525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

 

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor

 

 

 

Mirzə Məhəmməd Katib

 

Həm klassik və həm də aşıq şeiri üslubunda şeirlər yazan istedadlı şair və gözəl xəttat Mirzə Məhəmməd Məşədi Bayram oğlu Katib 1833-cü ildə Şuşanın Çuxur məhləsində anadan olmuş və ilk təhsilini də orada almışdı. Təbiətcə son dərəcə mehriban və səmimi olan şairin çoxlu dostları varmış. Onların sırasında böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə ilə dostluğu xüsusi önəm təşkil edir. Axundzadə Şuşada ezamiyyətdə olarkən Katibin əsərləri ilə tanış olmuş, hətta onu Tiflisdə təşkil edəcəyi "Məclisi-xas"a da dəvət etmişdi. O həmçinin, Katibdən əsərlərini toplayıb nəşr etdirmək üçün ona göndərməsini də xahiş etmişdi. Lakin Katib  tufanlı bir gündə Kür çayını keçən zaman içərisində şeir dəftəri olan xurcunu suya düşüb axdığı üçün Axundzadəyə verdiyi vədi yerinə yetirə bilməmiş və ona bir neçə şeir göndərməklə kifayətlənmişdi. Şair 1888-ci ildə Şuşada vəfat edib.

"Məclisi-fərəmuşan"ın fəal üzvlərindən olan Mirzə Məhəmməd Katibin də   əsərlərinin az bir qismi gəlib bizə çatıb. Şairin əsərləri 2004-cü ildə nəşr olunub (Mirzə Məhəmməd Katib. Şeirlər. B.2004. Tərtib edən və nəşrə hazırlayan Samirə Gəncəli.) Buradakı şeirlər həmin kitabdan götürülüb.

  

Qəzəllər

 

Zülfi-kəcəbru düşübdür mahi-taban üstünə,

Ya ki kafir tiğ çəkmiş əhli-iman üstünə.

 

Könlümü yıxmış sərasər ləşkəri-möhnət hənuz,

Gündə yüz kəz üz qoyar bir böylə viran üstünə.

 

Cismi-zarım əşk seylabında sərgərdan gəzər,

Çün xəsü xaşak düşmüş bəhri-ümman üstünə.

 

Aşiqi bülbül kimi əfqana mötad eylədin,

Üzdə xalın zağ tək düşmüş gülüstan üstünə.

 

Vədəyi-vəsl eyləmiş dilbər,  peşiman olmaya,

Müstəhəqqəm, nola İsa gəlsə, peyman üstünə.

 

Hər tərəfdən zülm qıldın, ey fələk, yetər bəla,

Bunca yağdırdın bu Katibtək pərişan üstünə.

lll

Mahdır bu, ya mələk, ya huri-zibadır, nədir?

Pərtövi-hüsni günəştək aləmaradır, nədir?

 

Zülfdür, ya aşiqi-divanəyə zəncirdir,

Şövqdür bu, ya mənim başımda sevdadır, nədir?

 

Nöqteyi-mövhumdur, ya çeşmeyi-abi-həyat,

Ya dəhəndir mimvəş, ya sirri-ixfadır, nədir?

 

Qəmzədir, ya fitnədir, ya can alan cəlladır,

Ya ki üşşaq əhlinin qətlinə imadır, nədir?

 

Bu necə göz yaşıdır, qərq eyləyibdir aləmi,

Gül üzündən ayrı cuş etmiş bu dəryadır, nədir?

Dindirib lütfiylə eşq əhlini ehya eyləmiş,

Bu, nə xoş məhbubdur, sani Məsihadır, nədir?

 

Şövqi-zülfin, ey pəri, aləmdə rüsva eylədi

Katibi hər kim görər, der kim, bu şeydadır, nədir?

 

Qoşma

 

Sevdiyim, sən məndən üz döndərmisən,

Nə demişəm qəlbin mükəddər olsun.

Şöleyi-ahımdan könül sarayın

Oda yansın, mənə bərabər olsun.

 

Gecə-gündüz sənsən fikrim, xəyalım,

Nə olur bəzmində, səndən kam alım.

İnsafın yox, mürvətin yox, a zalım,

Səbr eləmək məndə nə qədər olsun?

 

Aşiq deyil camalına uymayan,

Nədən doyar didarından doymayan?

Sevdiyim qapına məni qoymayan

Görüm mənim kimi dərbədər olsun.

 

Qurban olum dilinə, dodağına,

Baş əgərəm qaşlarının tağına.

Hansı gecə baxsam tər buxağına,

İstəmərəm o gecə səhər olsun.

 

Katibəm, uymuşam bir bivəfaya,

Ömrümü vermişəm badi-fənaya.

Görən, bu dünyada mən binəvaya

Kim qarqadı yarın sitəmkər olsun.

 

Məmo bəy Məmai

 

Məmo bəy Hacı Əhməd oğlu Məmai təqribən 1842-ci ildə Şuşa şəhərində anadan olmuş, ilk təhsilini də orada almışdı. Güzəranını ticarətlə keçirən Məmai müasirləri arasında istedadlı şair kimi də şöhrət tapmışdı. O, hələ erkən yaşlarında şeirə, sənətə maraq göstərmiş, yaxın qolunun Hacı Abbas Agəhin mənzillərində təşkil edilmiş şeir məclislərində yaxından iştirak etmişdi. Bu mənada Məmo bəy "Məclisi-üns"ün ilk yaradıcılarından biri hesab oluna bilər.

O, Qarabağın fəaliyyət göstərən hər iki məclisin fəal üzvü olub. "Təzkireyi-Nəvvab" avtoqraf nüsxədə şeir verən çox az sənətkarlardan biri də Məmo Bəy Məmaidir. Əsərlərini əsasən klassik üslubda yazan şair peşəsilə əlaqədar olaraq Aşqabad, Səmərqənd, Peterburq, Şimali Qafqaz həmçinin, Türkiyə və İranın bir sıra şəhərlərində olmuş, bu şəhərlərin mütərəqqi ruhlu ziyalıları ilə dostluq əlaqəsi yaratmışdı. Bu tanışlıq və  dostluq əlaqələri şairin dünyagörüşünə ciddi təsir etmişdi. Bunun nəticəsi idi ki, əksər müasirlərindən fərqli olaraq onun şeirlərində İngiltərə və Fransa kimi müstəmləkəçi dövlətlərin Asiya və Afrikanın müxtəlif yerlərində, o cümlədən, Hindistan, Əlcəzair, Marakko kimi ölkələrdə apardıqları işğalçılıq siyasətinə qarşı nifrət hissi öz əksini tapır. Şair məktublarının birində bu səfərlərin yekunu olaraq "Səfərnamə" adlı əsər yazdığını qeyd etsə də, həmin əsər hələlik əldə edilməyib.

Şair 1918-ci ildə, təxminən 76 yaşında vəfat edib. Onun əsərləri 2016-cı ildə nəşr olunub (Məmo bəy Məmai şeirlər. Bakı, Elm və təhsil", 2016). Burada verilən şeir nümunələri həmin nəşrdən götürülüb.

Qəzəllər

 

Çəkmə, ey dil, bu qədər möhnəti-əyyam əbəs,

Olmuş aləmdə yolun təng əbəs, nam əbəs.

 

Olur asudə bu əyyamda gümnam olan,

Sahibi-nam olan kəs olur bədnam əbəs.

 

Əvəz yad edüb sağəri-çeşmim pürxun,

Vermədi saqiyi-dövran bana bir cam əbəs.

 

Əvəzi-şiri-qəza xuni-cigərdən daim,

Almış ağuşə, verir madəri-əyyam əbəs.

 

Görmədim milləti-islamda bir kəs salim,

Verməsün xəlqi özünə nisbəti-islam əbəs.

 

Dami-təzvir edib xirqəvü əmmamə, rida,

Bəsdür, ey şeyx, dəxi qurmaginən dam əbəs.

 

Mərifət kəsb eylə, ilət odi məxluqə, Məmai,

Gəlməyib həzrəti-insanə bu əhkam əbəs.

lll

Hər dəm düşəndə səfhəyi-rüxsarə tellərin,

Yandırdı, ey sənəm, bəni o dəmdə tellərin.

 

Tel-tel açanda həlqeyi-zülfi-muənbəri,

Səd parə qıldı könlümü sədparə tellərin.

 

Ömrüm yetişdi başa, əlim zülfə yetmədi,

Axırda bağladı bəni bir tare tellərin.

 

Ney, tar, zülf rişteyi-canımdurur mənim,

Qılmış cəbinin üzrə onu parə tellərin.

 

Bir dəm kənar olmadı ol məhcəmaldən,

Olmuş hicab arizi-gülnarə tellərin.

 

Salmış kəməndə tir-kaman ilə, oxlayır,

Şəhla gözün, hilal qaşın, qarə tellərin.

 

Etmiş əsirə silsiləyi-zülfi-pürxəmə,

Məcnunsifət çəkib məni bazarə tellərin.

 

Cana, Məmai dərdinə dərman bulunmadı,

Ey kaş, edəydi dərdinə bir çarə tellərin.

 

Qoşma

    

Əmrin qapısına dadə gəlmişəm,

Əzəl məni ol Xudayə bağışla!

Hər günah ki desən, günahkarıyam,

Kərbəlayi-müəllayə bağışla!

 

Biçarə, binəva günahkar canım,

Əgər ki, öldürsən halaldır qanım.

Gəlmişəm qapına, eylə divanım,

Məhəmmədi-Mustafayə bağışla!

 

Bən gəlmişəm ocağına bəndivan,

Bənim sağlığıma heç yoxdur güman,

Saxla dul külfətim, əhlü-əyalım,

Çəkdiyin əmmi Rəsayə bağışla!

 

Gecə-gündüz sənsən fikrü xəyalım,

Sənə qurban mənim bu yazıq canım.

Dolandım başına, eylə qurbanım,

İsmayıla və Minayə bağışla!

 

Allah, görən ağa gəldimi rayə?

Rəhm eylərmi məni-binəvayə?

Canım qurban olsun təkcə şəhlayə,

O Musayə, o İsayə bağışla!

 

Əzəldən var idi mehrü məhəbbət,

Hamısını eyləmişəm bihörmət,

İlləti bu işdən eylə azad,

Yenə xaki-Kərbəlayə bağışla!

 

 





20.10.2022    çap et  çap et