525.Az

İlham Əliyev və ortaq türk dili məsələləri


 

İlham Əliyev və ortaq türk dili məsələləri<b style="color:red"></b>

Şəmil SADİQOV 

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Yüz ildən çoxdur ki, türk aydınları türk xalqları arasında ortaq dil məsələsini həll etmək üçün səy göstərir, təklif irəli sürür, elmi məqalələr yazır, konfranslar keçirirlər. Görülən işlərə rəğmən, təəssüflər olsun ki, bu problem hələ də qalmaqdadır. Etiraf edək ki, ortaq türkcə məsələsində Azərbaycan Respublikası həmişə daha maraqlı olub, aparıcı rol oynamışdır. Bunun da əsas səbəbi Azərbaycanın geostrateji əhəmiyyətə malik olmasıdır. Uzun müddət Çar Rusiyasının, Sovet imperiyasının işğalı altında olan türk xalqları Türkiyədən uzaq düşmüş, həm dil, həm də mədəniyyət baxımından daha fərqli inkişaf prosesi keçmişdir, amma Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi türk dilləri Oğuz qrupuna daxil olduğu üçün, digər tərəfdən qonşu dövlətlər olduğu üçün bu dil birliyi günü gündən inkişaf edir.  Həmçinin Çar Rusiyasının və Sovet imperiyasının asılılığında olduğumuz zaman Orta Asiya və digər türk xalqları ilə dərin əlaqələrimiz yaranmışdır. Bütün bunlar birmənalı şəkildə onu göstərir ki, Azərbaycan körpüdür və bu birliyin yaradılmasında əsas rol sahibidir. Biz bunu son illərin siyasi proseslərinə  diqqət yetirsək, daha aydın görə bilərik. 
Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət türk xalqları arasındakı münasibətlərin güclənməsini bir daha şərtləndirdi. Düzdür, bu zəfərə qədər türk dövlətləri birlik, ortaq dil məsələsində bir xeyli yol gəlmişdi. Buna misal olaraq Türk Akademiyasının, “Türk KENEŞ”inin yaradılması, ortaq türk ədəbiyyatı, tarixi və coğrafiyası dərsliklərinin hazırlanması və s. kimi hadisələri göstərə bilərik. Lakin bu faza 44 günlük zəfərdən sonra daha da gücləndi, bu möhtəşəm qələbənin ardından Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Orta Asiyadakı türk dövlətlərinə səfərləri, sonradan türk dövlətlərinin müdafiə nazirləri, iqtisadiyyat nazirləri, təhlükəsizlik nazirlərinin birgə görüşləri, ortaq qərarlar alınması bunu bir daha sübut edir. 
Bütün bunların fonunda ortaq türk dili məsələsi bir daha gündəmə gəlir və bunun üçün tədqiqatçıların, alimlərin, institutların əməli və ciddi təkliflər verməsini şərtləndirmiş olur. Artıq əlifba mövzusu çözülməkdədir, çünki əksər türk dövlətləri latın əlifbasından istifadə qərarı alıb. Hələ ki xırda problemlər olsa da, deyə bilərik ki, əsas iş görülüb. Qanı bir, dili bir, ruhu bir türk xalqlarının birinciləri bir araya gələrkən hamımızı düşündürən əsas sual onların öz aralarında hansı dildə danışmaları olur.  Yəqin ki, rus və ya ingiliscə. Düzdür, burada Azərbaycan və Türkiyənin problemi yoxdur, lakin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkəmənistan dövlət başçıları ilə rahat ünsiyyətdə çətinlik yaranır. Qırğız və qazaxların da bir-birini rahat anlaması mümkündür. Türkmənistan da Türkiyə və Azərbaycanla ortaq türkcədə danışa bilir. Amma hamısının bir-birini daha rahat anlaması bu gün üçün mümkün deyil. Ortaq türkcə mövzusunda biz birmənalı olaraq Türkiyə türkcəsinin seçilməsi tərəfindəyik. Sonrakı dövrdə təbii yolla ortaq türkcə yaranacaq. Bunun üçün ilk olaraq digər türk dövlətlərinin Türkiyə türkcəsini ikinci dil səviyyəsində rəsmiləşdirməsi, məktəblərdə tədris edilməsi vacibdir. Bu gün defakto olaraq onsuz da bu proses gedir və xalqlar öz arasında ortaq ünsiyyət dili kimi Türkiyə türkcəsini qəbul etmişdir. Çünki Türkiyə türkcəsinin buna haqqı çatır.  Bu dil hazırda türk xalqları içində ən çox danışılandır. Türkiyə iqtisadi, siyasi, mədəni, hərbi baxımından digər türk dövlətlərindən çox inkişaf edib, dünyada daha çox qəbul edilir. 
Bu məqalədə məqsədimiz ortaq türkcənin təbii yolla yaranacağını sübut etmək üçün Azərbaycan Respublikası Prezidentinin Türkiyə türkcəsinə dərindən hakim olmasını, nitqində ortaq türkcədən rahat şəkildə istifadə etməsini faktlarla göstərməkdir. 
İlham Əliyevin ingilis, rus dillərini yüksək səviyyədə bilməsini hamımız bilirdik, amma türkcəni bu qədər dərindən bildiyini, açığı, bilmirdik. Bəzən bizə elə gəlir ki, söz sonlarına [yor] əlavə etməklə, [ə] səsini [e], [q] səsini [k], [x] səsini [h] kimi tələffüz etməklə türkcə danışırıq. Sözsüz ki, bu türkcəni mükəmməl bilənlərə, mütəxəssislərə aid deyil. Lakin Vətən müharibəsi zamanı Cənab Ali Baş Komandanın Türkiyə mətbuatına verdiyi müsahibələri izlədikcə, bir daha şahid olduq ki, İlham Əliyev nəinki Türkiyə türkcəsini çox yüksək səviyyədə bilir, hətta təfəkküründə, bir növ nitqində ortaq türkcəni formalaşdırmışdır da. 
Vətən müharibəsi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti müxtəlif ölkələrin mətbuatına 4 dildə müsahibələr verdi. Bu müsahibələrin əksəriyyəti canlı idi və İlham Əliyevin danışa-danışa sürətli və müdrik düşünmə qabiliyyətini bir daha sübut etdi. Türkiyə kanallarından gələn müxbirlərin suallarına verilən cavablar məzmunca zəngin idi, həmçinin prezidentimiz azərbaycanca danışmasına baxmayaraq, türkiyə türkcəsindəki kəlmələri ustalıqla elə istifadə edirdi ki, nə Azərbaycan dilinə xələl gəlirdi, nə türkiyəli qardaşlar anlamaqda əziyyət çəkirdi. 
Aşağıda verəcəyimiz nümunələrdən görünür ki, İlahm Əliyev məhz o kəlmələri, ifadələri türkcə işlədir ki, həmin sözlər Türkiyə türkcəsində ya heç yoxdur, ya da çoxdandır ki, istifadə edilmir. Bu həm də çevik zəkanın göstəricisidir. Çünki insan hansı dildə düşünürsə, o dildə daha rahat danışır, amma müsahibələrdəki bu incə məqamlara fikir verdikdə bir daha görürük ki, cənab prezident hər iki dildə çox rahat düşünə bilir. Nitqi, əsasən, Azərbaycan dilində olsa da, bəzi sözlərin qarşılığını Türkiyə türkcəsində istifadə edir. 
Məqaləmizdə üç televiziya kanalına (12 oktyabr 2020, İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibə; 13 oktyabr 2020, İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibə; 16 oktyabr 2020, İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibə) verilən müsahibələrdən bəzi faktları sizlərlə bölüşürük. 

13 oktyabr 2020, İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibə

1.    Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şey. Bu dəfə də bütün cəbhə boyu Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək bir kaç şəhər və köyümüzü işğaldan azad etmişdir. 

2.    Ermənistanın bu xain saldırısının səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər. Üyə olduğu kollektiv güvənlik müqavilə təşkilatını bu münaqişəyə cəlb etmək istəyirlər. 

3.    200-dən çox tank imha edildi, 2 S-300 hava hücumuna qarşı qurğu imha edildi. Tank, 33 tank qənimət kimi götürülmüşdür. 

4.    ...O ki qaldı uluslararası təşkilatların və beynəlxalq ictimaiyyətin buna reaksiyası...

5.    Əziz qardaşım R.T.Ərdoğanın açıqlamaları, digər üstdüzey yetkililərinin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi.

6.    Yəni ilk növbədə bayaq qeyd etdiyim məsələlər çözülməlidir: topraqların boşaldılması, mültəcilərin qaytarılması, ulaşdırma məsələlərinin, sınırların açılması, ondan sonra ticarət. Ondan sonra barış güclərinin gətirilməsi də istisna deyil. 

7.    Mən artıq bir kaç dəfə demişəm ki, Minsk qrupu 92-ci ildə yaradıldı və o zaman hangi əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgəylə ilgilənmirlər. Bu bölgədə onların hər hangi bir çıkarları da yox, təsiri də yox. 

8.    O ki qaldı yabancı insanlara, o da yalandır, o bizə atılan çamurdur, o iftiradır, böhtandır.

9.    İndi basında kim yazırsa, yazsın. O bizi ilgiləndirməz. 

10.    Azərbaycan ərazisində kifayət qədər bizim gəlişmiş savunma sistemimiz var.

“Haber Türk” kanalına verilən bu müsahibədə işarələnmiş sözlərə diqqət edək: Həmin sözlər məhz Azərbaycan türkcəsində ifadə edilsə idi, qarşı tərəf bunu anlamazdı. Digər tərəfdən onu da görürük ki, İlham Əliyev heç bir halda yersiz fonetik uyğunlaşdırmalara nitqində yer ayırmayıb. Çünki eyni dili istifadə edən hər iki xalqın nitqindəki fərqlər “farkdakı” qədərdir və ləhcə əlaməti olaraq sadəcə çox kiçik leksik fərqlərdən ibarətdir. Gəlin işarələnmiş sözlərin Azərbaycan dilindəki qarşılığına diqqət edək. 

 
•    sivillərə – sakinlərə 
•    bir kaç – bir neçə 
•    saldırısının – hücumunun 
•    üyə – üzv 
•    imha edildi – məhv edildi 
•    uluslararası – beynəlxalq
•    üstdüzey yetkililərinin – yüksək  vəzifəlilərin
•    mültəcilərin – qaçqınların
•    ulaşdırma – çatdırma
•    barış güclərinin – sülhməramlıların
•    ilgilənmirlər – maraqlanmırlar
•    çıkarları – xeyirləri
•    yabancı – xarici
•    çamurdur – iftiradır
•    basında – mətbuatda
•    gəlişmiş savunma – inkişaf etmiş müdafiə
 

Gördüyümüz kimi Azərbaycan dilində qarşılığı verilmiş bu sözlər ya türkcədə işlədilmir, ya da tam mənasını ifadə etmir. Bütün cümlə Azərbaycan dilində olduğu halda “bir kaç”, “çamur”, “ilgilənmək” kimi sözlər ustalıqla əlavə edilir. Çünki bu sözləri qarşı tərəf anlamayacaq, bu zaman fikir qırıqlığı yaranacaq. Digər bütün sözlər də eyni formada istifadə edilmişdir. 

12 oktyabr 2020, İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibə
1.    Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb diplomatik müstəvidə olumlu tavır göstərəcək. 
2.    Ancaq malesef biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur, ihlal edilmişdir. 
3.    Dünən hadisə yerində düzənlənən basın açıqlamaları və bu gün oraya gedəcək xarici səfirliklərin nümayəndəlikləri öz gözləri ilə hər şeyi görürlər, görəcəklər.
4.    Burada ilk növbədə Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır, çünki onlar döyüş meydanında kayb edirlər, uduzurlar.
5.    Zatən Xocalı soyqırımını törədənlər məhz bu Gəncə saldırısını törətmişdir.
6.    Dünya basınında onlara daim dəstək veriləcək, dünya erməniliyi, onların havadarları, islamafob dairələr, malesef dünyada kifayət qədər güclü mövqelərə malikdir. 
7.    Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları savunurdular. 
8.    Erməni əsgəri bizim torpağımızdan çıxarsa, bu münaqişə də son bulacaq.
9.    Qalıcı atəşkəsin sağlanması üçün ilk növbədə Ermənistan anlamalıdır ki,...
10.    Bu gün Türkiyə tam bağımsız siyasət aparır və dünya çapında gücə çevrilibdir.
11.    Onu savunmak çok kolay.

 
•    olumlu tavır göstərəcək – müsbət yanaşma  sərgiləyəcək
•    ihlal edilmişdir – pozulmuşdur 
•    düzənlənən basın açıqlamaları – təşkil olunan mətbuat açıqlamaları
•    kayb edirlər - uduzurlar
•    zatən – onsuz da
•    saldırısını - hücumunu
•    dünya basınında – dünya mətbuatında
•    malesef – təəssüf ki
•    son bulacaq – bitəcək
•    sağlanması – təmin olunması
•    bağımsız – müstəqil
•    dünya çapında – dünya üzrə
•    savunmak – müdafiə etmək
•    çok kolay – çox asan
 

Bu müsahibədə də əsas məqamlara diqqət edək. Belə ki, İlham Əliyev yenə səlis Azərbaycan dilində danışır, lakin “uduzurlar” əvəzinə “kayb edirlər” deyir, ardınca da “uduzmaq” kəlməsini işlədir. Bu, həmçinin bir müəllim yanaşmasıdır. Nəzərə alsaq ki, həmin dövrlər çox gərgin idi, əsasən fikrini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün dünya mətbuatı ilə bir növ təkbaşına döyüşürdü, buna baxmayaraq, İlham Əliyev fikrini daha dəqiq, daha düzgün, daha sadə, daha anlaşıqlı ifadə etmək üçün dilin imkanlarından maksimum yararlanırdı.  Çünki “uduzmaq” kəlməsi türkcədə işlənilmir, lakin Azərbaycan xalqının bir qismi “Kayb etmək” kəlməsini də tam başa düşə bilməyə bilərdi.  Və ya “savunmaq” sözünü götürsək, yenə də görərik ki, “müdafiə etmək” türkcədə istifadə edilmir və onun qarşılığı olan “savunmaq”  kəlməsini seçir. Bu qeydləri bütün cümlələrə və fikirlərə aid etmək olar. Yenə də hansısa fonetik dəyişikliyə yol verilmir və fikirlər hər iki xalqın, bir millətin anlayacağı formada danışılır. 

16 oktyabr 2020, İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibə

1.    ...ondan sonra digər bizim şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına ihlal etdilər.

2.    Gürcüstan ərazisindən, bizdə olan məlumata görə, kaçak silah göndərilir. Sivil uçaklarla, eyni zamanda karqo uçaklarla. 

3.    Bu uçağı alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır.

4.    Azad edilmiş topraqları hesablamaq elə də zor məsələ deyil. Dünən mən yeni 6 köyün azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım.

5.    Nərdən bu parayı buldular? Təbii ki, bunlarda bu qədər para yox. Deməli, bunu bedava aldılar.

6.    Bu gün Azərbaycanın sürətli və uğurlu gəlişməsi, inkişafı, uluslarası müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük projelerin gerçekləşməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.

7.    Mənə verilən bilgilərə görə bəzi gəlişmiş ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər.

8.    Bəzi yerlərdə onların dörd savunma xətti var.

9.    Çox mutluyuq ki, qardaş türkiyənin gəlişmiş hərbi sənaye kompleksi, gözəl sihaları, ihaları üretmeye başlamışdır. 

10.    Çünki bilirsiniz, Dağlıq Qarabağ kontrolsüz bir ərazi. Hər hangi bir uluslararası kontrol mexanizması orda yox idi.

 
•    ihlal etdilər – pozdular 
•    kaçak – qaçaq 
•    sivil – mülki  
•    uçaklarla – təyyarələrlə
•    karqo uçaklarla – yük təyyarələri ilə
•    zəngin – varlı 
•    zor – çətin 
•    köyün – kəndin   
•    parayı buldular – pulu tapdılar
•    bədava - pulsuz
•    gəlişməsi – inkişafı 
•    projelerin gerçekləşməsi – layihələrin reallaşması
•    bilgilərə – məlumatlarla 
•    savunma – müdafiə 
•    mutluyuq – xoşbəxtik 
•    gəlişmiş – inkişaf etmiş
•    üretmeye - istehsala
•    kontrolsüz – nəzarətsiz

 

Bu müsahibədə də diqqət edilməli və örnək götürülməli məqamlar çoxdur. Çünki biz qonaqpərvər millət olduğumuzdan daima böyük qardaş sevdamız olduğundan qarşı tərəfi məmnun etmək üçün məhz onun tam anlayacağı formada danışırıq. Ağır olsa da, deyim ki, bu bizim milli özgüvən əskikliyimizdir. Amma cənab prezidentin çıxışlarının heç birində bunu görə bilmirik. Bu özünə güvənən, inanan, liderliyinin fərqində olan cəsarətin hesabınadır. Digər tərəfdən də hər iki dövlətin bir millətinin nümayəndələrinin rahat anlaması üçün verilən dəyər və zəhmətdir. Məsələn, aşağıdakı cümləyə diqqət edəndə görürük ki, cümlədəki bütün sözlər tam səlis, düzgün, rəvan azərbaycancadır, amma son kəlmə türkiyə türkcəsindədir: “...ondan sonra digər bizim şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına ihlal etdilər”. 14 sözdən ibarət olan cümlədə sadəcə son söz “ihlal etdilər” uyğunlaşdırılmışdır. Məhz ona görə ki, bura da “pozdular” kəlməsi olsaydı, qarşı tərəf anlamaqda çətinlik çəkəcəkdi. Amma digər bütün sözlər Türkiyə türkcəsində rahat anlaşılırı.  Və digər cümlədə olan “Çünki bilirsiniz, Dağlıq Qarabağ kontrolsüz bir ərazi. Hər hangi bir uluslararası kontrol mexanizması orda yox idi”. “Kontrolsüz” kəlməsi “nəzarətsiz” kimi deyilsə idi, biz həmin problemin yaşandığının şahidi olacaqdıq. Biz bu dil ustalığını bir başqa məqamda da görürük: “Bu uçağı alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır.”  Bu cümlədə də “təyyarə” sözü “uçaq”la əvəz edilib, amma diqqətimi daha çox çəkən “zəngin” sözüdür. Bu söz dilimizdə var, amma bunun digər qarşılığı olan varlı sözü də var. Bizim türkcədə varlı sözü, zəngin sözünə nisbətdə daha çox işlənir, buna baxmayaraq İlham Əliyev “zəngin” sözünü seçir. Çünki Türkiyə türkcəsində varlı sözü yoxdur.
Bəlkə də bütün bu sadaladıqlarımız, gətirdiyimiz nümunələr usta bir natiq üçün olmalı olanlardır. Bütün müsahibələrində diqqətimizi çəkən bir söz var: Topraq. İlahm Əliyev bütün müsahibələrində torpaq yox, topraq kimi ifadə edir. Mənə görə bu kəlməni məhz o adamlar leksikonunda istifadə edir ki, onun ruhunda bir türk sevgisi, sayğısı var. 

Bu üç müsahibə əsasında apardığımız araşdırma və qeyd etdiyimiz faktlar onu göstərir ki, Azərbaycan prezidenti İlham Əliyev ilk növbədə Azərbaycan dilinə böyük hörmət bəsləyir, onu bir dilçi qədər yaxşı bilir, “iki dövlət və bir millət” prinsipini qoruyur və nitqində əməli şəkildə buna dəstək verir, 300 ildən sonra ilk dəfə atalarımızın cəsarətini öz iradəsi ilə sübut edir, milli kimliyimizi, gücümüzü ortaya qoyur, Türkiyə ilə qardaşlığımızı heç zaman unutmur, hakim olduğu hər iki türkcəni doğru, düzgün, elmi əsaslarla istifadə edir, intellektual ziyalı kimi qarşı tərəfə qonaqpərvərliyini açıq aydın və səmimi şəkildə ifadə edir, Türk Dövlətləri Birliyinin gerçəkləşməsi naminə cəsarətli addımlar atır, öz kimliyinə xələl gətirmədən ortaq türk mədəniyyətinə sahib çıxır. 
    
 

 





19.10.2022    çap et  çap et