Xidmət sektorundakı əyri-əskiklərlə, neqativ hallarla demək olar ki, hər gün üzləşirik. Hər şey göz önündədir, ictimai nəqliyyatdan marketə, restorandan kafeyə, lap belə bank xidmətlərinə qədər - hər biri ilə gündəlik həyatımızda, az qala, hər gün ünsiyyətdə oluruq və bir çox hallarda qanqaraldıcı situasiyalarla, müştərilərə qarşı kobud rəftarla qarşılaşırıq.
Neqativ hallarla rastlaşanda və bunun səbəbləri barədə düşünəndə ağlımıza ilk növbədə çalışanların öz işinə məsuliyyətsiz yanaşmaları arqumenti gəlir. Ümumiyyətlə, üzərinə düşən işə məsuliyyətsiz münasibət bizim cəmiyyət, xüsusilə də xidmət sektoru üçün uzun illərdən bəri xarakterik xüsusiyyətdir. Belə yanaşma vətəndaşların narazılığı ilə qarşılanır və gərginliyə yol açır. Bu xarakterli problemlərin yaranması isə adətən, həmin fəaliyyət sahəsinə cavabdehlik daşıyan məsul şəxslərin ya öz məsuliyyətlərini anlamamasından, ya da işə qarşı laqeyd və etinadsız yanaşmasından irəli gəlir.
Təsəvvür edin, təmin olunmuş adamdır, onun konkret bu sahədən gələcək gəlirə, əslində, ehtiyacı yoxdur, sadəcə hansısa imkanlı və imtiyazlı himayəçisinin "hədiyyə" etdiyi bu iş yeri baş qatmaq, vaxt keçirmək xatirinə qurulmuş işdir. Yaxud da çalışdığı sektor dövlət sektorudur və ümumi iş yox, öz mənfəəti maraqlandırır deyə müştərilərin münasibəti, ictimai rəy onun üçün heç bir əhəmiyyət daşımır.
Xidmət sahələrində müştərilərə göstərilən xidmətin səviyyəsinin aşağı olmasını şərtləndirən başlıca amillərdən biri də təcrübənin, lazım olan bilik səviyyəsinin aşağı olmasıdır. Bir çox inkişaf etmiş ölkələrdə istər restoran işçiləri, istər mağazada işləmək istəyən satıcı, istərsə də hər hansı müəssisədə çalışacaq xidmətçi, avtobus, taksi sürücüləri, bir sözlə, xidmət sahələrində fəaliyyət göstərmək istəyənlər işə götürülməzdən öncə təlimlərə cəlb olnurlar. Yalnız insanlarla necə davranmalı, necə xidmət göstərməli olduğunu öyrəndikdən sonra onların hər hansı yerdə işləməsinə imkan verilir.
Görünən budur ki, bu sahələrdə fəaliyyət göstərən sahibkarların əksəriyyəti üçün hələlik belə qaydalara riayət etmək maraqlı görünmür. Belə bir vəziyyətdə müvafiq qurumların təşəbbüsü ələ alıb nəzarət mexanizmini gücləndirməsinə, sahibkarların və ya rəhbər işçilərin qarşısında konkret tələblər qoyub bu tələblərin yerinə yetirilməsi prosesini nəzarətdə saxlamalarına ehtiyac var.
Bəlkə də, kənardan baxanda belə hadisələr kimlərəsə adi hal kimi görünə bilər. Amma bir az dərindən düşündükdə görürük ki, kimlərinsə xırda saydıqları bu tipli nöqsanlar paralel olaraq daha böyük problemlərə gətirib çıxarır, ümumən ölkə iqtisadiyyatına ciddi mənfi təsirlər göstərir. Fikirlərimizi birbaşa xidmət sahəsinin vacib sferasından biri olan turizm sektoru üzərində izah etməyə çalışaq.
Deyək ki, başqa xidmət sahələri, məsələn, ictimai nəqliyyat sektorunun fəaliyyətini daha çox yerli əhali müşahidə edir: necə deyərlər, "ev bizim-sirr bizim" məntiqi ilə yanaşanda bu sistemin işindəki qüsurları yalnız bu çətinliklərin adətkarı olmuş öz vətəndaşlarımız görürlər. Amma turizm sektoru, eləcə də otel və mehmanxanalar, restoran və kafelər daha çox əcnəbilərin, ölkəmizə təşrif buyuran, səyahətə gələn xarici ölkə vətəndaşlarının ünsiyyətdə olduqları məkanlardır. Artıq burada "ev bizim-siir bizim" məntiqi gücsüz qalır, zibili palazın altına süpürmək mümkün olmur. Nəticədə ortaya çıxan hər qüsur, hər çatışmazlıq potensial turistlərin səyahət üçün məhz bizim ölkəmizi seçməsinə ciddi tərəddüdlər yaradır. Niyə özümüzü aldadırıq, Bakının ortasında, yaxud da bölgələrdə turistlərə kələk gəlmək, kafe və retoranlarda "bu, ərəbdir, pulu çoxdur" deyib beşqat-onqat artıq hesab oxumaq kimi halları azmı eşitmişik? Sərçəni rəngləyib tutuquşu adına "Tarqovı"da bir ərəbə sırıyan "fərasətli" həmyerlimizlə bağlı hadisəni fəxarətlə trendə çevirdiyimiz nə tez yaddan çıxdı?
Yaxşı, bəs buradan qazanan kimlər oldu? - turistləri aldadıb qəpik-quruş qazanan o "fərasət sahibləri"ndən başqa heç kim. Amma itirən çox oldu? - Azərbaycanın turizm sektoru itirdi, Azərbaycan iqtisadiyyatı itirdi, gözünü bu gəlirlərdən formalaşdırılan büdcəyə dikmiş yüz minlərlə, milyonlarla vətəndaş - həkim, müəllim, pensiyaçı, təqaüdçü itirdi. İndi özünüz fikirləşin, o aldadılan turist öz vətəninə qayıdanda dostuna-tanışına turist kimi Azərbaycana səfər etməyi məsləhət görərmi? Əlbəttə, görməz.
Turizm sektoru Azərbaycan dövlətinin diqqət mərkəzində olan əhəmiyyətli sahədir. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı məsələsinin prioritet təşkil etdiyi, bu istiqamətində məqsədyönlü və ardıcıl addımlar atıldığını da nəzərə alsaq, turizm sahəsinin genişlənməsinin dövlətimiz üçün nə qədər vacib və zəruri olduğu başa düşülər.
Son onilliklərdə Azərbaycan bir sıra müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edib və etməkdədir. Əslində, belə yarışların Azərbaycanda keçirilməsini təşkil edən hökumətin başlıca məqsədlərindən biri də ölkəmizdə turizmin inkişafına imkanlar yaratmaq, xarici turistlərdə Azərbaycana maraq yaratmaqdan ibarətdir. Etiraf edək ki, turistlərin sayı baxımından Azərbaycan Qafqaz ölkəsi olaraq qonşu Gürcüstandan geridə qalır. Həm xidmət səviyyəsinin yüksək olması, həm münasib qiymətlərə görə bu ölkə əcnəbi turistlər üçün daha cəlbedicidir. Buna misal olaraq təkcə Gürcüstanı yox, qardaş Türkiyəni də, başqa ölkələri də misal göstərmək olar. Dövlətin, hökumətin səylərinə baxmayaraq, etiraf edək ki, bizdə bu sarıdan vəziyyət təəssüf ki, ürəkaçan deyil. Bu məsələdə isə yuxarıda sadaladığımız neqativ halların rolu danılmazdır. Ona görə də bu sahənin əsaslı şəkildə dirçəldilməsi üçün, bayaq dediyimiz kimi, əlaqədar qurumların bu xidmət sektoruna ciddi nəzarətinə böyük ehtiyac var.
İki il öncəyə qədər ərazilərimizin 20 faizi düşmən işğalı altında idi, 30 ilə yaxın idi ki, həsrətlə torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdik. Nəhayət, o gün yetişdi və şanlı Azərbaycan Ordusu düşmənləri torpaqlarımızdan qovub bizə Böyük Zəfər bəxş etdi. Bu Zəfər həm də millət olaraq ruhumuza qol-qanad verdi, hər birimiz sabaha daha böyük ümidlərlə baxmağa başladıq. İndi yolumuz bütün sahələrdə tərəqqi yoludur və fərq olaraq insanlarımızın hər birinin öz işinə məsuliyyətli münasibəti bu yolda ən çətin problemləri də asanlaşdırmış olar. Ona görə də özünün şəxsi mənfəət və maraqları naminə yaradılan imkanlarda sui-istifadə edənlərə, öz əməlləri ilə indiyədək qazanılmış uğurları da sıfıra endirənlərə yox, fəaliyyətə başlamaq istədiyi sahəni bilən, işinə tezbazar sərvət qazanmaq üçün vasitə kimi baxmayan peşəkar mütəxəssislərə yol açmaq lazımdır. Qoy o mütəxəssis işə lap sıfırdan başlasın, amma fəaliyyət göstərdiyi sektorda qalıcı olmaq üçün çalışsın, çağdaş metod və prinsiplərə üstünlük versin - o zəhmət hədər getməyəcək, əvvəl-axır mütləq uğir qazanacaq, uğur onun olacaq. Unutmayaq, Azərbaycanın qazandığı Boyük Zəfərə layiq olmağın məsuliyyəti fərd kimi hər birimizin üzərindədir.
Fərid SANÇAR
çap et