525.Az

Müəllim haqqı...


 

GÖRKƏMLİ ALİM HACI HƏSƏNOVUN 70 YAŞI TAMAM OLUR

Müəllim haqqı...<b style="color:red"></b>

Cəmiyyətin inkişafında elm-təhsil ocağı məbədgah, müəllim, alim və aydınlar isə bu müqəddəs məbədgahın ziyasıdırlar. İnsanın kamilləşməsi, əqlinin və dünyagörüşünün inkişafı onun aldığı təhsil-tərbiyədən və bu prosesi həyata keçirən müəllimlərdən asılıdır. Müəllim təlim-tərbiyəsi ilə məşğul olduğu insanın qəlbinə elə bir işıq salır ki, o, haqqı nahaqdan, yaxşını pisdən ayıra bilir.

Müəllimlik peşəsinə sahib olmaq, sözün əsl mənasında müəllim adını daşımaq böyük məsuliyyət hissi yaradır. Gənc nəslin elmi-intellektual səviyyəsini inkişaf etdirmək, əsl vətənpərvər insan formalaşdırmaq müəllimdən yüksək intelekt və modern elmi dünyagörüşü tələb edir. Müəllim peşəsi ilə bərabər elmi dünyagörüşə sahib olmaq, xüsusilə ictimai elmlər sahəsində tədqiqatla məşğul olmaq isə xüsusi elmi bacarıq, ictimai-mənəvi keyfiyyətlər, intelektual qabiliyyət, vətənə və millətə, müqəddəs dəyərlərə sadiqlik tələb edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi kimi: "Tarix yazmaq, tarix yaratmaq qədər önəmlidir. Yazan yaradana sadiq qalmazsa, dəyişməyən gerçək bəşəriyyəti çaşdıracaq bir xarakter alar..." Həqiqətən də, tarix yazmaq, intelekt, məntiq, elmi yanaşma tələb etməklə bərabər, həmçinin, vətənə və millətə sadiqlik, milli şüur və dövlətə bağlılıq tələb edir.

Sadalanan keyfiyyətlərə malik olan, elm və təhsil sistemində özünəməxsus dəsti-xətti ilə seçilən görkəmli tarixçi alim və dəyərli müəllimlərimizdən biri də Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, dosent Hacı Həsənovdur.

Hələ 90-cı illərin əvvəllərində Bakı Dövlət Universitetində oxuduğumuz zaman Azərbaycan Respublikasının müstəqilliyinin əldə olunması və qorunmasında tələbələrin rolu nə qədər önəmli idisə, Hacı müəllim kimi müəllimlərin bu yöndəki fəaliyyəti tələbələrə örnək olmaqla ikiqat dəyərli idi. Bizim nəsil tələbə kontingentinin milli şüur səviyyəsinin formalaşmasında Hacı müəllim kimi ziyalıların rolu əvəzolunmaz idi. Biz tələbələrə Hacı müəllim kimi şəxsiyyətlərin milli şüur və müstəqillik məfkurəsini aşılaması əbədi olaraq yaddaşımıza yazılan qəhrəmanlıq nümunəsi idi.

Həmin dövrdə Universitetdə yenicə həyata vəsiqə qazanan “Türk xalqları tarixi” fənnini tədris edən Hacı müəllim, çar və bolşevik Rusiyasının türk xalqlarına qarşı həyata keçirdiyi soyqırım siyasətindən, XX əsrin əvvəllərində çar Rusiyasının işğalına qarşı türk dünyasında  baş qaldıran milli oyanış hərəkatından, Azərbaycanda 1918-ci il mart soyqırımlarından, Türküstan bölgəsində rus zülmünə qarşı basmaçı hərəkatından, 1916-cı ildə çar Rusiyası tərəfindən  qırğız türklərinə qarşı həyata keçirilən və 100 min nəfər qırğızın qətlə yetirilməsinə bais olan  “Ürkün qətliamı”ndan,  1927-1933-cü illərdə bolşevik Rusiyasının kütləvi repressiyalarından və aclığa məhkum edilərək öldürülən 2,3 miliyon nəfər qazax türklərindən ürək ağrısı ilə danışırdı. Hacı müəllimin kiçik qeyd dəftərçəsinə həkk olunan və mühazirə zamanı saatlarla danışılan bu taleyüklü hadisələr təkcə milli şüurumuzun formalaşmasında rol oynamadı, həmçinin dostlarımızı və düşmənlərimizi tanımaqda da bizə kömək etdi. Qeyri-adi olan o idi ki, Hacı müəllim Sovet Rusiyası dövründə məhv edilmiş və müstəqilliyimizin ilk illərində hələ yeni-yeni otraya çıxaraq yazılan türk xalqları tarixi ilə bağlı məlumatları saatlarla tələbələrinə danışırdı.  

O, çətin və şərəfli universitet illərində Hacı müəllim yaddaşımıza qayğıkeşlik simvolu, vətənpərvərlik nümunəsi, milli-demokratik dəyərlərin çarçısı, elm və təhsilin aşılayıcısı kimi həkk olunub. Dahi şəxsiyyətlər həmişə vurğulayırlar ki, bir müəllim bir nəsil deməkdir. Məhz biz orta ziyalı nəslinin nümayəndələri olaraq milli-mənəvi dünyagörüşümüzün formalamasında Hacı müəllim kimi insanlara borcluyuq.

Həyat elə gətirdi ki, elm sahəsinə istiqamət seçməyim uzun illərdən sonra mənə öz müəllimimlə eyni elm ocağında işləmək imkanı qazandırdı. Uzun illərdir ki, Hacı müəllimlə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda birgə çalışırıq. Elmi əməkdaşlığa rəğmən yenə də müəllim tələbə münasibətləri.

Hacı müəllimin Azərbaycan tarix elminin inkişafında özünəməxsus dəst-xətti vardır. Onun rəhbərlik etdiyi “Azərbaycanın yeni dövr tarixi” şöbəsində Azərbaycanın XIX əsr tarixi ilə bağlı olduqca əhəmiyyətli elmi tədqiqat əsərləri işıq üzü görmüşdür. Azərbaycan tarixinin olduqca mürəkkəb və keşməkeşli tarixi dövrü olan, Azərbaycan xalqını və dövlətini iki hissəyə parçalayan bu amansız tarixi dövrün tədqiqatçısı olaraq bu dövrlə bağlı çoxsaylı tədqiqatçı yetişdirmək şərəfi də Hacı müəllimə məxsusdur. Hacı müəllim öz sələfi görkəmli tarixçi Mahmud İsmayılovun elmi irsini layiqincə davam etdirərək Azərbaycan tarixinin yeni dövrünə işıq salmaqdadır. Onun yetişdirdiyi çoxsaylı yetirmələri tarix elminin qaranquşları olaraq bu gün də elmi fəaliyyətlərini davam etdirməkdədirlər.

İndiyədək onun Azərbaycan, Argentina, İran, Norveç və Rusiyada müxtəlif dillərdə 70-dən çox elmi əsəri çap olunmuşdur. Hacı müəllim on bir monoqrafiyanın müəllifi və həmmüəllifidir. Xüsusilə də onun XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda aqrar münasibətlər, sosial-iqtisadi həyat, kənd icma özünüidarəsinin hüquqi tənzimlənməsi  ilə bağlı çoxsaylı elmi tədqiqatları tarix elmi üçün böyük əhəmiyyət kəsb edir. Hacı müəllim eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında müəllimlik fəaliyyətini davam etdirməkdədir.

Hacı müəllim elm və təhsil fəaliyyəti ilə yanaşı ictimai-siyasi həyatda da fəal şəkildə iştirak edir. O, Azərbaycanın ictimai-siyasi həyatında xüsusi rolu olan Azərbaycan Vətəndaş Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvüdür.

Hacı müəllimin elm-təhsil və ictimai həyatda göstərdiyi xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını almışdır.

Hacı  müəllim eyni zamanda öz tələbələrinə və gələcək nəsillərə sadəlik və təvazökarlıq örnəyi olmuşdur. Onun istər elm-təhsil həyatında, istərsə də rəhbərlik etdiyi qurumlarda kollektivlə ünsiyyəti, cəmiyyətə pozitiv münasibəti, demokratik düşüncə tərzi və idarəçilik sistemində demokratik dəyərlərə və hüququn aliliyinə önəm verməsi cəmiyyətimiz üçün parlaq nümunələrdən biridir. Görkəmli filosof Sokratın dəyərli bir kəlamı vardır: Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla dəyər verilə bilməz. Həqiqətən də, müəllim şəxsiyyətinə dəyər vermək olduqca çətindir. Tələbələri üzərində ən böyük haqq müəllim haqqıdır. Bu haqq heç nə ilə ödənilməz...

Müəllimlərimizin dəyərini biz ziyalıar elm-təhsil fəaliyyətinə başladıqdan sonra daha çox dərk edirik.  Təsadüfi deməyiblər ki, gələcək gənclərin, gənclər isə müəllimin əsəridir. Bu anlamda Hacı müəllim kimi müəlliflərin yüzlərlə yaratdığı və bu gün də şərəflə, ləyaqətlə dövlətinə, millətinə xidmət edən elm və təhsil sahəsindəki kadrları – canlı əsərləri vardır. Biz Hacı müəllimin yetirmələri olaraq onunla qürur duyur, elm və təhsil yolunda birgə addımlamağımızdan fəxarət hissi keçiririk.

Hacı müəllim kimi dəyərli insanlar biz yetirmələri üçün dünən də, bu gün də, sabah da sadəlik, təvazökarlıq və əsl müəllim simvoludur. Tələbəlik həyatından üzü bəri xatirəmizdə yaşayan bu insanlıq örnəkləri bu günə qədər dəyişmədiyi kimi bundan sonra da daima yaddaşımızda sabit qalacaqdır. Çünki buna səbəb Hacı müəllimin bütün xarakterik keyfiyyətlərinin daima sabit və dəyişməz olmasıdır.

Biz bu gün elm-təhsil fəaliyyətində birgə addımladığımız daha bir müəllimimizlə qürur duyuruq. Bu şəxsiyyət - dəyərli müəllim, gözəl insan, əsl ziyalı və özünün də həmişə fəxrlə söylədiyi  Nuru Kişinin oğlu Hacı Həsənovdur. Əziz Hacı müəllim, 70 illik yubileyiniz mübarək olsun. Sizə sağlam uzun ömür, elm-təhsil fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 





17.10.2022    çap et  çap et