525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Avropada, xüsusən Florensiyada humanist şair Petrarka (1304-1374-cü illər) çox vaxt italyan Renessansı humanizminin atası adlanır. Petrarka özünün hüquqşünas olması barədəki atasının arzusuna əks çıxaraq, əvəzində ədəbiyyat karyerasını seçdi. Bir müddət o, Avinyonda yaşasa da, ömrünün axırıncı onilliklərini İtaliyada keçirdi və müxtəlif hökmdarların və şəhər hökumətlərinin qonağı oldu. Petrarka bir dəfə bunu belə etiraf etmişdi: "Bizim dövrün ən böyük kralları məni sevirdilər və mənimlə dostluqdan faydalanırdılar. Mən onların qonağı olanda, bu daha çox ona bənzəyirdi ki, onlar mənim qonaqlarımdır".

O, XIV əsrdə Renessans humanizminin sürətli inkişafı üçün çox iş görmüşdü. O, ilk intellektuallardan idi ki, Orta əsrləri qaranlıq dövr kimi qiymətləndirmişdi, çünki Orta əsrlər inamı klassik antik incilərinə məhəl qoymamışdı. Petrarka klassik latın dilindən istifadə edirdi və nəsr sahəsində Siserondan model kimi istifadə etməyin humanistlər üçün aludəçilik obyekti olduğunu göstərirdi, poeziyada isə Vergilini model hesab edirdi. Petrarka demişdi: "Xrist mənim Allahımdır, Siseron isə dilin hökmdarıdır".

Florensiyada humanizm hərəkatı XV əsrin əvvəllərində yeni istiqamət götürdü. Bunlar humanizm Florensiyasının vətəndaş ruhuna və məğrurluğuna yaxından bağlı olmuşdu və dövrün müasir alimləri meydana gəlmişdi. Florensiyanın məşğul olan vətəndaş dünyasında ancaq intellektuallar öz rollarına yeni nöqteyi-nəzərdən baxmağa başladılar.

Humanist Leonardo Bruni (1370-1444-cü illər) modelə çevrildi, həm də Florensiya vətənpərvəri olmaqla o, şəhərin kansleri kimi Siseronun tərcümeyi-halını yazdı və onu "Yeni Siseron" adlandırdı.

Rəssamlıq Renessansı isə təkamülün ən qiymətli məhsulu idi. Leonardo da Vinçi İtalyan Renessansının böyük rəssamlarından biri olmaqla, nə vaxtsa demişdi: "O vaxtdan ki, rəssam kiçik ləyaqətə malik olan tablolar istehsal etməyə başladı, əgər o, təbii obyektlərdən öyrənsəydi, hökmən yaxşı bar verəcəkdi".

Erkən Renessansda rəssamlıq elə bil ki, bir kəşf xarakteri daşıyırdı. Leonardo və digər italyanlar Cottonun XIV əsrdə həyata keçirdiklərini davam etdirirdilər, çünki o, təbiəti təqlid etməyə başlamışdı.

Yeni Renessans üslubu XV əsrdə başqa bir Florensiya rəssamının yaradıcılığına hopdu və şəklini dəyişdi. Biri rəsmin matematiki tərəfini vurğulayırdı, perspektiv qanunlarından, həndəsi fiqurların və perspektivin köməyi ilə mənanın və işığın əldə edilməsi əsasında işləyirdi.

XV əsrin son dekadaları ərzində Florensiyada icadın yeni düşüncəsi, Möhtəşəm Lorentsonun sarayının bir hissəsi kimi formalaşan rəssamlardan və alimlərdən bir xüsusi dairə meydana gəldi.

Onun ən görkəmli üzvlərindən biri Sandro Bottiçelli (1445-1510-cu illər) idi. Yunan və Roma mifologiyasına marağı, onun ən məşhur əsərlərindən biri olan "Primavera" - "Bahar" tablosunda ifadə olunmuşdu. Mənzərə Veneranın bağının təsviridir, bu bağda isə, əslində, əbədi bahar hökm sürür. Baxmayaraq ki, Bottiçellinin təsvir etdiyi fiqurlar bir-birindən yaxşı qaydada fərqlənirlər, onlar həmçinin, başqa dünya keyfiyyətlərinə malik idi. Bu da Erkən Renessansın tablolarını xarakterizə edən realizmdən çox uzaqlaşdırılmışdı.

Florensiya rəssamlarının inqilabi nailiyyətləri XV əsrdə bərabər qaydada heykəltəraşlıqda və arxitekturada da irəlilədi. Donato di Donatello (1386-1466-cı illər) vaxtını Romada antik dövrün heykəllərini öyrənməkdə və kopiyalarını çıxarmaqda keçirdi. Onun Florensiyada yaratdığı əsəri, daha çox seyr etdiklərinin mahiyyətini necə ustalıqla ifadə olunduğunu göstərirdi. Onun çox sayda işləri içərisində "David" heykəli xüsusilə seçilirdi, bu heykəl, ilk həyati ölçüdə olan əsər idi. Avropa incəsənətində antik dövrdən sonra ilk dəfə olaraq bürüncdə əks olunan belə cılız obraz seçilmişdi, nəhəng Qonnafın heybətli başı Davidin ayaqları altında idi, Donatellonun heykəli 1428-ci ildə Florensiyanın milanlılar üzərində çaldığı zəfərdəki qəhrəmanlığını əks etdirirdi. Onun  yaratdığı digər heykəllər kimi "David" həmçinin saflıq və bir güc işığı yayırdı. Bu isə humanizmin ləyaqətini ifadə edirdi.

Görkəmli arxitektor Filippo Bruneleski (1377-1446-cı illər) yaratdığı yeni arxitektura üslubunun bir şəhadəti kimi San Lorantso kilsəsinin nümunəsini  hesab etmək olar. Mediçilər ona kilsənin layihəsini sifariş verdikdə, Bruneleski Roman modellərindən ilhamlanaraq, kilsənin daxilini böyük Orta əsr kilsələrindən çox fərqli yaratmışdı. San Lorentso kilsəsinin binasında sütunlar tağları əhatə edirdi.

Rəssamlar və heykəltəraşlar kimi Renessans arxitektoraları da insanın mərkəzində olduğu dünyanı təsvir etməyi axtarırdılar. Onun tikdiyi Duomo kilsəsinin qübbəsinin inşası 1417-ci ildə başlamaqla, üç əl ərzində başa çatmışdı. Qübbə Roman yarımdairəsi şəklində olmaqla, onun mərkəzi xeyli böyüdülmüşdü.

Yüksək Renessansda üç rəngkarlıq nəhənginin əsərləri dominantlıq edirdi. Bunlar Leonardo da Vinçi (1452-1519-cu illər), Rafael (1483-1520-ci illər) və Mikelancelo (1475-1564-cü illər) idi. Leonardo fiqurları dəyişməklə, onları Yüksək Renessansda gedən yeni prinsiplərdə təsvir edirdi. O, hər şeyə agah olmaqla, hətta insan bədənlərini yarmaqla, təbiətin necə işlədiyini öyrənmək yolu ilə XV əsrdə eksperimental ənənə yaratmışdı. Lakin Leonardo belə realizmdən uzağa getməklə irəliləmək ehtiyacından əziyyət çəkirdi və təbiətin ideallaşdırılması və ya realistik portretdən ideal formalara keçmək sahəsində Yüksək Renessans ənənəsinin təşəbbüsçüsünə çevrildi. Leonardonun "Axırıncı şam yeməyi" tablosu Milanda yaradılmışdı, XV əsrin parlaq rəngkarlıq nümunələrindən biri idi. Burada məkan üç ölçülü olmaqla, onu təşkil edən fiqurlar perspektiv nəzərə alınmaqla təsvir edilmişdir. Filippin fiqurası ideallaşdırılmışdı və əsər dərin psixoloji ölçünü təcəssüm etdirir. İisusun "Sizin biriniz məni satacaqdır" sözləri birbaşa apostolların hər birinin şəxsiyyətini və İisusa münasibətini açıb göstərir. Jestlər və hərəkət vasitəsilə Leonardo həm də fərdin daxili həyatını açıb göstərməyə ümid edirdi.

Rafael hələ erkən yaşlarında bir rəssam kimi tam çiçəklənmişdi. Artıq 25 yaşında İtaliyanın ən yaxşı rəssamlarından biri hesab olunurdu. Rafael özünün çox sayda olan madonnalarına görə xüsusən təriflənirdi, onlarda o, insan standartlarını ötüb keçən ideal gözəlliyə çatmağa cəhd göstərirdi. O, Vatikan sarayındakı freskalarına görə də məşhurlaşmışdı, onun "Afina məktəbi" əsəri tarazlılıq, harmoniya və qayda dünyasını açıb göstərir, bunlar isə Yunanıstan və Roma klassik dünyası rəssamlarının bünövrə prinsipləri idi.

Mikelancelo zirvələrə nail olmuş rəssam, heykəltəraş və arxitektor idi, Yüksək Renessansın başqa bir nəhəngi sayılırdı. Öz arzusuna uyğun olaraq o, daim nəsə yaratmağa çalışırdı, böyük ehtiras və enerji ilə çox sayda gözəl layihələr üzərində işləyirdi.

Mikelanceloya neoplatonizm də təsir göstərmişdi, bunun şəhadətini xüsusilə Romadakı Sikst kapellasının tavanına onun çəkdiyi fiqurlarda görmək mümkündür. 1508-ci ildə papa II Yuli Mikelancelonu Romaya çağırdı və ona kapellanın tavanının bəzəməyi sifariş verdi. Bu nəhəng layihə 1512-ci ilə qədər başa çatmamışdı. Freska nəhəng istedadın ifadəsi olmaqla yanaşı, Mikelancelodan ağır zəhmət çəkməyi tələb edirdi. Dörd ildən çox bir müddətdə o, nərdivanların üzərində qurulmuş taxtanın üstündə üzü tavana tərəf uzanıqlı olmaqla sehrli fırçası ilə işləyirdi, qaranlıq mane olduqda şlyapasının dövrəsinin qabaq tərəfinə yanan şamları birləşdirib, üzüyuxarı uzanıqlı şəkildə uzun müddət əsər üzərində yorulmadan çalışırdı. Onun yaradıcılıq əzablarına başqalarının dözə bilmədiyi fiziki əzablar da əlavə olunurdu. Lakin bu cəfakeş  insan yarım minillikdən sonra da bütün bəşər övladlarını heyran qoymaqda davam edən şedevrlər yaratmışdı. Onun istedadının qığılcımından və ağır zəhmətindən yaranan əsərlər, bu gün də Vatikan muzeyinə gələnləri ecazkar sənət nümunələri ilə heyran edir. Elə bil ki, Adəmi əlinin toxunması ilə insanı yaradan Allah, Mikelancelonun özünə də ilham yolu göstərmiş və rəssam bu yolun bütün əzablarına dözməklə, özünün də az qala qədim mifologiyalarda təsvir olunan, mələklərin yerdə yaşayan qadınlarla yaxınlığından yaranan yarımallahlara - qəhrəmanlara bənzər bir məxluq kimi, həm də baş mələyin adını daşımaqla belə sehrli tablolar yaratmağa qadir etmişdi.

Mikelancelo Bibliyanın "Başlanğıc" kitabındakı insanın günaha batması əhvalatını rənglərin dili ilə, doqquz səhnəni təsvir etməklə danışmağa cəhd etdi. Onun "Adəmin yaranması" freskasında ilahi bir enerji timsalının ötürülməsini gözləyən Adəmin yarım proporsiyalaşmış fiqurası, tavanı bəzəyən digər əzələli fiqurlara bənzəməklə, dəqiq proporsiyaları olan insan varlığının ideal tipini açıb göstərir. Yaxşı neoplatonik dəbdə, bu fiqurların cazibədarlığı ilahi gözəlliyin təsviri mənasını verir. Xüsusi gözəl bədən fiqurası isə daha çox Allaha bənzəyən obraza məxsusdur.

Mikelancelonun ideal gözəllik axtarışının digər müjdəçısı onun "David" heykəlidir, iri mərmər parçasında reallaşmış bu nəhəng əsər 1501-ci ildə Florensiya hökuməti tərəfindən sifariş edilmiş və onun yonulması 1504-cü ildə başa çatmışdı. Mikelancelo, qəribə də görünsə, heykəl üçün seçdiyi formanı yonulmamış daşda artıq yerləşdirmişdi. "Mən yalnız izafi olanı kənara atdım, heykəl artıq orada idi". Həmin iri mərmər parçası, onun bir qədər çatlaşmış yeri də var idi, 50 il ərzində istifadə edilməyərək yararsız əşya kimi qalmışdı. Çat olan yerin David obrazına xələl gətirməməsi üçün, sapand tutan sol əlin qalxdığı çiyni o biri çiyindən gödək etməklə, həmin qüsurdan da fiquranın təsvirinin canlı olması üçün istifadə etmişdi. Mərmərdəki qüsur da dahi usta əlində əsərin dəyərinin yüksəlməsinə xidmət etmişdi.

Mikelancelo 14 fut hündürlüyündə olan bir proporsional bədən quruluşu ilə seçilən nəhəng fiqura yaratmışdı. Roma dövründən bu, İtaliyada ən böyük heykəl idi. Qorxudan cəsarətə gələn, ilhamlanan bir qəhrəman kimi təsvir edilən Mikelancelonun "David" əsərində gənc insanın məğrurluğu, bəşər övladının bədəninin gözəlliyi və insan varlıqlarının şərəfi bəyan edilir. Kilsə də heykəli lazımınca qiymətləndirdi, çünki katolik dini özünün birbaşa məqsəd güdən siyasətini davam etdirirdi.

Renessans pontifikləri Papalıq dövlətlərində və İtalyan yarımadasında öz maraqlarını güdürdü, onların xüsusən intriqalardan və qan axıdılmasından istifadə etmələri adamlarda haqlı təəccüb hissləri doğurmaya bilməzdi. Bütün Renessans papaları, xüsusən II Yuli (1503-1513-cü illərdə pontifik olmuşdu) müharibəyə və siyasətə daha çox cəlb olunmuşdu. Qəzəbli "döyüşçü-papa" şəxsən ordunu düşmən üzərinə aparırdı, müharibəyə isə mömin xristianlar nifrət edirdilər, onların nəzərində papa ancaq ruhi lider olmalıdır. Bir ziyalı həmin vaxt yazırdı: "Necə olur ki, ey apostolun otağında oturan yepiskop, sən adamları müharibəyə məxsus olan şeyləri öyrətməyə cəsarət edirsən".

Papalar ailə maraqlarını irəli aparmaq üçün nepotizm təcrübəsindən geniş istifadə edirdilər. Papa IV Sikst (1476-1484-cü illərdə pontifik olmuşdu), misal üçün, öz cavan qohumlarından beşini kardinal etmiş və onlara bol kilsə vəzifələri vermişdi ki, özlərinin maliyyə imkanlarını qursunlar. Nepotizm ifadəsi latın dilindəki "nepos" sözündən götürülmüşdü, "cavan qohum" mənasını verirdi. Papa VI Aleksandr (1492-1503-cü illərdə pontifik olmuşdu) Borcia ailəsindən olmaqla, savaşmağı sevən və hissiyyatlı bir adam idi. O, bir oğlunu, bir gənc qohumunu və məşuqəsinin qardaşını kardinallığa yüksəltmişdi. Ümumiyyətlə, həddi-buluğa çatmamış yeniyetmə oğlanlar məşhur ailələrə məxsusluğu ilə fərqləndiklərinə görə kardinal rütbəsi ilə mükafatlandırıldılar və əslində, papa taxt-tacına iddiaçılara çevrilirdilər.

Yulinin varisi olan X Leo (1513-1521-ci illərdə pontifik olmuşdu) isə Renessans mədəniyyətinin himayəçisi olmaqla yanaşı, cəlb olunduğu siyasətə elə bir əhəmiyyət vermirdi. Bunu Möhtəşəm Lorentso de Mediçinin oğlu kimi ondan gözləmək olardı. O, 8 yaşında arxiyepiskop, 13 yaşında isə kardinal edilmişdi. O, rəssamlıqda, davranış qaydalarında və sonralar həyatda yaxşı zövqə malik olması ilə seçilirdi. Bu xüsusiyyətlərinə görə Florensiya Renessans elitası arasında da fərqlənirdi. O, 37 yaşında papa oldu, bir dəfə Venetsiya səfirinə demişdi: "Qoy biz papalıqdan həzz alaq, nə vaxtdan ki, Allah bunu bizə vermişdir". O, Rafaelə Müqəddəs Pyotr kilsəsini rəsmlərlə bəzəməyi və onun tikintisinin davam etdirilməsini həvalə etmişdi. Onun dövründə Roma Renessansı əsl ədəbiyyat və rəssamlıq mərkəzinə çevrildi.

(Ardı var)

 

 





19.10.2022    çap et  çap et