İqtisadiyyat hər bir dövlət üçün mühüm rol oynayır. İqtisadiyyatın araşdırılması və inkişaf etdirilməsi olduqca çətin işdir. Bunun üçün savadlı və təcrübəli kadrların olması vacibdir. Müsahibimiz professor, bir çox yerli və xarici ali məktəblərdə dərs demiş iqtisadçı Nailə Musayeva da belə kadrlardan biridir.
Bakıda dünyaya gələn Nailə Musayeva Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil aldıqdan sonra ADNA ilə yanaşı Corciya Dövlət Universitetinin (ABŞ, Atalanta) "Master of Business Adminstration" proqramı üzrə magistr dərəcəsinə layiq görülüb. 2010-cu ildə regional turizmlə bağlı Avropanın bir sıra ölkələrində araşdırmalar aparıb, həmçinin, Dauqavpils Universitetində (Latviya) regional iqtisadiyyat üzrə fəlsəfə doktoru adını alıb.
2003-2007-ci illərdə bir sıra tanınmış yerli və əcnəbi şirkətlərdə çalışan N.Musayeva 2008-ci ildə Azərbaycan Turizm İnstitutunda akademik fəaliyyətə başlayıb, 1 il sonra bu ali təhsil müəssisəsi ilə paralel Azərbaycan Prezidenti Yanında İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və s. yerli ali təhsil ocaqlarında mühazirələr deyib, seminarlar keçib. Bu siyahıya Finlandiyanın Kajaani İMC Universitetini, Litvanın Beynəlxalq Qanun və Biznes Ali Məktəbi və Utena Tətbiqi Elmlər Universitetini, Latviyanın Rezekne Texnologiyalar Akademiyası və Dauqavpils Universitetini, Avstriyanın Krems Tətbiqi Elmlər Universitetini və digərlərini də əlavə etmək olar. Adıçəkilən sonuncu ali məktəbin fəxri professoru adına layiq görülən N.Musayeva hazırda Bakı Biznes Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində dərs deyir, Azərbaycan Avrasiya Turizm Proqramında çalışır. Bildiklərini tələbələrə Azərbaycan, ingilis və rus dillərində tədris etməyi bacaran Nailə xanım öz peşəsinin sirlərini bizimlə bölüşdü. O, söhbətə ölkə xaricində fəaliyyəti və karyerası ilə bağlı başladı.

- Ölkəmizdə xaricdə təhsil almağa daha çox önəm verilir. Təlimlər və dərslərlə bir qədər məşğul olduqdan sonra iqtisad üzrə biliklərimi daha da təkmilləşdirməli və inkişaf etdirməli olduğumu düşündüm. İlk olaraq İqtisad Universitetində doktoranturaya qəbul olmaq istədim, çünki Azərbaycanda o zamanlar turizmlə bağlı iqtisadiyyatın bir bölməsi yox idi. Qəbul olsam da, müəyyən sənəd problemlərinə görə doktorantura təhsili istəyim alınmadı. 1 il sonra isə "Erasmus +" proqramına müraciət etdim və araşdırmaçı kimi həm Yunanıstana, həm də Latviyaya seçildim. Atam Baltikyanı ölkələr, Vladivostok, Sankt-Peterburqda yaşadığına, işlədiyinə və təcrübə keçdiyinə görə onunla məsləhətləşdim, nəticədə qərarımız Latviyadan yana oldu. 1 il orada araşdırma apardım və daha sonra Dauqavpils Universitetinin doktoranturasına qəbul oldum. Bu ölkədə iqtisad üzrə regionun inkişafı üçün 7 il araşdırmalar apardım. Daha sonralar isə İtaliya, İngiltərə, Fransa, İspaniya, ABŞ, Polşa, Estoniya, Litva, Skandinaviya ölkələri, Hindistan, Misir və s. kimi ölkələrdə həm təlimlər keçmiş, həmdə universitetilərdə müəllim kimi dərs demişəm.
- Təhsil almaq üçün xarici ölkə vacibdirmi?
- Hal-hazırda yox. Müxtəlif ölkələrdə təhsil almış, yerli mədəniyyətə bələd olan dərin bilgili mütəxəssislərimiz çoxdur. Hətta Sovet dövründə belə ölkəmizdə belələri yetərincə idi. Savadlı və təhsilli olmaq üçün xaricə getmək lazım deyil, Azərbaycanda yaxşı təhsil verən kifayət qədər ali məktəblər və müəllimlər var.

- Apardığınız ən çətin araşdırma və maraqlı məqam nə olub?
- Ən çətini turizm regionları ilə bağlı olan araşdırmalarımdı. Çünki bu iş əlavə diqqət və səy tələb edirdi. Ən maraqlı məqam isə İspaniyada gerçəkləşib. Bütün millətlərə hörmət edirəm, lakin Madriddə xoşagəlməz hadisə ilə üzləşdim. Hər nə qədər Avropanın qabaqcıl ölkələrindən olsa da, turizm cəhətdən inkişaf etmədiklərinin fərqinə vardım. Madrid hava limanı ərazisində çantamı oğurladılar. Gündəliyim, biletim, kompüterim, 5 illik araşdırmam və texnologiya cihazlarımın hamısı aeroport işçilərinin diqqətsizliyi və məsuliyyətsizliyi üzündən oğurlandı. Məhz bu məqam mənim ən unudulmaz və ən çətin hadisə kimi yadımda qalıb.
- Bəs, Azərbaycana dönməyinizin səbəbi nə idi?
- Ailəmə və vətənimə çox bağlı biriyəm. Məhz bu xüsusiyyətim Azərbaycana qayıtmağımda böyük rol oynadı. Almaniya, Latviya kimi ölkələrdən iş təklifi alsam da, Azərbaycanı seçdim. Düşündüm ki, hamımız Azərbaycanı tərk etsək, millətimə, övladlarımıza kim savad verəcək, Azərbaycan nə vaxta qədər "donor" mütəxəssislərini başqa ölkələrə göndərəcək? Yəni, öyrəndiklərimizi və təcrübələrimizi qayıdıb öz millətimizlə bölüşməliyik. Azərbaycan və Bakı mənim üçün əvəzolunmazdır. Amma qeyd edim ki, Latviyanı ikinci vətənim sayıram. Elmi araşdırma və iş karyeramı orada başladığımdan Riqa, Dauqavpils şəhərləri mənə çox əzizdir. Buraya Polşa, Avstriya və İtaliyanı da əlavə edərdim ki, orada mənə xüsusi dəyər verilib.
- İdman menecmenti ölkəmizdə hansı səviyyədədir?
- Ana bətnindəki uşaq kimidir, yəni, başlanğıc səviyyəsindədir. Digər ölkələrlə müqayisədə çox əskikliyimiz var. Lakin bu problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının buraxdığı indiki kadrlar gələcəkdə Azərbaycanın idman menecmentinin və jurnalistikasının əsasını qoyacaq.
- İdmanla əlaqəli insanlarla işləmək asandır, yoxsa əksinə?
- Hər bir insan idmanla məşğul olmalıdır. Özünü fiziki idarə etməyi bacaran, məşq edən və fiziki aktivliyini qoruyan kəs daxilində də, karyerasında da rejimə tabe olacaq və zamanını düzgün qura biləcək. Onu da qeyd edim ki, idmançıların arasında savadlı insanlar az deyil. Cəmiyyətimizdə belə bir mənfi düşüncə formalaşıb ki, idmançıların əksəriyyəti bilikdən uzaqdır. Bununla razı deyiləm. Çünki idmanda söz deyə bilən, fiziki və zehni idarəetməsini düzgün quran insan başqa sahələrdə də özünü inkişaf etdirə bilər. Bir sözlə, mənim üçün idmançılarla işləmək daha asandır.
- Bəs, hansı dildə dərs demək sizə daha rahatdır?
- İlk olaraq qeyd edim ki, ingilis, rus, və Azərbaycan dillərini bilir və təhsil verirəm. Rahatlığına və rus bölməsində oxuduğuma görə bu dildə dərs demək mənim üçün asandır. Həmçinin, ingilis dilində təhsil və praktika aldığıma görə də ingilis dilində fikrimi rahat izah edirəm. Lakin Azərbaycan dilində dərs demək mənə xüsusi zövq verir.
- Tələbərinizə ən çox hansı məsləhətləri verirsiniz?
- Həyatda hər işə zövqlə, ürəklə yanaşmaq və nə isə etdikdə özünü qarşındakı insanın yerinə qoymaq lazımdır. Belə olduqda insanın həyat motivasiyası artır və görülən iş daha keyfiyyətli olur. Çətinliklər hər zaman var və olacaq. Bu, bizi ruhdan salmamalıdır. Əksinə, gördüyümüz işə daha çox diqqət yetirməli və sona qədər davam etməliyik.
Məhəmməd Tağıyev
çap et