525.Az

Türkiyədə sosial media qanunu qəbul edildi, Azərbaycanda da ehtiyac varmı?


 

Türkiyədə sosial media qanunu qəbul edildi, <b style="color:red">Azərbaycanda da ehtiyac varmı?</b>

Türkiyədə bu gündən etibarən "dezinformasiya ilə mübarizə qanunu" qüvvəyə minib. Qanunda diqqətçəkən məqamlar bunlardır:

- İnternet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara da mətbuat kartı veriləcək.
- Sosial şəbəkələrdə və internet mediada uşaqların və yetirmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək.
- Bütün xəbər saytları yayımladığı xəbərləri 2 il ərzində arxivdə saxlamağa məcburdur.
- Rəsmi elanlar və reklamlar xəbər saytlarında da yayımlana biləcək.
- Rəsmi ünvanı, əlaqə vasitəsi, e-mail adresi olmayan sayt xəbər saytı hesab olunmayacaq.
- Sosial şəbəkələr (Facebook, instagram, tvitter, youtube, tiktok və s) Türkiyədə rəsmi ofis açmağa məcbur ediləcək. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır.
- Yeni qanuna görə, sosial mediada dezinformasiya yayan şəxsləri 1 ildən 3 ilə qədər həbs gözləyir.

İnternet xəbər saytında dezinformasiya və ya saxta xəbər yayımlansa, Türkiyə Baş Prokurorluğu internet xəbər saytından nöqsanların aradan qaldırılmasını və ya yanlış məlumatların düzəltməsini tələb edəcək. 2 həftə ərzində bu yanlışlıq aradan qalxmasa, məhkəməyə müraciət ediləcək. Məhkəmə ən geci 2 həftə ərzində qərarı verəcək. Media qurumunun əleyhinə qərar qəbul olunarsa, internet xəbər saytı üçün verilə biləcək rəsmi elanlar və mətbuat kartı ləğv ediləcək.

İnternet xəbər saytında dərc olunan məzmunlar 2 il müddətində dəqiq və tam şəkildə saxlanılacaq, lazım gəldikdə sorğu ilə Baş Prokurorluğa veriləcək.

Məsul şəxs zərərçəkənin düzəliş və cavab məktubunu internet xəbər saytlarında eyni şriftlərdə və eyni qaydada, heç bir düzəliş və əlavə edilmədən müvafiq nəşrin səhifə və sütunlarında dərc etməyə borcludur.

Türkiyədə AKP və MHP tərəfdarları bu qanunu sosial medianın tənzimlənməsi adlandırır. 

Düşünürəm ki, Türkiyədə qəbul edilən bu qanun sosial mediadakı hərc-mərcliyin, özbaşınalığın, şər-böhtan kampaniyasının qarşısını almış olacaq. Çünki son zamanlar bu kimi informasiyalar çox geniş vüsət almağa başlayıb və mənbəyi, mənşəyi məlum olmayan profillərdən yayılan saxta xəbərlər cəmiyyətdə çaşqınlığa səbəb olur. Çox təəssüf ki, yuxarıda sadaladığım hallara ölkəmizdə də rast gəlinir.

Azərbaycanda da bəzi saytlar və sosial şəbəkə hesabları tərəfindən yalan, şantaj və dezinformasiya xarakterli, sifarişli materiallarla qarşılaşırıq. Türkiyədə bu kimi dezinformasiyalar "tvitter" sosial şəbəkəsində yayılırsa, Azərbaycanda bu daha çox "facebook", "instagram" və "tiktok"da özünü göstərir Bəzi səhifələr var ki, insanların adından yalan xəbər paylaşmaqla ixtisaslaşıb, bu istiqamətdə fəaliyyəti ilə məşhurlaşıb. İnsanlar da çox vaxt xəbərin mənbəyini axtarmadan, araşdırmadan həmin yalan xəbərlərə inanırlar, bu da cəmiyyətə çaşqınlığa səbəb olur. Adından yalan məlumat yayılan şəxslərin işgüzar nüfuzuna xələl gəlir, hüquqları pozulur.

Sosial şəbəkədən istifadə edən hər bir kəs unutmamalıdır ki, o həm də informasiya daşıyıcısıdır, onun paylaşdığı hansısa yanlış məlumat çox ciddi böhrana, qalmaqala, xaosa səbəb ola bilər. Faktdır ki, bu gün insanlara qarşı şər, böhtan kampaniyası, insanların şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsi hallarına ən çox sosial mediada rast gəlinir.

Düşünürəm ki, ölkəmizdə bu istiqamətdə maarifləndirici tədbirlər baş tutmalı və insanlara qanunun tələbləri aşılanmalıdır. Çünki hazırkı dönəmdə istənilən bir şəxsi qaralamaq, onu nüfuzdan salmaq çox asandır.

Burada daha bir diqqəçəkən məqam isə ondan ibarətdir ki, cəmiyyətdə xaos, panika, təşviş yaradan məlumatlar paylaşan şəxslər çox vaxt "fake" profildən istifadə edir və bu yolla kimliyini gizlətməyə çalışırlar. Bu tip məlumatların qarşısını almaq məqsədilə Türkiyədə sosial şəbəkələrin ofisinin açılması tələb kimi qoyulub. Çünki biz çox vaxt görürük ki, "facebook", "tvitter", "instagram" kimi sosial şəbəkələr rəsmi ofisi və ya nümayəndəliyi olmayan ölkələrdən gələn şikayətlərə etinasız yaraşır, onların müraciətlərini görməzdən gəlir. Bu da bir çox hallarda dezinfotmasiyaların, saxta xəbərlərin daha geniş arenaya yayılmasına şərait yaradır.

Sosial şəbəkələrin Türkiyədə rəsmi ofisi açılandan sonra "fake" və ya "trol" profilləri tapmaq da asanlaşacaq və bununla sosial mediadakı xaosun qarşısı alınmış olacaq.

Çox istərdim ki, analoji addım ölkəmizdə də atılsın, xüsusən "facebook"un Azərbaycanda ofisi və ya nümayəndəliyi açılsın. Biz bu yollla dezinformasiyaların, saxta xəbərlərin qarşısını ala bilərik. Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərən nümayəndəlik şikayətlərə də etinasız yaraşmaz. Bundan isə qazanan dövlətimiz və cəmiyyətimiz olar. 

 





14.10.2022    çap et  çap et