525.Az

Yaqub Mahmudov məktəblilərə Qarabağ zəfərindən danışıb


 

Yaqub Mahmudov məktəblilərə Qarabağ zəfərindən danışıb<b style="color:red"></b>

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində “Qalib xalq adını özümüzə qaytaran böyük tarixi qələbə” adlı layihə çərçivəsində Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov ilə görüş keçirilib.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən (ATİB) 525.az-a verilən məlumata görə, görüş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ATİB-in birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri 132-134 nömrəli Təhsil Kompleksinin direktor müavini Şəfəq Şirinova açaraq deyib ki, məktəblərdə bu cür tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Heç şübhəsiz, belə layihələr məktəblilərin Vətən müharibəsinin tarixini daha dərindən öyrənməsinə və vətənpərvərlik tərbiyəsi işinə mühüm təsir göstərəcək.

Müəllim və şagirdlərin çoxsaylı suallarını cavablandıran akademik Yaqub Mahmudov bildirib ki, Qarabağ zəfəri 1813-cü və 1828-ci il faciələrindən sonra Azərbaycan xalqının müharibə meydanında qazandığı ən böyük tarixi nailiyyətdir: “Bu zəfərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni işğalının uzun sürməyəcəyini dönə-dönə vurğulayırdı. Hər şeyin zamana ehtiyacı olduğunu bildirirdi”.

“Bir vətəndaş olaraq, tariximizin tədqiqatçılarından biri kimi bu gün mən özümü çox xoşbəxt hesab edirəm. Çox ağır bir problemi biz gələcək nəsillərə “yadigar” qoymadıq. Dünyanın böyük imperiyalar yaradan, yadelliləri dəfələrlə ağır məğlubiyyətlərə uğradan xalqı kimi biz şərəfli tarixi adımızı - qalib xalq adımızı özümüzə qaytardıq! Bütün tariximiz ərzində erməni faşizminə ən sarsıdıcı zərbə olan böyük tarixi qələbəmizin ən mühüm tarixi əhəmiyyəti də bax budur!”, - deyə akademik qeyd edib.

ATİB-in sədri Mehri Xanbabayeva çıxışında deyib ki, 2020-ci ildə tarixdə ilk dəfə olaraq xalqımızın sərkərdə oğlu İlham Əliyevin başçılıq etdiyi müzəffər Azərbaycan ordusu erməni işğalçılarını Azərbaycan torpaqlarından rüsvayçılıqla qovub çıxardı. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması isə erməni faşizminin bel sütununu qırdı və qələbəmizdə həlledici rol oynadı. Beləliklə, Ermənistan rüsvayçı təslim aktını imzalamağa məcbur oldu.

Tədbirdə, həmçinin “Qalib xalq adını özümüzə qaytaran böyük tarixi qələbə” adlı əsərin təqdimatı keçirilib. Layihə rəhbəri və müəllif Yaqub Mahmudovdur. Bu əsər QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ATİB tərəfindən nəşr olunub.

Xatırladaq ki, son illərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ATİB tərəfindən “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları”, “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları”, “İrəvan xanlığının əhalisi”, “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri”, “Qarabağın alban-qıpçaq tarixinə dair” əsərləri nəşr olunub və müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.

 





14.10.2022    çap et  çap et