525.Az

Almaniyada "Özümü qoruyuram" kampaniyası


 

Almaniyada "Özümü qoruyuram" kampaniyası <b style="color:red"></b>

Almaniya Səhiyyə Nazirliyi ölkədə artmağa başlayan və epidemiyada diqqətli olmağa çağıran COVID-19 hallarına qarşı peyvəndlənməyə təşviq edən “Özümü qoruyuram” kampaniyasına başlayıb. 

525.az Almaniya mediasına istinadən xəbər verir ki, səhiyyə naziri Karl Lauterbax Berlində keçirdiyi mətbuat konfransında COVID-19 epidemiyasında payız və qış dalğalarının gözlənildiyini, hətta bunun artıq başladığını və qarşıdakı dövrdə böyük bir böhranın qarşısını almaq üçün əllərindən gələni edəcəklərini bildirib. 

Lauterbax peyvəndi təşviq edən və epidemiyada diqqətli olmağa çağıran “Özümü qoruyuram” kampaniyasının başladığı barədə məlumat paylaşıb. Bunun "qorxu kampaniyası" olmadığını vurğulayan Lauterbax, 32 milyon avroya başa gələn kampaniya çərçivəsində cəmiyyət arasından seçilən 84 nəfərin yaşadıqlarını və nə üçün COVID-19-dan qorunmalı olduqları barədə danışacaqlarını bildirib. Ölüm nisbətlərini azaldan peyvəndlər və dərmanlarla daha yaxşı məlumatlara sahib olduqları üçün COVID-19 dalğasına hazır olduqlarını ifadə edən Lauterbax, İnfeksiyadan Qorunma Aktının dövlətlərə COVID-19 epidemiyası ilə mübarizədə istifadə edə biləcəkləri alətlər verdiyini qeyd edib.

Lauterbax, artan COVID-19 hadisələrinə qarşı dövlətlərin qapalı yerlərdə maska taxmaq şərtini tətbiq etməli olduğunu müdafiə edərək, "İndi tətbiq olunan qaydalar uğurlu deyil" - deyə xəbərdarlıq edib. Xəstəxanaların imkanlarının son həddinə çatdığına diqqət çəkən Lauterbax, “Vaxt gəldi. Sonradan çox sərt məhdudiyyətlərlə reaksiya verməkdənsə, indi daha az məhdudiyyət tətbiq etmək daha məntiqlidir" - deyib.

Malik Atilay

 





14.10.2022    çap et  çap et