525.Az

Zəngilanın azadlığının ikinci ili


 

ZƏNGİLAN ŞƏHƏRİ 24 SAAT ƏRZİNDƏ NECƏ AZAD OLUNDU?

Zəngilanın azadlığının ikinci ili<b style="color:red"></b>

Bu gün Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan etdi.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi.

Zəngilan şəhərinin azad olunması 44 günlük Vətən müharibəsi tarixində ən iti sürətli əməliyyat kimi yadda qaldı. Müzəffər Ordumuz şəhəri 24 saat ərzində işğalçılardan təmizlədi. Ermənistan tərəfi bir gün sonra - oktyabrın 21-də Zəngilanı yenidən ələ keçirmək üçün əks hücuma cəhd etdi. Lakin düşmənin planı iflasa uğradı, hərbçilərimiz hücumun qarşısını mərdliklə aldılar.

Zəngilan şəhərinin azad olunması üçün iti sürətli əməliyyat planı necə hazırlandı? Döyüşlər hansı istiqamətdə başladı və qarşı tərəf müqavimət göstərdimi?

Dövlət Sərhəd Xidmətinin (DSX) təşkil etdiyi mediatur zamanı Zəngilanı işğaldan azad edən qəhrəman sərhədçilərimiz döyüş əməliyyatının detalları barədə danışıblar.

 

"Əməliyyat planını 24 saata yerinə yetirdik"

 

DSX-nın polkovniki, "Vətən Müharibəsi Qəhrəmanı", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilən Zəngilan şəhərinin azad olunmasını Ali Baş Komandana məruzə edən Babək Ələkbərov deyir ki, Arazboyu istiqamətlərdə sərhəd zastavalarının, Dəli dağ yüksəkliyinin, Xudafərin körpüsünün düşməndən təmizlənməsindən sonra həmin istiqamətində hərəkətimiz davam etdi. Zəngilan şəhərinin azad edilməsinə dair böyük bir plan hazırlandı. Bu, 44 günlük müharibəsində ən iti sürətli əməliyyat kimi yadda qaldı və biz plana uyğun olaraq hərəkətə başladıq.

"Vətən Müharibəsi Qəhrəmanı" deyir ki, planı 24 saat ərzində yerinə yetirdik: "Qruplarımız tam hazırlandıqdan sonra Zəngilan şəhərinə doğru istiqamətləndi. Burdakı yüksəkliklərdə qrupları yerləşdirdik. Zəngilanın girişinə yaxınlaşaraq ən yaxın təpələrdə atəş qrupları yerləşdirdik və şəhəri nəzarətdə saxlamağa başladıq. Əvvəldən əldə etdiyimiz məlumata görə, düşmənin 100-ə yaxın heyəti Zəngilan şəhərinin kənarında pusqu quraraq bizi gözləyirdi. Biz buna hazır vəziyyətdə şəhərin küçələrində arama-tarama işlərinə başladıq. Ərazini düşməndən təmizlədikdən sonra oktyabrın 20-də cənab Ali Baş Komandana üçrəngli bayrağımızı sancaraq Zəngilan şəhərinin işğaldan azad edilməsi barədə məruzə edildi".

Polkovnikin sözlərinə görə, Zəngilan azad edildikdən sonra bütün qruplar şəhərin ətrafında yüksəkliklərdə yerləşdirilib: "Demək olar ki, tam təhcizat qruplarımız var idi, ona görə ki, ehtimal edilirdi ki, Qafan-Sünik vilayəti tərəfindən onlara dəstək gələ bilər və belə də oldu. Düşmənin 300 nəfərdən çox heyətlə burda qalanlara dəstək üçün gəlmələrini biz artıq müşahidə altında saxlaya bildik. Bu bizim öncül planımız idi və ona uyğun olaraq əvvəlcədən hazırlaşdıq".

Oktyabrın 21-i səhər tezdən Zəngilan uğrunda demək olar ki, yenidən döyüş başlayır. Düşmən qüvvələri Zəngilan şəhərini geri alamağa cəhd göstərirlər. Lakin peşəkar hərbi qulluqçularımız düşməni yerində məhv etməyi bacardı.

"Düşmən bu döyüşlərdə böyük itki verdi, biz qarşı tərəfdə yüksəklikləri nəzarətdə saxlayırdıq və onların hərəkətlərini izləyə bilirdik. Müşahidə edirdik ki, onlar qrup halında Oxçuçayın qarşı tərəfi istiqamətinə qaçırlar. Beləliklə, hazırlanmış əməliyyat planı ilə Zəngilan şəhər bir gün ərzində düşməndən təmizləndi və düşmənin yeni cəhdinin qarşısı alınaraq, məhv edildi", - Vətən Müharibəsi Qəhrəmanı bildirib.

 

Bir gün sonra düşmənin əks hücum cəhdi

 

DSX-nın kapitan "Azərbaycan Bayrağı" ordeni,  "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına" görə medalları ilə təltif edilən Qurban Qurbanov: "Zəngilan şəhərinin azad edilməsi tapşırığını aldıq. Ətraf yüksəkliklərə bizim qruplar yerləşdirildi. Oxçuçay üzərində yerləşən körpü istehkam cəhətdən yoxlandı və təmiz olduğuna əmin olduqdan sonra həmin yüksəkliklərdə olan atəş dəstək qrupları tərəfindən Zəngilan şəhəri nəzarətdə saxlanıldı. Sonra sızma qrupları içəriyə daxil oldular. Düşmənin içəridə olan canlı qüvvəsi məhv edildikdən sonra Zəngilan şəhərinin işğaldan azad edilməsi barədə cənab Ali Baş Komandana məruzə edildi. Növbəti gün düşmənin canlı qüvvəsinin əks hücum cəhdi oldu, onların içərisində xüsusi təyinatlı adlandırdıqları heyət də var idi. Həmin qüvvə tam şəkildə məhv edildi, sağ qalanları əsir götürüldü. Düşmənin qalan qüvvəsi geri çəkilməyə məcbur oldu. Zəngilan şəhəri və ətraf ərazilər tam şəkildə təmizləndi. Döyüşlərdə şəhidlərimiz oldu, Allah onların hamısına rəhmət eləsin. Vətən müharibəsində Ordumuz bir addım da geri çəkilmədi, bütün istiqamətlərdə ancaq irəlilədik".

 

"Çox qürurluyam ki, torpaqlarımızın azad olunmasında iştirak etmişəm"

 

DSX Çevik Hərəkət Qüvvələri komandanlığının zabiti, "Azərbaycan Bayrağı ordeni, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilən  kapitan Sənan Mirzəliyev: "Hadrut istiqamətində döyüşlərdə iştirak etmişəm. Hadrut işğaldan azad edildikdən sonra Araz boyu istiqamətində Soltanlı kəndində döyüşlərdə iştirak etdik. Xudafərin, Dəli dağ, Zəngilan istiqamətində irəliləyərək şəhəri düşmən işğalından azad etdik. Zəngilana Oxçuçay istiqamətindən daxil olduq. Əvvəlcə çayın ətrafında mövqe tutduq, şəhərin müşahidəsini təşkil etdik. Şəhəri müşahidə edən vaxt düşmənin canlı heyətinin buradan qaçdığını izlədik. Bizim gəldiyimizi hiss edib şəhərdən uzaqlaşmağa başlamışdılar. Bundan sonra aldığımız tapşırıq əsasında sızma əməliyyatı icra etdik. Oktyabrın 19-da şəhərin yoxlanılması, düşməndən təmizlənməsi həyata keçirildi. Oktyabrın 20-də isə Zəngilan şəhərinin azad edilməsi barədə cənab Ali Baş Komandana məruzə edildi".

Sənan Mirzəliyev deyir ki, düşmənin Zəngilan şəhərinə əks hücumu da dəf edildi: "Onların xüsusi təyinatlı qüvvələri Zəngilanın kəndlərinə sızmışdılar və orda mövqelənmişdilər. Biz bu döyüşlərdə şəhidlər verdik, amma düşmən istəyinə nail ola bilmədi. Zəngilanı yenidən ələ keçirə bilmədilər və geri çəkilməyə məcbur oldular. Xeyli sayda da itki verdilər".

Zabitin sözlərinə görə, döyüş zamanı "Harop" tipli pilotsuz uçuş aparatlarından istifadə olunub: "Bildyiniz kimi, bu istiqamətdə olan hərəkətimiz döyüş tarixinə ildırımsürətli hücum planı kimi düşdü. Bizi həmin vaxt təhlükəsiz irəliləməyimiz üçün "Harop", "Quzğun" PUA-ları müşayət edirdilər. Həqiqətən də bu, öz nəticəsini verdi. Təlükəsiz bir şəkildə bu əraziyə qədər gəlib çıxa bildik. İstədiyimizə nail olduq. Torpaqlarımızı işğaldan azad etdik.

Mən çox qürurluyam ki, DSX Çevik Hərəkət Qüvvələrində xidmət edirəm, həm də onun üçün qürurluyam ki, torpaqlarımızın düşməndən azad olunmasında iştirak etmişəm".

 

"Düşmənin dərinliklərinə sızaraq tapşırıqları yerinə yetirdik"

 

Müdafiə Nazirliyinin leytenantı Damət Abbasov isə 44 günlük Vətən Müharibəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Xocavənd rayonlarında döyüş yolu keçib. Bölmə komandiri deyir ki, düşmənin dərinliklərinə sızaraq tapşırıqları yerinə yetirib: "Düşmənin hərbi hissəsinin, texnikalarının, obyektlərinin, canlı qüvvəsinin koordinatlarını ötürmüşük və onlar artileriya atəşi ilə məhv edilib".

D.Abbasov Qubadlı istiqamətində yaralansa da, hospitala getməkdən imtina edib və döyüşə davam edib. Həm gecə, həm də gündüz tapşırıqlarını yerinə yetirib.

Leytenant deyir ki, qrupların tərkibində istehkamçılar olub və onların vasitəsilə istehkamları keçiblər.

"Bütün tapşırıqları uğurla icra etdik. Şəhidlərimiz, yaralılarımız oldu, amma müharibədə şanlı qələbə əldə etdik. Müharibə varsa, döyüş var, şəhid, yaralı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin". 

D.Abbasov "Vətən müharibəsi iştirakçısı", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. 

Artıq ikinci ildir ki, müzəffər Ordumuz Zəngilanı azadlığına qovuşdurub. Ermənistan 30 ilə yaxın işğalda saxladığı digər ərazilərimiz kimi Zəngilanı da vandalizmə, urbisidə məruz qoyub, sərvətlərini tar-mar edib, infrastrukturu sıradan çıxarıb. Rayon ərazisində olan evləri tarixi abidələr tamamilə dağıdıb, ətraf mühütə ciddi ziyan vurub. Eyni zamanda ərazini minalarla çirkləndirib.

Bu gün azad olunmuş digər ərazilərimizdə olduğu kimi Zəngilanda da sürətli bərpa-quruculuq işləri aparılır. Elə Böyük Qayıdış da Zəngilandan - Ağalı kəndindən başlayıb. Rayonda Ağalı kəndində inşa edilən ilk ''Ağıllı kənd''ə artıq sakinlər köçürülüb.

Ərazisi 730 kvadratkilometr olan rayonun əhalisi 45 473 nəfərdir (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, təbiəti, sıldırımlı qayaları, göz oxşayan meşələri var.

Zəngilan rayonu respublikada ərazisindən dörd daimi axarlı çay keçən - Araz, Oxçuçay, Həkəri, Bəsitçay yeganə, unikal bir ərazi vahididir.

Azad olunmuş digər ərazilərimiz kimi Zəngilana da yeni həyatın qayıdacağı uzaqda deyil. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin may ayında Zəngilan rayonunda "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edərkən Prezident deyib ki, Zəngilanı park şəhərinə çevrilməlidir: "Zəngilan şəhərinin Baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsiblər, Oxçuçayı da zəhərləyiblər. Biz təbiəti qorumalıyıq".

 

 





20.10.2022    çap et  çap et