525.Az

Şəhid anası: “Prezidentin dəmir yumruğu arxasında anaların polad biləkli oğulları durdu!”  


 

Şəhid anası: “Prezidentin dəmir yumruğu arxasında anaların polad biləkli oğulları durdu!”  <b style="color:red"></b>

Şəhidlər ölmürlər. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bu gün haqqında söhbət açacağım qəhrəman şəhidimiz  Cəfərov Vüqar İnşallah oğlu 23 mart 1991-ci ildə Nizami rayonunda anadan olub. 1998-ci ildə 70 nömrəli pilot litsey məktəbdə 1ci sinfə gedib və 2009-cu ildə məktəbi bitirib.
 
Şəhid haqqında danışan atası bildirir ki, Vüqar orta məktəb vaxtı kikboksinqlə məşğul olurdu. Heç nədən qorxmayan uşaq idi:
 
"Evimizin sonbeşiyi, ən istəklisi idi. Allah onu elə gözəl yaratmışdı, elə bil rəssam yaratmışdı. Həmişə onu örnək göstərirdi komandir. Mən özüm bu millətə, dövlətə o qədər bağlı insan olmuşam, mənim balalarım da o cür sadiq, torpağının təəssübün çəkən olub. Vüqar hərbi xidmətdə milli qavardiyanın əsgəri olub. Əsgərlikdən gələndən sonra daxili qoşunlara müraciət elədi. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Kobra dəstəsində plomyotçu kimi baş çavuş idi. 10 illik qüsursuz xidmətə görə təltif edilib, bir neçə mükafatları var, həm də dövlət tədbirlərinin iştrakçısı olub. 2020-ci il iyul-avqust aylarında ilk seçimdə Yaşma ilə təlimə qatıldı. 27 sentyabrda Murov istiqamətindən hücuma keçdilər. Murovdakı 5 yüksəklikdən 3-ün mənim balamgil azad etmişdilər". 


Şəhid anası Cəfarova Səmayə  xanım deyir ki, Prezdentin dəmir yumruğu arxasında biz anaların polad biləkli oğulları durdu:
 
"Qarabağ Azərbaycanın qeyrət qapısı idi, gedənlərin biri də mənim oğlum idi. Şükür ki, mənim balama da qismət oldu, düşməndən Xocalı soyqırımının qisasını almaq. Həmişə uşaqlıda mənə deyirdi ki, ana, mən sənin torpağını azad edəcəyəm. Hər dəfə kəndləri alanda deyirmiş ki, bura mənim ana Vətənimdir. Biz Cəbrayılın Aşağı məzrə kəndindənik. Bizim kənd Araz qırağı gözəl kənd idi, Xudafərinə də yaxın idi. Balam oraları azad edib, şəhid oldu!
 


Üç balam var, iki oğlum, bir qızım var. Vüqar sonbeşiyim idi. Aldığı əmək haqqının yarısından çoxunu ehtiyacı olan ailələrə verirdi. Həmişə evə gələndə ayaqlarımın altından öpürdü. Deyirdi cənnət anaların ayağının altındadır. Sən mənim mələyimsən. Bir gün gəldi dedi, ana, bir qız var sənə oxşayır. Mən onunla ailə quracağam. Balam deyirdi ki, oğlum olsa, adını Cəfər, qızım olsa, anamın adın qoyacağam. Arzusu idi ki, ailə qurub dünya səyahətinə çıxsın. Nişanlı idi, oktyabrın 8-də toyu olmalıydı, 5-i ölüm xəbəri gəldi.


 
Bir dəfə zəng edəndə öskürürdü, dedim ki, get qərargaha isti çay iç. Dedi,ana, bura Kəlbəcərdi, burda çay var?! İgid odur atdan düşə atlana, igid odur hər əzaba qatlana! Balamın axırıncı sözü bu oldu... (red. ağlayır)
 
Həmişə şəhidlikdən danışanda deyirdi, ana, o hər kəsə nəsib olmur. Dostu Mehmana deyib ki, gəl, şəkil çəkdirək mən geri qayıtmayacağam".


 
Şəhit atası deyir ki, oğlum şəhid olanda  döyüş yoldaşları gəlib alnımdan öpürdü:
 
"Deyirdilər ki, Cəbrayıl istiqamətində ermənilərin “Dəhşət” ləqəbli polkovnik-leytenantı Artur Qalstayan sürücüsü ilə birlikdə qaçdığı an Vüqar pekası ilə məhv etdi onu. Qalstayan Birinci Qarabağ savaşında Xocalı soyqırmında hamilə qadınların qarnını deşib, pişik balası yığıb, güllələyirmiş. Mənim oğlum əsl qəhrəman idi. Komandiri deyir ki, mühasirəyə düşmüşdük, 1 gün mina polyasını keçdi, getdi hamımız üçün su gətirdi. Heçnədən qorxmayan oğul idi. Mən onun adı ilə qürur duyuram!( red..ağlayır)
 


Allah bütün şəhidlərə rəhmət eləsin, onlar hamısı mənim üçün doğmadır. Müstəqil Azərbaycan var olsun! Ali Baş Komandan İlham Əliyev var olsun! Müharibə vaxtı biz bütün ölkə dəmir yumruq kimi birləşdik, düşmənləri qovduq dədə-baba yurdumuzdan. Bu gün Azadıq müstəqildirsə, torpaqlarmızda vəhşi erməni yoxdursa, rahat nəfəs ala bilərik. Allah ölkəmizi güclü ordumuzu hər zaman müzəffər eləsin!"
 


Hərbi xidməti Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Cəfərov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Vüqar Cəfərov ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. İkinci Fəxri xiyabanda dəfn olunub.


 
Sonda şəhid atası bildirdi ki, bizə böyük təskinlik olar ki, balamızın adı oxuduğu məktəbə verilsin: "O zaman rahat dünyadan köçərik. Biz Cəfərovlar ailəsi dövlətimizdən, millətmizdən, müzəffər Ali Baş Komandanımızdan çox razıyıq. 1967-ci ildən 8-ci km qəsəbəsi salınan vaxtı ilk sakinlərindən olmuşuq. Oğlum qəhrəmanlığı ilə o məktəbin adını daşımağa layiqdir. Kaş ailəmizin arzusu yerinə yetəydi"
 
Qeyd edim ki, şəhidin adına abidə-bulaq kompleksi var. Ruhun şad olsun, şəhidim!
 

 





16.10.2022    çap et  çap et