R. Behbudov adına Dövlət Mahnı Teatrında Milli Qurtuluş Gününə həsr olunmuş "Bir millət, iki dövlət: Azərbaycandan Anadoluya, Türk dünyasına könül körpüsü" adlı gecə və "Qarabağdan türk dünyasına könül körpüsü" mövzusunda 9-cu Kapadokya şeir festivalı keçirilib. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" və "Aşıq Şəmşir Mədəniyyət Ocağı" ictimai birliklərinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirdə Türkiyənin görkəmli şairi Camal Safi başda olmaqla qardaş ölkədən və İraqın Kərkük vilayətindən şairlər də iştirak ediblər. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub çıxış edərək türk dünyasının şairlərinin iştirakı ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva türk dövlətlərini təmsil edən şair və yazıçıların həmişə türk dünyasını birləşdirən dəyər olduqlarını, onların yaradıcılıqlarının sevgi ilə izləndiyini qeyd edib. Tədbirdə Türkiyənin məşhur şairi Camal Safi yaradıcılığından nümunələr söyləyib. Mərasimdə türk dünyasının birliyinə xidmət edən bir sıra qələm sahibləri mükafatlandırılıb.
S.ABDULLAYEVA
çap et