525.Az

Cənubi Qafqaz geosiyasi turbulentlikdə - Kamal Adgözəlov yazır


 

YENİ MƏRHƏLƏDƏ AZƏRBAYCANIN SABİTLƏŞDİRİCİ ROLU VƏ QƏRBİN FƏALLIĞI

Cənubi Qafqaz geosiyasi turbulentlikdə - <b style="color:red"> Kamal Adgözəlov yazır</b>

Kamal ADIGÖZƏLOV

 

Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatlar Cənubi Qafqazda yeni təhdidlərə və risklərə yol aça bilər. Eyni zamanda, Qərbin bir sıra böyük dövlətləri yaranmış fürsətdən istifadə edərək regionda fəallaşmağa çalışırlar. Amerika və Fransa Cənubi Qafqaza nüfuz etmək üçün müxtəlif addımlar atırlar. Bunların fonunda Azərbaycan diplomatiyasının uğurları regionun sabitlikdən çıxarılmasına imkan vermir. Getdikcə açıq görünür ki, Vaşinqton-Paris-Brüssel-Moskva xəttində regionla bağlı ziddiyyətli məqamlar artır. Belə bir vəziyyətdə region ölkələrinin siyasətlərinin əhəmiyyəti daha da artır. Bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsinə bunun təsiri aktuallaşır. Bu prosesdə Azərbaycanın yeri və rolu daha aydın şəkildə özünü göstərir. Prezident İlham Əliyevin atdığı konstruktiv və ədalətli addımlar regionda sülhün bərqərar olacağına inamı artırır. Bu bağlılıqda Cənubi Qafqazda müşahidə edilən geosiyasi proseslərin analizi üzərində geniş dayanmağa ehtiyac duyuruq.

 

Aqressiyaya qarşı diplomatiya gücü: Azərbaycan nümunəsi

 

Müasir dövrün böyük diplomat və siyasi ekspertlərindən olan Henri Kissincerin "diplomatiya gücü cilovlamaq məharətidir" fikri Cənubi Qafqazda müşahidə edilən geosiyasi proseslərin fövqündə olduqca aktual təsir bağışlayır. Çünki Azərbaycanın 44 günlük Zəfər savaşından sonra regionda geosiyasi dinamikanı prinsipial olaraq təhlükəsizlik, sabitlik və əməkdaşlıq müstəvisinə çıxarmağa yönəlmiş diplomatik addımlarına rəsmi İrəvan tərəfindən verilən reaksiya suallar doğurur. Digər tərəfdən, Ermənistanı açıq dəstəkləyən bir sıra böyük dövlətlərin regionda fəallaşmağa çalışması "aqressiv gücü cilovlamaq" vəzifəsinin daha da aktuallaşdığını təsdiqləyir. Reallıq sübut edir ki, bu vəzifənin öhdəsindən Azərbaycan Prezidenti İlham Əliyev uğurla gəlir.

Bütövlükdə Azərbaycan Prezidentinin Avropada siyasi lider kimi nüfuzu çox yüksəkdir. Bunu Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Avropa ölkələri rəhbərlərinin Azərbaycan Prezidenti haqqında yüksək fikirlər ifadə etməsi də təsdiqləyir. Həm də məsələ yalnız Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə məhdudlaşmır. İlham Əliyev bütövlükdə region və dünya əhəmiyyətli siyasət yeridir. Buraya Cənubi Qafqazda davamlı sülhün təmini, kommunikasiyaların açılması, "3+3" əməkdaşlıq formatı, yeni layihələrin həyata keçirilməsi və postmünaqişə mərhələsində Cənubi Qafqazda konstruktiv geosiyasi mənzərənin yaradılması daxildir. Son dövrlərdə Cənubi Qafqazla bağlı müşahidə edilən geosiyasi proseslərə bu faktorların prizmasından nəzər saldıqda, çox maraqlı məqamları görə bilirik.

Ekspertlər vurğulayırlar ki, son bir neçə ayda Cənubi Qafqazda böyük dövlətlər daha da fəallaşıblar. Onlar əsasən, Azərbaycanla Ermənistan arasında münasibətlərin siyasi yolla əməkdaşlıq müstəvisinə gətirilməsi və təhlükəsizliyin təmini ilə bağlı addımlar atırlar. Onu da deyək ki, İranda baş verən iğtişaşlar da dünya güclərinin maraq dairəsindədir, lakin hazırkı mərhələdə onların başlıca diqqəti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlib. Bunun səbəbi nədir?

Ekspertlər bu bağlılıqda bir çox faktoru göstərirlər. Onların sırasında Rusiya-Ukrayna savaşının getdikcə daha riskli vəziyyət yaratması xüsusi yer tutur. Çünki əgər həmin münaqişə böyüsə, qlobal miqyasda təhdidlər arta bilər ki, bu da sabitliyə və inkişafa köklənmiş ABŞ və Avropanı qane etmir.

Başqa bir səbəb Azərbaycanın qələbəsi nəticəsində regionda faktiki olaraq yeni geosiyasi dinamikanın yaranması ilə bağlıdır. Artıq kimsə inkar edə bilməz ki, Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda real geosiyasi qüvvədir və proseslərin gedişinə ciddi təsir göstərir. Həm də söhbət ancaq sabitləşdirici, sülhsevər, əməkdaşlığa istiqamətlənmiş təsirdən gedə bilər.

Bu vəziyyət məntiqi olaraq Ermənistan və havadarlarından adekvat mövqe sərgiləməyi tələb edir. Məsələnin məhz bu tərəfində rəsmi İrəvan müəyyən çətinliklər yaratmağa çalışır ki, bu da onun neytrallaşdırılmasını tələb edir. Böyük dövlətlərin regionda daha da fəallaşmasının başlıca səbəblərindən biri bundan ibarətdir.

Lakin vəziyyətə region dövlətlərinin özlərinin xarici siyasəti prizmasından baxmağın da böyük əhəmiyyəti vardır. Yəni Cənubi Qafqaz ölkələrinin hər biri ayrılıqda geosiyasi proseslərə necə təsir göstərirlər? Bu kontekstdə Azərbaycan rəhbərliyi tərəfindən böyük fəallıq və konstruktivlik müşahidə edilir. Və Henri Kissincerin yuxarıda vurğuladığımız tezisi bu fonda çox aktual görünür. Konkret olaraq, Ermənistan rəhbərliyi təxribatçı, pozucu və şantajçı fəaliyyətini davam etdirir. Gürcüstan proseslərə xeyli dərəcədə bitərəf qalmağa çalışır (doğrudur, Tbilisidən hərdənbir vasitəçiliklə bağlı təkliflər eşidilir, lakin bu, böyük dövlətlərin apardıqları oyunun fövqündə sadəcə zəif səs təsiri bağışlayır).

Yalnız Azərbaycan rəhbərliyi son dərəcə real, aktiv və konstruktiv siyasi-diplomatik addımları ilə postmünaqişə mərhələsində Cənubi Qafqazda geosiyasi mənzərənin formalaşmasına töhfələr verir. Nümunələrə baxaq.

Bu il aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev bəyan etmişdi: "...biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət, biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin, Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur".

Bu fikirlərdə Azərbaycan Prezidentinin apardığı siyasətin məntiqi və nəticələri çox dolğun ifadə edilib. Və onların fonunda başqa məqamlara da aydınlıq gətirmək mümkündür.

 

Regional sülh: Bakının risklərə və təhdidlərə cavabları

 

Doğrudan da, Azərbaycan rəhbəri ifadə etdiyi fikirlərin reallaşması üçün çox fəal və qətiyyətli diplomatik addımlar atır və bu indi də intensivliklə və inamla davam etdirilir. Bu xüsusda Şarl Mişelin iştirakı ilə Brüsseldə Nikol Paşinyanla gərgin müzakirələr aparan İlham Əliyev ciddi uğurlar əldə edib. Baza prinsiplərinin qəbulu, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya olunması zərurətinin dərk edilməsinə, humanitar addımların atılması vacibliyinə qarşı tərəfi və Avropa İttifaqı təmsilçilərini inandırıb.

Prezident İlham Əliyev böyük siyasi iradəsi və qətiyyəti sayəsində bunlara nail olub. İndi hər kəs üçün aydındır ki, bütün bu deyilənlər hazırkı mərhələdə Cənubi Qafqazda geosiyasi dinamikanın əsas "ritmləri"dir. Həmin kontekstdə də Prezidentin ADA Universitetində təşkil olunan konfransda ifadə etdiyi fikirlər tam yerinə düşür. İlham Əliyev bəyan edib: "Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir".

Deməli, Azərbaycan Prezidenti dərin düşünülmüş siyasətini Cənubi Qafqazda sülhü təmin etmək istiqamətində daim inkişaf etdirir. Bunun qarşılığında isə rəsmi İrəvan yenə də təxribatlara əl atır. Hər dəfə də Azərbaycan Ordusunun sarsıdıcı zərbəsini alaraq geri çəkilməli olur. Son olaraq sentyabrın 12-14-də erməni diversiya qrupları və sonradan Ermənistanda yerləşən ordu bölmələri tərəfindən Azərbaycana qarşı hərbi təxribat törədildi və qəhrəman ordumuz düşmənin dərsini verdi.

Lakin ermənilər havadarlarının yardımı ilə yeni səviyyədə ideoloji təxribata başladılar. Onlar Azərbaycan Ordusunu təcavüzkar və hüquqları pozan qüvvə kimi göstərməyə cəhd etdilər. Bu cəhdlər indi də davam edir. Şübhəsiz ki, bu addımlar da Cənubi Qafqazda müşahidə edilən pozitiv geosiyasi dinamikaya mənfi təsir göstərə bilər. Ona görə də Bakı həmin əsassız ittihamlara da diplomatiya meydanında təmkin və sübutlarla cavab verir. Bu məqamda düşündürücü bir siyasi əlamət özünü göstərir.

Biz Azərbaycan diplomatiyasının regionda sülhü təmin etmək istiqamətində atdığı addımların fonunda ABŞ və Fransanın əsassız olaraq Ermənistanın tərəfini tutmaqla vəziyyəti gərginləşdirməyə çalışmalarını nəzərdə tuturuq. Əslində, Vaşinqton və Parisin mövqeləri ziddiyyətlidir. Onlar bir tərəfdən Cənubi Qafqazda enerji təhlükəsizliyinin təmin edilməsində, kommunikasiyaların açılması və sabitliyin yaranmasında maraqlı görünürlər. Lakin regionda Rusiyanın mövqeyini zəiflətmək həvəsi ABŞ və Fransanı qərəz yoluna sürükləyir. Cənubi Qafqaz haqsız şəkildə iki nəhəng geosiyasi gücün məngənəsində sıxıla bilər. Yenə faktlara baxaq.

Azərbaycan Prezidentinin tapşırığı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyev son aylar Avropa və Amerikada siyasilərlə görüşlər keçirmiş və onlara real vəziyyətin fonunda Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin məqsədini izah etməyə çalışmışlar. Bu görüşlər dairəsinə həm Avropa, həm də ABŞ daxildir.

Cenevrə və Vaşinqtonda keçirilən görüşlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə, ABŞ müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahl ilə müzakirələr aparılıb.

Həmin görüşlərdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanata və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılması və delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsi zəruriliyi Azərbaycan diplomatları tərəfindən bir daha qarşı tərəfə çatdırılıb. Bunlarla yanaşı, Azərbaycan tərəfi humanitar məsələləri, o cümlədən, ərazilərin minalardan təmizlənməsi və 4 minə yaxın itkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılmasını gündəmə gətiriblər. Azərbaycan Prezidentinin köməkçisi K.Donfrid ilə görüşdə dövlət başçısı İlham Əliyevin sülh müqaviləsinə, sərhədlərin delimitasiyası və nəqliyyat məsələlərinə, o cümlədən, ikitərəfli strateji əlaqələrin inkişaf perspektivlərinə böyük önəm verdiyini vurğulayıb.

Azərbaycan BMT Baş Assambleyasının 77-ci sessiyasında da bəyanatla çıxış edərək ölkə rəhbərliyinin regionda sülhyaratma istiqamətində həyata keçirdiyi siyasəti və buna qarşılıq rəsmi İrəvanın təxribatlara davam etdiyini dünyanın diqqətinə çatdırıb.

Bütün bunların fonunda ekspertlər belə qənaətə gəliblər ki, ABŞ və Aİ Cənubi Qafqazda xeyli fəallaşıblar. Buradan təbii sual yaranır: bu fəallıq nə kimi nəticələrə səbəb ola bilər? Onların məqsədləri nədir? Həmin kontekstdə ekspertlər vurğulayırlar ki, əvvəllər Aİ-nin Cənubi Qafqazda təşəbbüslərini dəstəkləyən Amerika Brüssel görüşü və Ermənistanın hərbi təxribatlarından sonra regionda xüsusi fəallıq nümayiş etdirir. Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında daha aktiv mövqe tutmağa cəhd göstərir. Bunu Co Bayden və Entoni Blinkenin mütəmadi olaraq regionda gedən proseslərə münasibət bildirmələri təsdiq edir. Həmin aspektdə E.Blinkenin regiona xüsusi diqqəti ilə yanaşı, yeni xətt kimi ABŞ-ın müdafiə katibinin müavininin Azərbaycan və Ermənistan hərbçiləri ilə danışıqlar aparması təsadüfi görünmür. Məhz bu müddəalar kontekstində ABŞ müdafiə katibinin müavininin Hikmət Hacıyevlə müzakirələr aparması da düşünülmüş addımdır.

 

Yeni geosiyasi məqam: ABŞ nə üçün fəallaşır?

 

Ekspertlər üçün də maraqlıdır: Amerika nə üçün fəallaşır, onun Avropadan fərqli hansı maraqları ola bilər? Məsələ də elə ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsində Qərbin mövqeyi bütövdür, ABŞ-la Avropa arasında fikir ayrılığı yoxdur. İndi Amerikanın xüsusi fəallığı Rusiya, Türkiyə və İranla bağlıdır. Vaşinqton anlayır ki, Avropa İttifaqı təkbaşına bu güclərin regionda nüfuzuna qarşı dura bilməyəcək. Həmin səbəbdən həm Brüssel, həm də Vaşinqton lazımlı saydıqları addımları atırlar. Onların məqsədi regionda həlledici söz sahibi olmaqdır və bu zaman yerli dövlətlərin maraqlarının ədalətli şəkildə təmin olunmasının qayğısına qalmamaq da olar. Bunun üçün Vaşinqton və Brüssel qeyri-konstruktiv rol oynayan Ermənistandan istifadə etməyə çalışırlar. Hadisələrin məntiqinə nəzər salaq.

İndi Amerika və Fransa ATƏT-in Minsk qrupunu "diriltmək" istiqamətində cəhdlər göstərirlər. Onlar sərhədlərin delimitasiyası və demarkasiyasını da ermənilərə sərf edən müstəvidə aparmağa çalışırlar. ABŞ, Fransa və Ermənistan sülhdən danışır, lakin onun konkret məzmununu ədalətin təmin olunmasına deyil, özlərinə sərf edən kontekstdə müəyyənləşdirirlər. Bunu iki konkret addımda ifadə edirlər.

Birincisi, Azərbaycanla Ermənistan sərhədinə özlərinin qüvvələrini göndərmək niyyətindədirlər. Buraya gələcəkdə hətta hərbi qüvvə də daxil ola bilər. İkincisi, sərhədin delimitasiyası və demarkasiyasını konkret olaraq Ermənistana sərf edən qondarma qaydada müəyyən etmək niyyətləri mövcuddur. Bunu onların tez-tez MDB-nin 1991-ci il deklarasiyasından bəhs etməsi sübut edir. Məsələ ondan ibarətdir ki, həmin deklarasiyadan öncə Dağlıq Qarabağ separatçıları qondarma "DQR"i öz düşüncələrinə görə Azərbaycanın tərkibindən çıxarmışdılar. Belə çıxır ki, MDB-nin qəbul etdiyi ərazi bütövlüyü prinsipinə Qarabağı aid etməməyə çalışırlar.

Təbii ki, Azərbaycan tərəfi bunları və bunlardan daha çox məqamları hər kəsdən gözəl anlayır və bilir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyevin polad iradəsini son Praqa müzakirələrində qıra bilmədilər. Azərbaycan Prezidenti müdrik, təmkinli, ədalətli mövqeyi ilə həm Qərbi, həm də erməni baş naziri həqiqəti qəbul etməyə məcbur etdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdılar. Konkret sərhədlərin delimitasiyası və demarkasiyası isə Azərbaycanın təqdim etdiyi və lazım bildiyi xəritələr üzrə aparılacaq.

Bundan başqa, Azərbaycan öz ərazisinə Qərbin bir nəfər də olsun monitorinq missiyasını buraxmır. Ermənistan isə onsuz da gələnə də gedənə "hə" deyir. Bu da onların öz işidir.

Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi mənzərəni necə xarakterizə etmək olar? Burada biz mütləq şəkildə Rusiya, Türkiyə və İran faktorlarını da nəzərə almalıyıq. Proseslər göstərir ki, Türkiyə sabitləşdirici rolunu qətiyyətlə davam etdirir. Ankara hətta Rusiya-Ukrayna münaqişəsinin diplomatik müzakirələrlə həll edilməsi istiqamətində addımlar atır. Artıq Ukrayna və Rusiya prezidentləri görüşməyə razılıq veriblər.

Başı daxili iğtişaşlara qarışmış İran isə Ermənistanın qayğısına qaldığını açıq etiraf edir. Tehran hətta Azərbaycana qarşı hədə gəlməyə cəhd göstərir. Lakin yenə də Azərbaycan rəhbərinin qətiyyətli və ədalətli mövqeyi İranı sakitləşdirir. Xüsusilə İranın Zəngəzur dəhlizinə qarşı mövqe tutması regionda riskləri artırır. Əgər Tehran bu mövqeyində qalmaqda davam edərsə və Azərbaycan-Türkiyə geosiyasi müttəfiqliyinin yanında durmazsa, Cənubi Qafqazı təhdidlərin gözlədiyini proqnozlaşdırmaq olar.

Eyni zamanda, İranın özünün taleyi sual altına düşə bilər. Çünki məhz Ermənistan məsələsini bəhanə edərək İsrail və ABŞ İrana zərbə endirə bilərlər. Burada söhbət yalnız hərbi zərbədən getmir. Onun müxtəlif aspektləri vardır.

Rusiyaya gəldikdə isə, Moskva hələlik ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallığını seyr edir və yalnız bəyanatlar verməklə kifayətlənir. Çünki hələlik regionda geosiyasi dominantlıq Rusiyanın əlindədir. Belə proqnozlaşdıra bilərik ki, Kreml məhz həmin dominantlığa ciddi təhlükə görsə, konkret addımlar atacaq. Bəzi ekspertlərdən fərqli olaraq, biz hesab edirik ki, Moskvanın buna potensialı vardır.

Vurğuladığımız geosiyasi məqamlar bir daha təsdiq edir ki, Cənubi Qafqazın geosiyasi mənzərəsi xeyli dərəcədə Azərbaycanın diplomatik addımlarından asılıdır. Azərbaycan Türkiyə ilə birgə regionda sülh və barış üçün ciddi işlər görür. Bunun uğurlu olacağına qətiyyən şübhə yoxdur. Çünki Azərbaycan real olaraq təhlükəsizliyə və əməkdaşlığa xidmət edən siyasət yeridir. Hər nə baş versə də, ədalət qalib gələcək!

 





15.10.2022    çap et  çap et