə Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi kimi müəyyənləşdirilib.

O, qeyd edib ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir:

"Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanı - effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir. Milli prioritetlərdə qeyd edilir ki, iqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Yüksək keyfiyyətli ekoloji mühitin məqsədi ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır".

Qeyd edək ki, bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş tutan təqdimatda nazir Muxtar Babayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı dirketoru Vüsal Qasımlı, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxış edərək “Yaşıl iqtisadiyyat” monoqrafiyasının əhəmiyyətindən danışıblar.

Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarına əsasən nəşrə tövsiyə olunan monoqrafiya ölkəmizdə bu sahədə ilk əhatəli tədqiqat əsəridir.

Üç bölmə və yeddi fəsildən ibarət olan monoqrafiya iqlim dəyişikliyi və davamlı inkişaf, iqtisadi inkişafın ekoloji hüdudları, “yaşıl şəhərlər” üçün “yaşıl iqtisadiyyat”, enerji səmərəliliyi: Dünya alternativlər axtarışında, maliyyə və “yaşıl qərarvermə”, Azərbaycanda “Yaşıl iqtisadiyyat”: Mövcud durum və perspektivlər , “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi, “yaşıl artım” və kənd təsərrüfatı: Çağırışlar və imkanlar mövzularını əhatə edir.

Kitabda xüsusən də işğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlər geniş yer ayrılıb. Həmçinin “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi imkanları ilə bağlı aparılan tədqiqata da yer verilib.

Kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlıdır. Müəllifləri Ramil Hüseyn, Rəşad Hüseynov, Rəşad Həsənov, Coşqun Cəfərov və Aminə Bayramova olan monoqrafiyaya akademik Urxan Ələkbərov və professor Nazim İmanov rəy verib.

Monoqrafiya Azərbaycanda “yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə verməklə, iqtisadi inkişafa dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanması üçün nəzərdə tutulub. Bu kitabdan tədqiqatçılar, sahibkarlar, doktorantlar, magistrantlar və tələbələr də faydalana bilərlər.

 





14.10.2022    çap et  çap et