525.Az

Azadlığın ikinci ili - Xudafərindən reportaj


 

Azadlığın ikinci ili -  Xudafərindən reportaj<b style="color:red"></b>

44 günlük Vətən müharibəsinin 22-ci günündə - oktyabrın 18-də Azərbaycan Ordusu daha bir şanlı zəfərə imza atdı. Böyük tarixi, siyasi, iqtisadi, eyni zamanda hər bir azərbaycanlı üçün mənəvi dəyəri olan Xudafərin körpüsü 27 illik işğaldan azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev Tviter səhifəsində bu müjdəni xalqımıza çatdırdı: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!".

Bu tarixi gün münasibətilə media nümayəndələri Cəbrayıl rayonunda olub və Xudafərin fatehləri -  Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları ilə döyüş əməliyyatı barədə danışıblar.

 

Xudafərin necə azad edildi?

 

Qeyd etmək  lazımdır ki, Xudafər körpüsünün azad edilməsində Cəbrayıl rayonunun Əmirvarlı və Soltanlı istiqamətində sədlərinin azad edilməsi açar rolunu oynayıb. Çətin, mürəkkəb bir relyefdə icra olunan bu döyüş əməliyyatı hərbçilərimizin yüksək peşəkarlığı, fədakarlığı nəticəsində uğurla sona çatıb.

DSX-nın polkovniki, Prezident tərəfindən "Zəfər" ordeni, "Cəbraylın azad edilməsinə görə", "Zəngilanın azad edilməsinə görə" medalları ilə təltif olunan Nəsib Mirzəyev döyüş əməliyyatı barədə danışarkən deyib: "Əmirvarlı-Soltanlı istiqamətində tapşırıqlar çox əhəmiyyətli idi. Düşmənin birinci və ikinci dayaq nöqtələri, eşalonları əlindən çıxdığına görə bura onlar üçün son dayaq nöqtələr idi. Bu nöqtələri də demək olar ki, bütün Araz çayından Cəbrayıl şəhərinə kimi xüsusi təyinatlılarla müdafiə edirdilər. Çünki bilirdilər ki, bu ərazinin - üçüncü nöqtənin onların əllərindən çıxması ilə bizə dövlət sərhədini bərpa etmək üçün heç bir maneə qalmır. Üçüncü nöqtəni seçməklə onlar düşünürdülər ki, bu yüksəklikdən təxminən 10 km-ə qədər məsafə düzəngahlıqdır və səddi keçəcək hər hansı bir texnikanın və ya xüsusi təynatlıların hərəkətini aşkarlayıb, məhv edəcəklər. Amma bizim təminat və təchizatımız imkan verirdi ki, gecəgörmələrdən, termal cihazlardan istifadə edərək gecə vaxtı sızma əməliyyatları həyata keçirək.

XTQ heç vaxt rahat yolla hərəkət etmir, biz Sarcalı kənd istiqamətini seçdik, orda daldalanacaq nöqtələr var idi. Həmin istiqamətdən düşmənin arxasına sızaraq onları məhv etməyə çalışdıq. Onlar əsasən xüsusi təyinatlılar idi və bizim üstünlüyümüzü görüb geri çəkilməyə məcbur oldular".

Polkovnikin sözlərinə görə, Əmirvarlı -Soltanlı istiqamətində üçüncü nöqtənin alınması heç də asan olmayıb: "Bu istiqamətdə qızğın döyüşlər getdi. Ərazinin relyefi mürəkkəb idi. Üstəgəl düşmən burada geniş mühəndis-maneləri yaratmışdı, minalı sahələr həddindən artıq çox idi. Bizim qarşımıza hər hansı zavod istehsalı olmayan, əldəqayırma, idarəolunan minalar çıxırdı, peşəkar istehkamçılar onları aşkar edirdilər. Biz Sarcalı istiqamətindən düşmən arxasına gecə vaxtı sızaraq səngər boyu Araz çayından Cəbrayıl şəhərinə qədər bu istiqamətdə döyüşlər apararaq, ərazini düşməndən azad etdik".

Polkovnik deyir ki, şəhid vermədən, qan tökülmədən torpaqları işğaldan azad etmək mümkün deyil: "Lakin bacardığımız qədər rəhbərlik tərəfindən dayanıqlı rabitələrin idarəolunması əsasında şəhidlərimiz bu istiqamətdə az oldu. Onu da qeyd edim ki, silah təminatı ən yüksək səviyyədə idi və bu bizə imkan verirdi ki, tapşırıqları peşəkarcasına yerinə yetirək".

 

"Düşmən üzərimizə əks hücum etməyə imkan tapa bilmədi"

 

DSX-nın polkovniki, "Zəfər" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmiş Samir Məmmədov isə deyir ki, düşmən həmin ərazidə Araz boyunca Cəbrayıl rayonunun mərkəzinə qədər olan hündürlükdə yerləşmişdi və qarşısı tam açıq olan böyük bir ərazini nəzarətdə saxlayırdı: "Düşmənin bir xəritəsi əlimizə keçmişdi və onu analiz edəndə onların necə mövqe tutması, müdafiə olunması, gələn qüvvələri burda pusquya salıb necə məhv edəcəyi planlı şəkildə göstərilmişdi.

Bu xətt yarılanda düşmən üzərimizə əks hücum etməyə imkan tapa bilmədi. Onların arxadan təminat yolları var idi, ordan demək olar ki, hər saatda qüvvələr, texnikalar, sursatlar çatdırılırdı. Ərazinin relyefini görürsünüz, düşmən səni tam görür. Bu, onların ərazidə son nöqtəsi idi, burda məhv edilsəydilər, qarşıda böyük bir ərazinin azad edilməsi üçün yol açılırdı. Ərazi xüsusi taktiki gedişlə azad olundu, biz bunu bacardıq. Müdafiə xəttinə orta istiqamətdən girib, sızaraq səngərlərə daxil ola bildik və burda ciddi döyüşlər getdi. Düşmənin ən güclü müdafiə xəttini darmadağın etdik. Bundan sonra qüvvələrimiz Xudafərin, Zəngilan və Qubadlı istiqamətində hücuma keçdilər, qısa müddətdə həmin ərazilər də təmizlənərək cənab Ali Baş Komandana məruzə olundu". 

 

"Bizi səngərlərində gördükdə artıq onlar üçün gec idi"

 

DSX-nın polkovnik-leytenantı, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" və  "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilən Ələddin Tağıyev bildirir ki, düşmənin üçüncü səddi Araz boyu Cəbrayılıın Əmirvarlı kəndi istiqamətindən başlayaraq rayonun adsız yüksəkliklərinə qədər irəliləyirdi: "Üçüncü səddin mahiyyəti budur ki, düşmənin arxada olan digər ehtiyat hərbi hissələrinin silah sursatının, texnikalarının daha çox cəmləşdiyi eşalon olur ki, bu, birinci və ikinci səddə nisbətən daha gücləndirilmiş olur. Üçüncü səddin əsas məqsədi irəliləyən bölmələrin qarşısını almaqdır. Müharibənin ilk günlərində düşmənin birinci və ikinci səddi yarılmışdı. Üçüncü səddə düşmən bir qədər daha artıq müqavimət göstərdi. Amma buna baxmayaraq, bizim qüvvələrin döyüş qabiliyyəti, döyüş hazırlığı torpaqlarımızın azad olunması uğrunda əzmi, fədakarlığı sayəsində düşmənin üçüncü səddini yarmağa nail olduq".

Polkovnik-leytenantın sözlərinə görə, qarşı tərəf üçüncü səddə əsasən texnikanın və cəmlənmiş heyətin hücumunu gözləyirdi: "Amma ərazinin kəşfini apardıqdan sonra belə başa düşdük ki, düşmən bizi kiçik qruplar halında gözləmir. Biz ərazinin relyefindən istifadə edərək sızma əməliyyatı ilə kiçik qruplar halında düşmənin üçüncü səddinə yaxınlaşdıq və səngərinə daxil olduq. Düşmən bizi səngərində gördükdə artıq onun üçün gec idi.

Biz burda düşməni məhv etdik, qalan bir hissə isə Qubadlı rayonu istiqamətinə qaçdı. Əsas tapşırığımız üçüncü səddə düşmənə Qubadlı rayonundan gələn təminat yolunun bağlanması, nəzarət altına alınması, daha sonra Arazboyunca Əmirvarlı kəndinə hərəkət edib orda qalan düşmənin müqavinətini qırmaq idi. Bu istiqamətin yarılmasından sonra tapşırığımız Soltanlı kəndinə hərəkət edərək tarixi abidəmiz -  Xudafərini azad etmək idi. Biz buna nail olduq. Təəssüf ki, üçüncü sədd yarıldıqdan sonra bu istiqamətdə düşmənin artilleriya atəşi nəticəsində yaralandım. Bizim digər bölmələrimiz verilmiş tapşırığı uğurla yerinə yetirdilər. Xudafərin azad edildikdən sonra Zəngilan rayon mərkəzinə hərəkət etdilər".

 

"Bir gün sonra Zəngilanın azad olunması tapşırığını aldıq"

 

DSX-nın polkovniki, Vətən Müharibəsi Qəhrəmanı, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmiş, Xudafərinin azad olunmasını Ali Baş Komandana məruzə edən Babək Ələkbərov bildirir ki, Əmirvarlı və Soltanlı istiqamətində sədlərinin işğaldan azad olunmasından sonra bu ərazilərdən düşmən çıxarıldı:

"Ən geniş əməliyyat planlarından biri də Dəli dağ silsiləsinin azad olunması idi. Həmin əməliyyat planının məqsədi bu silsilənin üzərində qüvvələrimizi yerləşdirərək Araz boyu istiqamətinə hərəkət edən düşmənin canlı qüvvəsini və texnikasını məhv etməkdən ibarət idi. Əməliyyat uğurla icra olundu, düşmən ərazidə tam məhv edildi. Bundan sonra Xudafərin körpüsünə bayrağımızı sancaraq Ali Baş Komandana məruzə etdik. Bir gün sonra Zəngilan şəhərinin azad olunması tapşırığını aldıq ki, bu da 44 günlük müharibədə ən iti sürətli əməliyyat kimi yadda qaldı".

Xudafərin körpüsü itki verilmədən, yaralımız olmadan azad edilib, düşmən isə bu istiqamətdə böyük itki verib. Bu gün azad olunmuş digər ərazilərimiz kimi Xudafərinin üzərində də Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Azərbaycan sərhədçiləri 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan tərəfindən verilmiş döyüş tapşırıqlarını uğurla icra ediblər.  Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin işğalda olan hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında iştirak edib, əsl qəhrəmanlıq nümunələri göstəriblər. Sərhədçilərimizin "Harop", "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

Vətən müharibəsində DSX-nın 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb. Döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5 203 nəfəri isə müxtəlif medallarla təltif olunub.

Xudafərin-Bakı

 





18.10.2022    çap et  çap et