Fransa prezidenti Emmanuel Makron “France2” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində ciddi etiraz və nifrətlə qarşılanıb.
525.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı bir Avropa dövləti rəhbərinin “Azərbaycan iki il öncə Qarabağı işğal edib və Qarabağ Ermənistanın ürəyidir” deməsini ən azı siyasi savadsızlıq adlandırıb: “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın prezidenti Emmanuel Makron bütün beynəlxalq hüquq normalarına kobud şəkildə hörmətsizlik edir. Onun sözləri BMT Nizamnaməsinə, Avropa İttifaqı prinsiplərinə daban-dabana ziddir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-yə məhz bu ərazilərlə‚ yəni Qarabağla birlikdə daxil olub və BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb. BMT Təhlükəsizlik Şurası və bir sıra beynəlxalq qurumlar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünü və Qarabağı işğal etməsi faktını dəfələrlə pisləmiş, Ermənistanı işğala son qoymağa və Azərbaycan torpağını tərk etməyə çağırmışdır. Ermənistan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədiyi üçün‚ məhz 2020-ci ilin 44 günlük İkinci Qarabağ Müharibəsində Qəhrəman Azərbaycan ordusu Qarabağı və ətraf torpaqlarımızı azad etmiş və Ermənistanın işğalına son qoyulmuşdur.
Bu gün Azərbaycanla Ermənistan arasında sərhədlərin tanınmasına, sülh sazişi imzalanmasına hazırlıq görüldüyü bir zamanda Makronun dünya diplomatiyasına zidd, birtərəfli və Azərbaycan xalqına qarşı xəyanətkar bəyanatı, ermənilərə “ayı xidməti”ndən başqa bir şey deyildir. Bu sözlərin hansı məqsədlərə xidmət etdiyini biz yaxşı bilirik. Makronun liderlik iddialarındakı məqsədi ölkəsini bu və ya digər formada Cənubi Qafqaza pərçim etməkdir. O, unudur ki, artıq Azərbaycan xalqı, Azərbaycan dövləti onu yaxşı tanıyır və bundan sonra hansı cildə girir-girsin sözünün bir quruş qədər qiyməti olmayacaq. Biz dostumuzu da, düşmənimizi də yaxşı tanıyırıq. Kiminlə dost, kiminlə müttəfiq olmaq da, Qarabağda sabitlik yaratmaq da Azərbaycanın daxili işidir. İndiyə kimi bizə “yol” göstərməyə heç kimə imkan verilmədiyi kimi, bundan sonra da verilməyəcək. Makron hesab edir ki, bütün bunlardan sonra Fransa Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər. Yalnız ağıldan və məntiqdən kənar adamlar belə düşünə bilərlər”.
S. Rüstəmxanlı qeyd edib ki, “II Dünya Müharibəsində Fransanın azadlığı yolunda həyatını qurban vermiş Azərbaycan partizanlarının və Əhmədiyyə Cəbrayılov kimi Fransanın azərbaycanlı Milli Qəhrəmanının ruhu bu gün Makronun yaxasından yapışıb “ay uşaq, mən namuslu fransızlar üçün vuruşmuşam, sənin kimi gündə bir hava çalanlar üçün yox!” -deyərdilər. Bu gün ermənipərəst siyasət yürüdən Fransa siyasiləri öz ölkələrindən çox, Ermənistanın maraqlarını müdafiə edirlər”.
S. Rüstəmxanlı Makronun və bütövlükdə Fransa hökumətinin erməni lobbisinin əsirinə çevrilməsinin Azərbaycandan çox Avropaya və xalqına problem yaratdığını bildirib: “Makron kimi çiy siyasətçilərin bəyanatı yalnız ürək bulandıra bilər. Belə səslənmələr prosesi dəyişə, Azərbaycan karvanını yolundan döndərə bilməz. Belə bəyanatlar göstərir ki, Fransa kimi zəngin tarixi olan dövlət ona hansı ağılda olan şəxsin idarə etdiyi barədə düşünməlidir”.
Sonda Millət vəkili əlavə edib ki, Fransa prezidenti terrorçu, ruhsuz və ürəksiz Ermənistana ürək axtarırsa qoy Fransanın ən geri qalmış bir əyalətini və ya "Benedikdin" likör şirkətini bağışlasın. Çünki türk dilini yaxşı bilən ermənilər hər dəfə bu sözün doğurduğu assosiya ilə Müzəffər Azərbaycan Ordusunu xatırlayacaqlar. Makron ən azından “sarı jiletlilər” zamanında öz xalqının qatili kimi ad çıxarmasından utanaraq susmalıdır”.
çap et