Son aylarda ardıcıl olaraq Azərbaycanın bir sıra ölkələrdəki səfirliklərinə qarşı radikal ermənilər tərəfindən hücumlar həyata keçirilir. Təəssüf doğuran hal budur ki, diplomatlarımızın həyatı, təhlükəsizliyi üçün təhdid yaradan bu hücumların ünvanı Avropanın mərkəzi, Qərbdir.
Azərbaycanın diplomatik nümayəndəliklərinə edilmiş hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının kobud şəkildə pozuntusudur. Radikal ermənilərin bu hücumları həm də onu göstərir ki, ev sahibi olan ölkə öz beynəlxalq öhdəliklərini pozur. Çünki xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir.
Hadisələrin xronologiyasına nəzər salaq. Bu ilin 18 sentyabr tarixində Azərbaycanın Fransadakı səfirliyinin qarşısında erməni təxribatçıları "aksiya" keçirib. Daha sonra onlar səfirliyin binasına qarşı vandal aktı törədiblər, binaya zərər verməyə çalışıblar. Hadisə ilə bağlı Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və radikal erməni qruplarının törətdiyi cinayətə görə XİN-in etiraz notası səfirə təqdim edilib.
Amma bu, son olmayıb. 1 oktyabr 2022-ci ildə gecə saatlarında radikal erməni qrupları Azərbaycan səfirliyinin inzibati binasına qırmızı rəngli boya atıblar və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıblar. Fransa səfiri növbəti dəfə Azərbaycan XİN-ə çağrılıb. Səfirin diqqətinə hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi çatdırılıb.
Bundan əvvəl bu il avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma tərəfindən hücum olub. Həmin hücum zamanı yayılmış kadrlardan aydın göründü ki, Britaniya hüquq-mühafizə orqanları vaxtında tədbir görməyib. Səfirlik Azərbaycan ərazisi hesab edilir və ora radikalların rahat şəkildə hücumu hələ də açıq qalan suallar yaradıb. Livandakı səfirliyimizə də iki dəfə sentyabrın 16-da və 18-də hücum cəhdi edilib.
Oktyabrın 11-də isə radikallar daha da irəli gedərək Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilini atəşə tutub. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb. Azərbaycan XİN-in bununla bağlı yaydığı açıqlamada vurğulanıb ki, görüşdə Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Eyni zamanda, ABŞ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyinə dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib. Hadisə ilə bağlı ABŞ Dövlət Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar verilib. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb edilib.
Bu hadisələr erməni terror təşkilatlarının diplomatlara qarşı terror siyasətinin davamıdır. 70-80-ci illərdə türk diplomatlarına qarşı sui-qəsdləri yada salaq. Dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olub.
Ermənilər 21-ci əsrdə də eyni metodla, terror düşüncə ilə hərəkət edirlər. Azərbaycanın diplomatik nümayəndəliklərinə, həmçinin, azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlar bağlı açılan cinayət işləri çərçivəsində lazımi addımların atılmaması, təqsirkarların məsuliyyətə cəlb edilməməsi, bir sözlə, cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.
Adıçəkilən ölkələr ciddi tədbirlər görməlidir. Əks halda, Vyana Konvensiyasının bu şəkildə pozulması yaxşı heç nə vəd etmir və pis bir presedent yaradır.
çap et