525.Az

Ölkədə 400 yeni bankomat quraşdırılacaq


 

Ölkədə 400 yeni bankomat quraşdırılacaq<b style="color:red"></b> Dövlət Sosial Müdafiə Fondu bu il ölkədə bankomatların sayının artırılmasını qarşıya məqsəd qoyub.

APA TV-nin yerli bürosunun məlumatına görə, bu sözləri Mingəçevirdə bölgə vətəndaşlarını qəbul edən DSMF sədri Elman Mehdiyev jurnalistlərə müsahibəsində deyib. E. Mehdiyev bildirib ki, pensiyaların plastik kartlarla ödənilməsində əhaliyə xidmət göstərən bankomat şəbəkəsinin genişləndirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu müvəkkil banklarla ardıcıl iş aparır. Hazırda banklarla birgə yaradılmış işçi qrupu bu məqsədlə yerlədə quraşdırılmış bankomatların faktiki vəziyyəti və bankomata olan tələbatla bağlı inventarlaşdırma prosesini həyata keçirir. “Biz inventarlaşmanın nəticələrinə uyğun olaraq müvəkkil banklar qarşısında yaşayış məntəqələrində əlavə olaraq yeni bankomatların quraşdırılması üçün məsələ qaldırırıq. Cari ildə DSMF-ya xidmət göstərən banklar tərəfindən əlavə olaraq 400 ədəd yeni bankomatın quraşdırılması qərara alınıb. Bunlardan 300-ü Beynəlxalq Bank, 100-ü isə Kapital Bank tərəfindən quraşdırılacaq. İlkin mərhələdə Beynəlxalq Bank tərəfindən ölkədə 100 yeni bankomatın quraşdırılması prosesi gedir. Bu ilin aprel-may aylarında 53 yeni bankomat quraşdırılıb. Nəzərdə tutulan digər bankomatlar da bu ilin sonunadək quraşdırılacaq”.
Bankomatların qarşısında yaranan sıxlıqla bağlı məsələyə münasibət bildirən fond sədri
 
E. Mehdiyev qeyd edib ki, bankomatların tələb olunan keyfiyyətdə çalışması və onların xidmət şəbəkəsinin genişlənməsi üçün dövrü olaraq monitorinq və qiymətləndirmələr aparılır və banklar tərəfindən zəruri tədbirlər görülür. Onun sözlərinə görə, vətəndaşlar pensiyanı bir gün ərzində bankomatdan çıxarmağa meyl edirlər, yəni plastik kartlara öz təyinatına uyğun olaraq nəğdsiz ödəniş vasitəsi kimi deyil, bir gündə vəsaiti bankomatlardan götürmə aləti kimi yanaşırlar. Bu sıraya əmək haqqı alanların, eləcə də digər sosial müavinət və yardım alan şəxslərin də qoşulması nəticəsində bankomatların qarşısında sıxlıq və böyük növbələr yaranır. Bu məsələlərin aradan qaldırılması üçün DSMF tərəfindən müxtəlif layihələrə start verilib. Bunlardan biri də “Pensiya+” layihəsidir. Layihənin həyata keçirilməsində əsas məqsəd vətəndaşları nağdsız ödənişlərə təşviq etməkdir: “Plastik kart vasitəsilə verilən pensiyanın bir gündə bankomatdan götürülməsi prosesini azaltmaq üçün vətəndaşların müxtəlif yerlərdə alış-veriş zamanı bu kartlardan istifadə etmələri prosesini tədricən genişləndirmək istəyirik. Bunlara nail olmaq üçün vətəndaşların aktiv mövqeyi bir daha zəruridir”.
 





18.06.2014    çap et  çap et