525.Az

Sozalmayan işıq - Bayram Məmmədov yazır


 

Sozalmayan işıq - <b style="color:red"> Bayram Məmmədov yazır</b>

Təbiəti hamı sevir...

Təbiət hamıya könül xoşluğu verir...

Kəndin dağa söykənməsi sonralar həmin kənddə boya-başa çatan yeniyetmələrin xarakterini müəyyənləşdirirmi? - Tanrı kiməsə söykək olanlara, kiməsə arxa-dayaq olanlara dağ qüruru verir. Bu gözəl inanc Zəngilanda da illərlə yaşadılıb. Yüzlərin, minlərin xarakterini durulaşdırıb, ipəkləşdirib, bu günün inancı sabahların xeyirxahlıq duası kimi yaşanılıb...

Zəngilanın Canbar kəndi Xustub dağının ətəyindədi. Xustubdan əsən yellər neçə yüz illərdi Canbar kəndində nəfəs dərir...

Cabbar Kərim oğlu Hüseynov 1922-ci ildə Canbarda anadan olmuşdu. Dörd qardaşıydılar:  İmran, Cəlil, Cabbar, Cəmil. Zamanın gərginliyini, gərdişin sərtliyini Xustubun sərin mehi yumşaldırdı. Bu mehə el arasında səbir yeli deyənlər də vardı, yəni Tanrı yel diliylə deyir ki, dözün, çətin günün ömrü az olur. Dözürdülər. Ümidlə yaşayırdılar...

Cabbar Kərim oğlu Canbar kənd 7 illik məktəbini bitirdikdən sonra  Kafan fəhlə-gənclər məktəbində orta təhsil aldı. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə  daxil oldu.

Tələbəydi. Canbara tələsirdi, əzizlərini sevindirməyə, üzünü Xustuba tutub "Sən verən səbrin nəticəsidi, a dağım mənim!.." - deməyə. Kövrələcəkdimi? Bilmirdi...

1942-ci ildə hərbi xidmətə çağırdılar. Sovet İttifaqı Silahlı Qüvvələrinin tərkibində İranda xidmət etdi. 1943-cü ildən Böyük Vətən müharibəsi başa çatana kimi kiçik komandir kimi müxtəlif döyüş əməliyyatlarının iştirakçısı oldu. Harda kənd görürdü, ruhən Canbar bilirdi, harda dağ görürdü, ruhən Xustub bilirdi. Harda bircə kəlmə xoş söz eşidirdi, elə bilirdi Canbardadı. Bu, el-obaya, elin dağına-daşına vurğunluğun nəticəsiydi...

Cabbar Kərim oğlunun döyüş yolu Almaniyayacan uzandı. Yaxşı döyüşmüşdü, o da mərdliklə döyüşmüşdü, igidliyinə görə bir neçə orden və medalla təltif olunmuşdu...

Müharibəyə görə təhsili yarımçıq qalmışdı. Təhsilini müharibədən sonra davam etdirdi. İnstitutda onu müəllimlər də, tələbələr də döyüşçü-tələbə çağırırdı. Qürrələnmirdi. Qürurlanırdı. Döyüşçü olduğuna görə heç bir üstünlüyə həvəsimirdi. Onu qınayanlara deyirdi: Vətən üçün döyüşmüşəm...

Niyəsə, sonacan oxumaq istəməyib. 1946-cı ildə ərizə yazaraq institutdan xaric olunmasını xahiş edib. Bir dəfə bunun niyəsini soruşmuşdum. Gülümsünmüşdü, "Görünən dağa nə bələdçi, a Bayram" demişdi....

Cabbar müəllim müəllimliyi sevib, şagirdlərini sevib, riyaziyyatı sevib, 1946-cı ilin martından 1951-ci ilin avqustunadək əvvəlki sevgilərlə Seyidlər kənd 7-illik  məktəbində, 1961 -ci ilədək isə Ağkənd 7-illik məktəbində  riyaziyyat müəllimi işləyib.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinə daxil olub. 16 ildən sonra! 1960-cı ildə universiteti Azərbaycan dili və İran filologiyası ixtisası üzrə bitirib. Ali təhsilli iranşünas, ali təhsilli Azərbaycan dili müəllimi olub riyaziyyat müəllimi Cabbar Kərim oğlu Hüseynov! Zəngilanda hamının sevdiyi Cabbar müəllm!

1961-ci ilin sentyabrından Canbar kənd 7-illik məktəbində ədəbiyyat və Azərbaycan dili müəllimi  işləyib. Yüksək pedaqoji ustalığı və təcrübəsi nəzərə alınıb. 1968-ci ildə  Canbar kənd 8-illik  məktəbinin direktoru vəzifəsinə təyin edilib. 1971-ci ilin sentyabrından  1981-ci ilin fevralınadək Ağkənd və Canbar kənd 8-illik məktəblərinin direktoru işləyib. Dəfələrlə rayon partiya və Xalq Deputatları Soveti icraiyyə komitələrində məsul vəzifələrə dəvət olunsa da hamısından imtina edib, müəllim işləməyi üstün tutub. Nəhayət, rayon partiya komitəsi bürosunun qərarı ilə 1981-ci ilin fevralın 9-da Canbar kənd sovetinin sədri seçilib. Bir ildən sonra ailə vəziyyəti ilə əlaqədar tutduğu vəzifədən azad olunmasını xahiş edib, xahişinə əməl olunub. 1982-ci ilin avqustundan 1993-cü ilin oktyabr ayınadək Canbar kənd 8-illik məktəbində ixtisası üzrə müəllim işləyib.

Mükəmməl təhsil almışdı. Həm də tədrisə elmi baxımdan yanaşırdı. Təcrübəsini elmi tezislərlə əlaqələndirə bildiyindən müəyyən mövzuların tədrisi prosesində metodiki yeniliklər yaradırdı, bu yenilikləri əhatələyən elmi məqalələri "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalında,  "Azərbaycan müəllimi" qəzetində dərc edilirdi. Bu məqalələrin və rayon rəhbərliyinin zəmanəti ilə tanınmış pedaqoq, o illərdə Azərbaycan SSR Xalq maarif naziri akademik Mehdi Mehdizadə Cabbar müəllimi Bakıya işləməyə dəvət edir. Bu dəvət o dövr üçün ancaq arzulana bilərdi; Cabbar müəllim arzulamadığı həsəd aparılası gözəl vəzifədən imtina edib. Onun imtinasına da hörmətlə yanaşılıb. Ailə amilinə görə imtina naziri də, rayon rəhbərliyini də duyğulandırıb...

Məqalələrini kitab kimi dərc etdirmək istəyirdi...

Klassik şairlərimizin yaradıcılığını mükəmməl bilirdi, onların əsərlərini təhlil etməkdən zövq alırdı. Belə təhlillərdə elmi təhlil müstəvisində fərdi duyum da özünü göstərirdi və şagirdləri bu təhlillərdə Cabbar müəllimin "öz təhlilini" daha həvəslə, daha maraqla dinləyirdilər. O, təhlillərdə ərəb-fars tərkibli sözlərin ifadə etdiyi mənaları, məna çalarlarını da eyni həvəslə şərh edirdi. Bu isə onlara şeirin, qəzəlin mahiyyətini daha yaxşı dərk etmələrinə kömək edirdi...

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, müəllimdən yüksək ad yoxdur. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.

Cabbar müəllim belə müəllimlərdən olub...

Müəllimlər müəllimi olan ustad pedaqoqdan mən də fərdi dərs almışam. Bu gün bundan qürur duyuram. 1973-cü ilin avqust ayında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) qəbul imtahanları verirdim. Atam və anamla əminəvəsi olan Cabbar müəllim mənim imtahanlarımla maraqlanır, məsləhət və tövsiyələrini əsirgəmirdi.  Azərbaycan dili və ədəbiyyatı üzrə imtahanda necə cavab verməyimi dərindən, hərtərəfli, çox sadə və başa düşülən formada izah etdi. Bir neçə dəfə imtahanda suallara necə cavab verməyimi də təkrarlatdı.

İmtahan vaxtı biletdə olan suallara hazırlaşmadan cavab verdim, imtahandan ardıcıl şəkildə kəsilən 17 abituriyetdən sonra birinci yaxşı qiymət alan mən oldum. Əslində suallara fikirləşmədən "əla" cavab versəm də komissiyanın sədrinin üzvlərin rəyini gözləmədən mənə  "əla" əvəzinə "yaxşı" yazması onların narazılığına, hətta mübahisəsinə səbəb olsa da iş-işdən keçmişdi. Artıq digər imtahanlardan aldığım  yüksək qiymətlərə görə mən də ali məktəbə qəbul olmaq şansını əvvəlcədən qazananlardan biri olmuşdum.

İnstitutu bitirib hərbi xidmətdən qayıtdıqdan sonra Canbar kənd 8-illik məktəbində müəllim işləyəndə 1980-ci ilin sentyabrından noyabrına kimi bir vaxtlar elm öyrəndiyim ustaddan pedaqoji ustalıq da öyrənirdim...

Mən həyat müəllimlərimdən biri olan Cabbar müəllimdən sadəliyi, səbirli, intizamlı, tələbkar olmağı, yorulmaq bilmədən çalışmağı və digər müsbət əxlaqi-pedaqoji keyfiyyətləri  həyat devizim kimi qəbul etmişəm. Həyatda qazandığım uğurlarda bu dəyərli ziyalının, elimizin-obamızın və nəslimizin ləyaqətli ağsaqqalı olmuş unudulmaz insanın əvəzolunmaz rolunu qeyd etməyi və yada salmağı mənəvi borcum hesab edirəm...

 Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlayanda Cabbar Kərim oğlu da müəllim kimi, vətəndaş kimi əli silah tutanları döyüşlərə ruhlandırırdı. Cabbar müəllimin sözü Dədə sözü kimi dinlənilirdi. Zəngilan rayon ərazi özünümüdafiə taboru yaradılanda onun təşkilatçılarına ilk xeyir-dua verənlərdən biri də Cabbar Kərim oğlu olmuşdu. Atalar oğullarına deyərdi: Cabbar müəllimin gərəkli saydığı işin qulpundan yapışmaq sizin oğulluq borcunuz olmalıdır, oğul...

Cabbar müəllimin yeganə oğlu İlham ali təhsilli həkim kimi Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 1984-1992-ci illərdə Sumqayıt şəhər poliklinikasinda həkim-terapevt, terapiya şöbəsinin müdiri, baş həkimin ekspertiza  üzrə müavini, Sumqayit şəhər birləşmiş xəstəxanasında poliklinikanın baş həkimi və Nəsimi rayon səhiyyə idarəsinin rəisi vəzifələrində  işləyib. Dəfələrlə hərbi hissələrə silah-sursat yardımı göstərilməsinin təşəbbüskarlarından olub.

Ölkəmizin başının üstünü qara buludlar alanda İlham azadlıq hərəkatının önündə gedənlərdən biri olub. Zəngilan rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyəndə Zəngilanın müdafiəsi üçün əlindən gələn hər şeyi edib. İcra hakimiyyətinin başçısı kimi həmişə hərbçi formasında əsgər və zabitlərlə birgə mənfur düşmənlə döyüşüb...   Hazırda peşəkar həkim kimi öz peşəsini ləyaqətlə davam etdirir, neçə-neçə xəstənin müalicə edilib şəfa tapmasında öz bilik və təcrübəsini əsirgəmir. Ehtiyacı olanlara təmənnasız xidmət etməyi özünün mənəvi borcu bilir. El arasında belə oğullara böyük sevgilərlə "Atasının oğuludu!" deyiblər...

Həyatının yarım əsrdən çox hissəsini el-obanın işıqlı gələcəyinə həsr edən, şərəfli müəllim adını və məsuliyyətini hər şeydən üstün tutan, yüzlərlə gəncin Vətənə layiq vətəndaş kimi böyüməsində, formalaşmasında əvəzsiz  rol oynayan əvəzolunmaz ziyalı idi Cabbar Hüseynov. Sağlığında özü beləydi, son nəfəsindən sonra xatirələri, işıqlı ruhu belədi...

2002-ci il dekabrın 16-da, səksən yaşında əbədiyyətə qovuşan Cabbar əmi (el arasında onu ya Cabbar müəllim deyə çağırardılar, ya da Cabbar əmi deyə. Hər ikisi böyük ehtiramın müraciətiydi) belə insan idi...

Maarif sahəsində qazandığı uğurlara görə "Qabaqcıl maarif xadimi" və "SSRİ maarif əlaçısı" döş nişanı ilə təltif edilib...

Zəngilanın işğalı Cabbar Kərim oğlunun da ürəyini dərdlə, qəhərlə silələmişdi.

İşğal ərəfəsində alay komandiri polkovnik Firidun Şabanovun təşəbbüsü ilə rayon İcra Hakimiyyətinin qarşısında səfərbərlik elan ediləndə sıraya ilk çıxanlardan biri də Cabbar Kərim oğlu olmuşdu. Toplaşanlar heyrətlə bir-birinə baxmışdı. Sonra bir-bir sıraya düzülmüşdülər. Rayonun ağır günündə o yaşda əsgərləşmək istəyən digər ağsaqqallar kimi Cabbar əmi də sözsüz çağırışı ilə alayın sıralarının genişlənməsinin cəfakeşi oldu...

Şəxsiyyətində ziyalılığı xarakterizə edən humanistlik, sədaqət, fədakarlıq, sadəlik, təvazökarlıq, düzlük, təmkinlilik, xeyirxahlıq, tələbkarlıq. ... kimi xarakterlər onun əxlaqi kamilliyinin işığı idi. Bu işıq bəşəri işıq idi və bu bəşəri işıq min illərin azalmayan-sozalmayan işığının zərrəsiydi...

 

 





19.10.2022    çap et  çap et